AZ EN RU

Gözəl təbiətli ucqar dağ kəndi müasir görkəmdə

    Ordubadın ucqar yaşayış məntəqələrindən biri də gözəl təbiəti ilə seçilən Kələki kəndidir. Rayonun mərkəzindən 30 kilometr şimal-şərqdə, Ordubad-Unus avtomobil yolunun üstündə, Vənənd çayının sahilində yerləşən bu kəndə başıqarlı, vüqarlı dağları, ucqar dağların köksündə bitən min bir dərdin dərmanı olan kəklikotusu, nanəsi və digər dərman bitkiləri, bağlarında bitən yarpızı, baldırğanı, həmərsini, böyürtkəni, müxtəlif meyvə ağacları daha da gözəllik qatır və insan sağlamlığının qorunmasında mühüm rol oynayır. 

    Kənd ağsaqqalı Cəlal Yusifov deyir ki, bu yaşayış məntəqəsinin çay kənarında yerləşməsi onun qədim insan məskənlərindən biri olduğundan xəbər verir. Tarixi mənbələrdən də aydın olur ki, kənd öz adını bir zamanlar mövcud olan  məbəd xarabalığından almışdır. “Kələki” adı “kələ” (məbəd) və fars dilindəki “kuh” sözünün fonetik variantı olan “ki” (dağ) sözlərindən düzəlib “məbəd dağı” mənasını ifadə edir. Həmçinin kənd ərazisində, Vənənd çayın üzərində yerləşən körpünün XIX əsrin əvvəllərində inşa edildiyi deyilir. İkiaşırımlı körpü möhkəmliyini qoruyub saxlamış, 1998-ci ildə yenidən qurulsa da, dövlətin qayğısı ilə bu il təmir edilmişdir. Bu körpü vasitəsilə Ordubad rayonunun Pəzməri, Unus, Kələki kəndlərinin Dırnıs-Vənənd yolu ilə magistral yola çıxışı təmin olunur. Bu gün kəndimiz dövlətin qayğısı ilə müasir kəndlər sırasına qoşulub. Ötən ay Kələki kəndində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə bir çox sosial obyektlər istifadəyə verildi. Kələki kənd mərkəzi, kənd avtomobil yolu, xidmət mərkəzi yenidən qurulub, kəndimizdə bir sıra abadlıq-quruculuq  işləri həyata keçirilib. Bir sözlə, əhalinin rahatlığı üçün hər cür şərait yaradılıb. Yollara asfalt örtük salınması gediş-gəlişi daha da asanlaşdırıb, elektrik, qaz, su, telefon, mobil rabitə və internet xidməti ilə bağlı bütün məsələlər həllini tapıb.

    Müsahibim qeyd edir ki, kənd sakinləri qonaqpərvər, zəhmətkeşdirlər. Əkinçilik, heyvandarlıq, arıçılıqla məşğul olaraq yaşayışlarını təmin edirlər: – Hər işdə olan birlik, bərabərlik, adət-ənənələrə bağlılıq bizim kənddə də qorunub saxlanılır. Kəndimizdəki gözəl məsciddə dini ibadətlər rahatlıqla yerinə yetirilir, Qurban, Ramazan, Novruz bayramları özünəməxsusluqla qeyd edilir. Bir sözlə, həyata keçirilən tədbirlər kənd sakinlərini ürəkdən sevindirir, onları qurub-yaratmağa ruhlandırır. Kəndimizə göstərdiyi xüsusi diqqət və qayğıya görə dövlətimizə, muxtar respublika rəhbərinə minnətdarlığımızı bildiririk.

    Azərbaycanda elm və təhsilin inkişafı dahi rəhbər, ümummilli lider Heydər Əliyevin  adı ilə bağlıdır. Onun yolunun hər bir sahədə uğurla davam etdirilməsinin nəticəsidir ki, muxtar respublikamızda gedən təhsil quruculuğu işləri ucqar dağ kəndlərini, eləcə də Kələkini də əhatə edib. 

