AZ EN RU

“Göz dəyməsin bu məktəbə”

Naxçıvan dünən 

    Respublikanın əvvəlki rəhbərləri məktəblərin kompüterləşdirilməsi barədə ağızdolusu danışanda onların yerinə mən xəcalət çəkirdim. Soruşa bilərsiniz ki, niyə, nəyə görə, məgər kompüterləşmə pisdir? Xeyr, heç kəs onun əleyhinə ola bilməz. İnkişaf etmiş xarici ölkə­lərdə də bu sistem geniş yayılıb. Deyə bilərsiniz ki, bəs onda xəcalətli olmağınızın səbəbi nədir? Əgər yolunuz Babək rayonundakı Məzrə kəndindəki səkkizillik məktəbə düşsə, onda şahid olarsınız ki, bu və bunun kimi təhsil ocaqlarında kompüterləşmədən danışmaq ağlasığmaz bir işdir. 
    Soruşa bilərsiniz ki, yəqin, məktəbin pedaqoji kollektivi pis işləyir? Xeyr, belə deyil. İnsaf naminə deyək ki, müəllimlər zəhmətkeş balalarının təlim-tərbiyəsinə qayğı ilə yanaşırlar. 
    Yaxşı olar ki, məktəbin dərs hissə müdiri Hicran Muradovun və pioner baş dəstə rəhbəri Zülfəli İsmayılovun giley-güzarını, iradlarını dinləyək. 
    Hicran Muradovun dediklərindən: – Adam xəcalət çəkir ki, sinfə girsin. Şagirdlərin gözlərinə dik baxa bilmirik. Belə şəraitdə hansı təlim-tərbiyədən söhbət gedə bilər? 
    Zülfəli İsmayılov da həmkarının sözlərini təsdiqlədi. Dedi ki, bir dəfə şagirdlərin biri dedi ki, bəzi rəhbərlərimiz məktəblərin kompüterləşməsindən danışırlar. Amma bizim oturmağa stulumuz da yoxdur. Məktəbimiz də ki, elə bil “Nuh əyyamından qalıb”.
    Tər məni basdı, deməyə söz tapa bilmədim. Düz sözə nə deyəsən? 
    Bəli, həqiqətən də, adamın dili gəlmir ki, buraya məktəb binası desin. Direktor Əbülfəz Həsənov dedi ki, yaxşı olar ki, siniflərə baxasınız. Onda görərsiniz ki, biz hansı şəraitdə işləyirik. 
    Sinif otaqlarına baxdıqca adamın ürəyi ağrıyır. Adam təsəvvür edə bilmir ki, burada necə təhsil almaq olar. Qapı-pəncərələr sınıq-salxaqdır. Külək əsəndə sinifdə “yer vurur, yelləncək oynayır”, üstəlik siniflər çox darısqaldır. Özü də bir-birinin içində, xüsusilə qış aylarında uşaqların qırışığı açılmır. Xəstələnməmək üçün şagirdlər isti paltarlarını çıxarmadan sinifdə otururlar. Kömür peçi yansa da, qapı-pəncərələri yararsız olan sinif otaqlarını qızdırmır. Baxanda adam xəcalət çəkir.
    Düşünürsən ki, görəsən, rayon xalq təhsili şöbəsinin rəhbərlərinin bu məktəbə yolları düşmür? Əgər düşsə belə, belə vəziyyətlə necə razılaşırlar? Adamların taleyinə belə laqeydlik olar?
    Əbülfəz Həsənov üzünü bizə tutub dedi: – Divarlara baxın, çatlayıb. Belə siniflərdə dərs keçməyin özü qorxuludur.
    Direktor haqlı idi. Divarlar bir neçə yerdən çat atmışdı.
    Binaların üstü də bərbad vəziyyətdədir. Siniflərin yeri çala-çuxurdur. Hər tərəf torpaq olduğundan tənəffüs zamanı toz aləmi bürüyür. 
    “Şagirdlər tənəffüsə çıxanda utanırıq deyək ki, yavaş yeriyin”, – deyə dərs hissə müdiri dilləndi: – Tutaq ki, yuxarı sinif şagirdlərinə dedik ki, siniflərdə asta gəzin, toz olmasın. Bəs kiçikyaşlıları necə başa salaq? Bir sözlə, dözülməz şəraitdə işləyirik. Siniflərdə elektrik xətləri nasazdır, hətta bəzi yerlərdə xətlərin üstü açıqdır, axı uşaq olan yerdə belə hallara yol vermək olmaz. Nəinki siniflərdə, hətta müəllimlər otağında da bunun şahidi olduq. 
    ...Bəli, məktəbin müəllimləri çox giley-güzar etdilər. Hamısı da haqlı idi. İndi bizi bir məsələ maraqlandırır. Düşünürük ki, görəsən, muxtar respublika Xalq Təhsili Nazir­liyinin və rayon Xalq Təhsili Şöbəsinin rəhbərlərinin məktəbdəki acınacaqlı vəziyyətdən xəbərləri varmı? Bax bu suallarla onlardan cavab gözləyirik. Bir də deyirik ki, “göz dəyməsin bu məktəbə...”

