AZ EN RU

Gözlənilməyən təbii fəlakət

    Təbii fəlakət əhalinin normal fəaliyyətinin qəfildən pozulmasına səbəb olan, maddi sərvətləri korlayan və məhv edən müxtəlif təbiət hadisəsidir. Onlar çox vaxt ətraf mühitə mənfi təsir göstərir. Təbii fəlakətlərə zəlzələ, daşqın, torpaq sürüşməsi, qar uçqunu, vulkan püskürməsi, tufan, uçqun, sel və boran aiddir. Təhlükəli hadisələrə bundan başqa, istehsalat qəzaları, meşə yanğınları və yanıqlar da aiddir. Neft, qaz və kimya sənayesi müəssisələrində xüsusilə təhlükəli qəzalar baş verə bilər. Təbii fəlakətlərə yanğınlarla, qəzalarla müxtəlif cür rastlaşmaq olar.

    Təbii fəlakətlər bir-birindən asılı olmayaraq, ancaq bir-biri ilə əlaqəli baş verə bilər. Onlardan biri öz arxasınca digərini cəlb edə bilər. Onlardan bəziləri çox vaxt  insanların düşünülməmiş fəaliyyəti nəticəsində yaranır. Məsələn, meşə və torf yanğınları, dağlıq yerlərdə, tikinti sədlərində, karyerlərin işlənməsində istehsalat partlayışları çox vaxt torpaq sürüşməsinə, qar və buz uçqununa səbəb olur. Təbii fəlakətin yaranma mənbəyindən asılı olmayaraq, ölçüsünə və müxtəlif davamediciliyinə görə xarakterizə etmək olar. Təbii fəlakətlər bir neçə saniyə və dəqiqədən (zəlzələ, qar uçqunu), bir neçə saata qədər (sel), günlərlə (torpaq sürüşməsi) və aylarla (daşqın) davam edə bilər. Təbii fəlakətlərdən ən dəhşətlisi zəlzələdir. Zəlzələ tektonik və vulkanik səbəblərlə nəticələnən, binaların, qurğuların dağıdılmasına gətirib çıxaran yanğın və insan ölümü ilə nəticələnən yer qabığının güclü silkələnməsidir.
    Zəlzələnin əsas xarakteristikası ocağın dərinliyi, torpağın üst qatında enerjinin intensivliyi və maqnitudasıdır. Zəlzələ ocağının dərinliyi, adətən, 10 kilometrdən 30 kilometrə qədər sərhəddə yerləşir və bəzi hallarda o, əhəmiyyətli dərəcədə böyük ola bilər. Maqnituda zəlzələnin ümumi enerjisini xarakterizə edir və episentrdən 10 kilometr kənara seysmoloqram üzrə ölçülən mikronlarda torpaq qatının maksimum amplitudasının loqarifmasını göstərir. Rixter üzrə maqnituda 0-dan 9-a qədər ölçü­lür (ən güclü zəlzələ). Hər vahiddə onun artımı yer qabığında enib-qalxmanı 10 dəfə artan amplitudasını göstərir və zəlzələnin enerjisi 30 dəfə artır. Yerin üst qatında enerjinin intensivliyi balla ölçülür. O, ocağın dərinliyindən, episentrindən  uzaqlıqdan, qruntların geoloji quruluşundan və digər faktorlardan asılıdır. Zəlzələnin enerjisinin intensivliyini ölçmək üçün əksər dövlətlərdə Rixter şkalası üzrə 12 bal qəbul edilib. Zəlzələ böyük maddi ziyan vurur və minlərlə insanın həyatını məhv edir. Zəlzələ, həmçinin digər təbii fəlakətlərə – sunamiyə, torpaq sürüşməsinə, qar uçqununa, selə, daşqına (bəndin uçması səbəbindən), yanğına (neft saxlama yerinin ziyan çəkməsində və qaz borusunun deşilməsində), kommunikasiyanın, enerji, su və kanalizasiya xətlərinin dağılmasına, kimya müəssisələrində qəzalara səbəb ola bilər. Hazırkı dövrdə zəlzələnin və onun nəticələrinin proqnozlaşdırılmasının kifayət qədər ümidverici metodu yoxdur. Ancaq alimlər çox vaxt torpağın quruluşunun xarakterinin ölçülməsi, həmçinin zəlzələdən qabaq canlı orqanizmlərin özlərini qeyri-adi aparması ilə proq­noz verə bilirlər.
