AZ EN RU

Gözlərimizin zəifləməsinə səbəb nədir?

Təəssüf ki, bu gün istifadə etdiyimiz kompüter və smartfonların təsiri nəticəsində görmə ilə bağlı müxtəlif  problemlər yaşayırıq. Belə ki, erkən yaşlardan başlayaraq görmə zəifliyindən əziyyət çəkənlərin sayı xeyli artıb. Buna isə bir çox amillər təsir edir. Mövzu ilə daha ətraflı oftalmoloq həkim Türkanə Səfərovadan öyrənirik.

Müsahibimiz bildirdi ki, günümüzdə aktual mövzu və problemlərdən biri də göz xəstəlikləridir. Belə ki, bu xəstəliyin ciddi nüansı görmə zəifliyidir. Bunlar anadangəlmə də yarana bilir, yaşla bağlı da olur və ya irsən keçir. Belə xəstələrin müraciəti zamanı şikayətlər əsasən  uzağı və yaxını pis görmə ilə bağlı olur. Həkim oftalmoloq qeyd edir ki, miopiya (uzağı pis görmə) daha çox məktəb yaşlarında başlayır. Bunun da əsas səbəbi, oxuma gigiyenasına əməl etməmək, kompüter, planşet və telefondan fasiləsiz istifadə, açıq havada az vaxt keçirməkdir. Eyni zamanda onu da diqqətinizə çatdırım ki, 6 yaşına qədər uşaqlarda anadangəlmə görmə zəifliyi müşahidə edə bilirik. Buna görə də ilk 6 ay 1, 3, 5 yaş aralıqlarda körpələrin göz müayinəsindən keçməsi tövsiyə olunur.

Əgər zəif görmə ilə bağlı hər hansı bir şikayətiniz olarsa, ilk növbədə, göz həkiminə müraciət etməlisiniz. Eynəklər, linzalar mütləq həkim tərəfindən təyin edilməlidir. Əksər hallarda insanlar hər hansı bir mağazadan reseptsiz eynək əldə etmək istəyir ki, bu hal yolverilməzdir. Görmə zəifliyi olan şəxslər mütləq şəkildə resept əsasında optik mağazalara yaxınlaşaraq həkim tövsiyəsi olan eynəyi alıb istifadə etməlidirlər. Əks halda gözdəki problem daha da dərinləşə və bu bir çox ciddi problemlərə gətirib çıxara bilər, deyə həkim bildirdi.

Həkim oftalmoloq qeyd etdi ki, muxtar respublikamızda da görmə ilə bağlı ən çox müraciətlər göz zəifliyi, göz quruluğu və allergiyadır. Muxtar diyarımızın iqlim tipi quru olduğu üçün göz quruluğu və allergiya şikayətləri də çoxdur. Bu zaman gözdə bulanıq görmə şikayəti də ola bilir. Gözlərin sağlamlığını qorumaq üçün düzgün və balanslı qidalanma da mühüm rol oynayır. Belə ki, bir sıra vitaminlərlə zəngin qidaları mütəmadi istehlak etməklə göz xəstəliklərinin inkişaf riskini azaltmaq mümkündür.

Həmçinin görmə zəifliyi yaradan bir digər problem isə xanımların kosmetik məqsədlə istifadə etdikləri rəngli kontakt linzalarıdır. Onların bəzi nüanslarına diqqət etmək lazımdır. Linzalar mütləq optik mağazadan seçilərək, gigiyenasına xüsusi diqqət edilməlidir. Əllər sabunla yuyulmalı, spirtlə silinməlidir. Əgər gözdə qızarıqlıq, ağrı, sulanma şikayətləri varsa linza dərhal çıxarılmalıdır. Eyni zamanda diqqətsizlik nəticəsində yerə düşmüş linza yuyulub təkrar istifadə edilə bilməz! Bir digər tərəfdən taxma kirpiklərin də zərərlərindən danışan həkim bildirdi ki, xanımlar  kirpik  yapışdırmaq üçün istifadə etdikləri bəzi yapışdırıcılarda allerjik maddələr olur ki, bunlar da gözlərdə şişlik, ağrı, qaşıntıya səbəb ola bilir. Hətta bəzən tük follikullarına təsir edərək kirpik tökülməsinə gətirib çıxardır. Çalışaq ki, görməmizdə problem yaradan bu kimi hallara yol verməyək əksər halda dünyanın bütün gözəlliklərindən məhrum olarıq.

Müsahibimizin də sözlərindən o nəticəyə gəlirik ki, göz problemi texnoloji cihazların təsiri ilə daha da ağırlaşır. Gözləri qorumağın ən vacib şərti telefon və kompüter qarşısında az zaman keçirməkdir. Eyni zamanda gözlərə ziyan verən yad maddələrdən az istifadə edilməlidir. Çalışaq ki, dünya nemətlərini və gözəlliklərini görən gözlər işıqlı dünyanın qaranlığında boğulmasın!

Bülbül QULİYEVA

Nəşr edilib : 13.06.2024 16:48