    25 ildir, pedaqoji fəaliyyətlə məşğul olan Kələki kənd tam orta məktəbinin direktoru Vəsilə Xəlilova ilə həmsöhbət olduq. Onun dediklərindən: – 2003-cü ilə qədər məktəbimiz 9 illik təhsil səviyyəsi üzrə fəaliyyət göstərirdi, X, XI sinif şagirdlərimiz qonşu kəndlərin məktəblərinə gedir, təhsillərini orada davam etdirirdilər. 2003-cü ildə dövlətin qayğısı ilə məktəbimiz üçün yeni bina tikildi. Bundan sonra məktəbimiz 11 illik məktəb oldu. Qeyd edim ki, Ordubad rayonunda ilk yeni tipli məktəb binası məhz Kələki və Dırnıs kəndlərində istifadəyə verilib.  Bu illər ərzində yaradılan şəraitdən istifadə edərək məktəbimizin müəllimləri ilə birgə var gücümüzlə çalışdıq, şagirdlərimiz qəbul imtahanlarında yüksək balla ali təhsil ocaqlarına qəbul olundular, olimpiadalarda uğurlu nəticələrimiz oldu, onlar respublika üzrə qalib yerləri tutdular. Ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdiyimiz uğurlu nəticələrə görə Kələki kənd tam orta məktəbinə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən diplom təqdim edildi. Hazırda məzunlarımızdan tibb, jurnalistika üzrə, məhkəmədə və başqa dövlət orqanlarında işləyən, müəllim kimi bizimlə birgə çiyin-çiyinə çalışanlar vardır.  Vəsilə müəllim bildirir ki, dövlətimizin təhsilə göstərdiyi yüksək qayğı nəticəsində məktəbimiz müasir məktəblər sırasına daxil olub. İkimərtəbəli məktəbdə kimya-biologiya və fizika laboratoriyaları, şahmat sinfi, kompüter otağı, zəngin kitabxana,  hərbi kabinə, STEAM kabinəsi yaradılıb. Məktəbdə internetə çıxışı olan 13 kompüter və 3 elektron lövhə quraşdırılıb ki, şagirdlər istənilən dərsin izahını və videogörüntülərini, texniki vasitələrin işləmə prinsiplərini izləyə, eləcə də virtual dərslər vasitəsilə materialları daha yaxşı mənimsəyə bilirlər. Kimya-biologiya və fizika laboratoriyalarında quraşdırılan cihaz və avadanlıqlar vasitəsilə şagirdlərin praktik əsaslarla bilikləri möhkəmlənir. Hərbi kabinə şagirdlərin vətənpərvər ruhda böyüməsində əhəmiyyətli rol oynayır. Binanın həyətində bufet və qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, yaşıllıq salınıb. Hazırda şagirdlərin təlim-tərbiyəsi ilə 17 müəllim məşğul olur. Bundan sonra da müəllim kollektivimizlə birgə şagirdlərimizin yüksək səviyyədə təhsil alması, onların bilik, bacarıq və vərdişlərinin möhkəmləndirilməsi, vətənpərvər ruhda böyüməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.  

    Məktəbin texnologiya müəllimi Nuranə Abdullayeva 2020-ci ildən Kələki kənd tam orta məktəbində fəaliyyət göstərir. O deyir ki, yeni məktəbdə yaradılan şərait bütün müəllimləri sevindirir, şagirdləri oxumağa daha da həvəsləndirir: –  Məktəbdə yeni STEAM kabinəsi yaradılıb ki, bu kabinədə 1 elektron lövhə, 2 kompüter quraşdırılıb. Kabinə 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilib. Şagirdlər burada rahatlıqla  müxtəlif layihələr hazırlayıb təqdim edirlər. İnanırıq ki, şagirdlərimizin bu sahədə fəaliyyəti uğurlu olacaq və onlar müxtəlif bacarıqları mənimsəməklə gələcəkdə dövlətimizə, xalqımıza fayda verəcəklər.  