    Zəlzələni öncədən xəbər verənlər aşağıdakı hallardır: zəif təkanların sürətinin tez-tez artması; yer qabığının deformasiyası, kosmosdan sputniklə müşahidənin müəyyən edilməsi, lazerin köməyi ilə yerin üst qatının çəkilməsi, zəlzələ ərəfəsində davam edən və sayılan dalğaların yayılma sürətinə münasibəti ölçmə, yarıqlarda qrunt sularının səviyyəsi, canlı heyvanların qeyri-adi hərəkətləri. Məsələn, pişiklər zəlzələdən qabaq kəndi tərk edir, quşlar qəfəsdə zəlzələ olmazdan 10-15 dəqiqə qabaq təlaşla uçmağa başlayırlar. Təkandan qabaq quşlar qeyri-adı səslər çıxarır və sair. Qabaqcadan zəlzələdən müdafiə olunmaq üçün dövlətlərin müxtəlif regionlarda seysmik təhlükəli zonaları olur. Həmin yerlər seysmik rayonlaşdırma adlanır. Seysmik rayonlaşdırma xəritəsində, adətən, Rixter şkalası üzrə 7-8 baldan yuxarı zəlzələnin intensivliyi olan sahələr ayrılır. Seysmik təhlükəli rayonlarda müxtəlif növ müdafiə tədbirləri nəzərdə tutulur. Həmin rayonlarda binaların, qurğuların rekonstruksiyası və tikilməsində norma və qaydalar şərtsiz yerinə yetirilməli, təhlükəli istehsalın fəaliyyəti dayandırılmalıdır. 
    Bəlkə də, təbii hadisələrdən ən qarşısı alınmazı və amansızı zəlzələdir. Zəlzələlər bütün ölkələrdə özündən sonra dağılmış kəndlər, şəhərlər və silinməz izlər buraxmış, bəzilərinin isə tarixini dəyişmişdir. İnsanların bu təbii fəlakət zamanı necə davranılması ilə bağlı vaxtında maarifləndirilməsi, təhlükəsiz yerlərə vaxtında təxliyə olunması ilə çoxsaylı insan tələfatının qarşısının alınması mümkündür. Qardaş Türkiyədə fevralın 6-da baş verən, minlərlə insanın həyatına son qoyan zəlzələ bir daha göstərdi ki, bu cür hadisələrə daim hazır olmalıyıq. Zəlzələ ehtimalı olan hallarda Mülki Müdafiə Qərargahı elan edilməlidir. 
    Lazımi paltarları, sənədləri, ərzaq və su ehtiyatı götürüb küçəyə çıxmaq, qocalara və xəstələrə kömək etmək lazımdır. Mülki Müdafiə qərargahlarının verdiyi xəbərlər diqqətlə dinlənilməli, zəlzələ təhlükəsi barədə ehtimal varsa, əhali əvvəlcədən məlumatlandırılmalıdır. Mənzil və iş yerini tərk etməzdən əvvəl işığı və qazı bağlamaq, sobada odu söndürmək lazımdır. Lazımi əşyaları və sənədləri, ərzaq və dərmanları isə götürmək lazımdır. Binada olarkən zəlzələ baş verdikdə tavanlardan qopub tökülən suvaq parçalarından, armaturdan, həmçinin aşan şkaflardan, rəflərdən insanlar özlərini qorumalıdırlar. Pəncərələrdən, düzəldilən işıq cihazlarından, sobalardan kənara çəkilmək, içəri divarlardakı qapı tağı altında dayanmaq lazımdır. Yeraltı təkanlar səngiyən kimi, dərhal binanı tərk etmək lazımdır. Küçədə olarkən onun mərkəzi hissəsinə açıq meydançalara, tikintisiz yerlərə çıxmaq lazımdır. Bina və qurğulardan, elektrik verilişi xətləri və dayaqlardan uzaqda dayanmaq lazımdır.
