AZ EN RU

“Gözəl yurdum” adlı sərgi təşkil olub

Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Babək Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 101, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə sərgi açılıb. Sərgilənən əsərlər Babək rayon Vayxır kəndində təşkil olunan plenerdəki təbiət mənzərələrini özündə ehtiva edib. 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva təşkil olunan plener və sərginin məqsədlərindən biri də Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü ilin  “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsindən söz açıb. Qeyd olunub ki, plener-sərgilərin təşkili yurdumuzun təbiət gözəlliklərini rəssamlarımızın gözü ilə fərqli baxışla izləməyə imkan yaradır və plenerlərin hər fəsildə təşkil olunması diqqətə çatdırılıb. Təşkilatçılığa görə Babək Rayon İcra Hakimiyyətinə Rəssamlar Birliyi adından təşəkkür edilib.  

Daha sonra Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova, Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli və digər çıxışçılar plener-sərgi haqqında öz fikirlərini bildiriblər. 

Sonda plenerdə iştirak edən hər bir rəssama Naxçıvan Rəssamlar Birliyinin diplomları təqdim olunub. 

Qeyd edək ki, təbiət mənzərələrindən ibarət sərgidə 12 rəssamın rəsm əsərləri nümayiş olunub.

                                                                 Aidə İBRAHİMOVA

Nəşr edilib : 29.05.2024 22:23