    Kələki kənd filial kitabxanasının müdiri Nuray Quluzadə ilə söhbətimiz zamanı qeyd etdi ki, kitabxanada 7142 kitab vardır  ki, onlardan 1352-si latın, 5790-ı kiril əlifbası ilə yazılmış kitablardır: – Kənd mərkəzində bizim üçün hərtərəfli şərait yaradılıb. Kəndin uşaqları, gəncləri burada oxu zalından istifadə edə və orada maraqlandıqları ədəbiyyatı oxuya bilirlər. Oxucularımız daha çox bədii ədəbiyyata üstünlük verirlər. Kitabxanada “Oxunması zəruri olan kitablar”dan ibarət guşə yaradılıb ki, bu da 33 nüsxədə 34 kitab təşkil edir. Burada kitab oxumağa həvəsləndirən maarifləndirici tədbirlər təşkil edirik və bu davamlı olacaq. Kitab oxumaq insana bir çox müsbət xüsusiyyətlər qazandırır. Ən əsası həyatı yaxşı dərk etmək, özünü kamilləşdirmək üçün kitabların faydaları əvəzsizdir.

    Kələki kəndində müasir tələblərə cavab verən feldşer-mama məntəqəsi də yaradılıb. Burada 40 ilə yaxındır ki, tibbi fəaliyyətlə məşğul olan, kənd camaatının sağlamlığının daim qayğısına qalan feldşer-mama məntəqəsinin müdiri Fəranə Məmmədova  dedi: – Kəndimizdəki məntəqə müasir şəraitə uyğun qurulub və tibbi avadanlıqlarla təchiz olunub. Həmçinin burada sakinlər üçün ilkin tibbi yardım göstərir, peyvəndləmə prosesini keçiririk, zərurət yarandıqda digər tibbi xidmətlər göstəririk. Bütün bunlar insanların sağlam yaşamasına kömək edir.
    Kənddə əhalinin ehtiyaclarını rahat şəkildə ödəyə bilmələri üçün xidmət mərkəzi istifadəyə verilib.  Mərkəzdə qadın gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, 2 anbar yerləşir. Burada xidmət sahələrinin fəaliyyəti üçün əlverişli şərait yaradılıb, sakinlərin məşğulluğu təmin edilib, 6 nəfər işlə təmin olunub. Burada olarkən təsərrüfat malları mağazasında çalışan və uzun illərdir, dərziliklə məşğul olan Gülmirə Abbasova ilə həmsöhbət olduq. Onun dediklərindən: – 30 ildən çoxdur, dərzilik fəaliyyəti ilə məşğulam. Orta məktəbi bitirəndən daim bu sahədə işləmişəm. Xüsusi tikiş məharəti tələb edən bu sahə ilə məşğul olmaqla dolanışığımızı təmin edə bilirik. Sifarişlə geyimlər tikir, yorğanlar, döşəklər hazırlayıram. Dərzilik artıq məndə  vərdiş halını alıb. Bu işin sirlərindən danışan müsahibim bildirdi ki, dərziliklə məşğul olmaq üçün əvvəlcə bu sənəti sevməlisən, həmçinin həvəs olmalıdır. İynələrlə, saplarla işləmək səbir, diqqət tələb edir. Əgər bu xüsusiyyətlərə maliksənsə, sənə əmanət edilən parçadan sifarişçinin zövqünə uyğun yaxşı məhsul çıxara biləcəksən. Peşənin kamil bilicisisənsə, bu işdən kifayət qədər yaxşı qazanc əldə etmək mümkündür. Mən bundan sonra da fəaliyyətimlə insanlara xidmət edəcəyəm. “Məşğulluğumuzun təmin olunması üçün yaradılan hərtərəfli şəraitə görə dövlətimizə minnətdarıq”, – deyə müsahibim əlavə etdi.
   Müasir görkəmdə olan Kələki kəndindən müsbət təəssüratlarla ayrılırıq. İnsanların rahat yaşayışına hesablanan bu şəraitin qarşısında isə bu gözəl kəndin sakinlərinə ancaq qurulanları, yaradılanları qorumaq, onlardan səmərəli istifadə etmək, ölkəmizin inkişafına töhfə  vermək qalır.

 Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 06.12.2022 19:38