    Qəza-xilasetmə işləri – fövqəladə halların nəticələrinin aradan qaldırılması, fövqəladə hallarda zərərçəkmiş insanların xilas edilməsi, onlara tibbi köməyin göstərilməsi, qəzaların lokallaşdırılması və aradan qaldırılması, mümkün ola biləcək itki və zərərlərin həcminin azaldılması növbəti bərpa işləri üçün şəraitin yaradılması məqsədilə həyata keçirilən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsidir.
    Qəza-xilasetmə işlərinin məqsədi – zərərçəkmiş insanların axtarışı, qəza baş vermiş yerlərdən çıxarılması, xilas edilməsi, onlara ilk tibbi və ilk həkim köməyinin göstərilməsi, müalicə müəssisələrinə göndərilməsidir. Müxtəlif təbii fəlakətlərin – zəlzələ, sel, sürüşmə, daşqın və sairlərin nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulan işlər mülki müdafiənin vəzifələrində öz əksini tapmalıdır.
    Beləliklə, mülki müdafiənin qarşısında duran vəzifələr beynəlxalq vəziyyət, ölkə ərazisinin fiziki-coğrafi xüsusiyyətləri və dövlətin iqtisadi imkanları nəzərə alınmaqla müəyyən edilir.
    Belə işlərə xəsarətə uğramış adamların axtarılması, xilas edilməsi, tibbi yardım göstərilməsi, zərərsizləşdirmə, kommunal şəbəkələrdə qəzaları aradan qaldırma və digərləri aiddir. Bunun üçün əvvəlcədən müxtəlif mülki müdafiə dəstələri, komandalar, qruplar, briqadalar, manqalar yaratmaq, onları müvafiq avadanlıqlarla təchiz etmək, xilasetmə işləri aparmaq qaydalarını öyrətmək tələb olunur.
    Son zamanlar qardaş Türkiyədə baş verən zəlzələ bir daha bu təbii fəlakətin törədə biləcəyi faciələri, istənilən təbii fəlakət zamanı insan tələfatının, maddi itkilərin minimuma endirilməsi üçün əvvəlcədən hazırlığın əhəmiyyətini bir daha gündəmə gətirdi. Belə ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Zəlzələ 19 mindən çox insan tələfatı ilə nəticələnib.  Azərbaycanın hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan baş vermiş dəhşətli təbii fəlakətlə əlaqədar qardaş Türkiyənin yanında olması, həmrəylik  nümayiş etdirməsi bu acı faciənin fəsadlarının aradan qaldırılmasına böyük mənəvi dəstək, qardaşlıq sevgisi deməkdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyəyə göndərilən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkə­də baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Nazirliyin son məlumatında bildirilib ki, xilasedicilər zəlzələdən ciddi zərər görmüş Kahramanmaraşda dağıntılar altından 45 nəfəri sağ, 269 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Fevralın 6-dan indiyədək Fövqəladə Hallar Nazirliyinin 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir. Bununla yanaşı, Müdafiə Nazirliyinin 20 nəfərlik hərbi tibbi personalı zəlzələ zonasındadır. İnanırıq ki, qardaş ölkə, dost xalq olaraq Azərbaycan və Türkiyə bundan sonra da sevincli günlərdə olduğu kimi, çətin anlarda da bir-birinin yanında olacaq, öz dəstəyini, qardaşlıq yardımını əsirgəməyəcək. Biz birlikdə güclüyük!

Cavanşir ZEYNALLI
Naxçıvan Dövlət Universitetinin Çağırışaqədərki hazırlıq və

mülki müdafiə kafedrasının baş müəllimi

Nəşr edilib : 10.02.2023 21:37