Ə. Dünyamalıyev
“Şərq qapısı” qəzeti, 21 dekabr 1990-cı il

 

Göz dəyməsin məktəblərimizə

Naxçıvanda aparılan təhsil quruculuğu uğurlu təhsil siyasətinin əsasını təşkil edir

və bu gün

    Yeni tədris ili ərəfəsində qəzetimizin arxivindən belə bir yazının rastıma çıxması məni təəccübləndirdi. 32 il öncə qəzetdə çalışan əməkdaşların belə canıyananlıqla məqalə qələmə almasına isə o qədər də təəccüblənmədim. Çünki az-çox mən də o dövrün şahidi olmuşam. Doğrudur, o zamanları soyuq sinif otağında köhnə parta arxasında oturub hər şeyə rəğmən oxumağa çalışan bir şagird kimi xatırlasam da, reallıq elə qəzetimizin bu köhnə səhifəsində qeyd olunduğu kimi idi. Qışda soyuq, yayda isti və toz-torpaqla əlləşə-əlləşə oxumağa çalışırdıq. Ən azından ona görə ki, bu qədər çətinliklər içində zəhmətə qatlaşan müəllimlərimizin əziyyətini yerdə qoymayaq. 

    Bəzən övladlarımı oxumağa həvəsləndirəndə tədris şəraitini o dövrlə müqayisə edirəm. Qoy bilsinlər ki, hansı çətinliklərdən hansı şəraitə gəlmişik. İndi oxumağa nə var ki? Dəyərli həmkarlarımızın dırnaqarası vurğuladığı “göz dəyməsin bu məktəbə” ifadəsi indi, sözün əsl mənasında, öz reallığını tapıb. İndi şəhərimizdə də, ən ucqar kəndimizdə də hansı məktəbə üz tutsan, bu ifadəni min kərə təkrar edirsən: göz dəyməsin bu məktəbə. Kəndlərimizdə ən yaraşıqlı və əzəmətli tikililər məktəb binalarıdır.

    Bu yaxınlarda ölkəmizin başqa bölgəsindən olan qonağımızı Batabat yaylağında istirahətə aparmışdıq. Gözəl Şahbuzumuzun dilbər guşələrindən olan ucqar dağ kəndi Biçənəkdən keçəndə yol kənarında gözoxşayan kəndin ən hündürmərtəbəli binası qonağımızın diqqətindən yayınmadı. Binanın üzərində “Məktəb” sözünü oxuduqda isə dərhal avtomobili saxlatdırdı. Heyrət və təəccüb içində bunun məktəb binası olub-olmadığını bir də dəqiqləşdirməyə çalışdı. Əvvəlcə onun bu heyrətini başa düşə bilmədim. Qonağımız “Ucqar kənddə, uca dağların qoynunda belə əzəmətli və yaraşıqlı məktəb binası salınıb. İlk baxışdan hansısa universitetin korpusunu xatırladır. Əhsən”, – deyəndə onun təəccüb dolu baxışlarına haqq verdim. Yadıma gəlir, “Göz dəyməsin bu məktəbə” ifadəsini ilk dəfə orada işlətmişdim. 

    Doğrudan da, dönüb ötən əsrin 90-cı illəri ilə bu günümüzü müqayisə etdikdə görürük ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən çoxşaxəli tikinti-quruculuq işlərinin önündə təhsil quruculuğu dayanır. Çünki insanın gələcəkdə kamil bir şəxsiyyət kimi formalaşması, həmçinin sağlamdüşüncəli cəmiyyətin formalaşması məhz təhsillə bağlıdır. Ulu öndər Heydər Əliyev deyirdi: “İnsanın cəmiyyətdə özünə yer tutması məktəbdən başlanır”. Bu gün muxtar respublikada yeni məktəb binalarının tikilməsi, təhsil ocaqlarının maddi-texniki bazalarının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, tədris prosesində tətbiq olunan yeni texnologiyalar məhz bu amala xidmət edir. 

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Yaxşı iş şəraiti, eyni zamanda yaxşı əhvali-ruhiyyə deməkdir. Bu gün muxtar respublikanın şəhər məktəbləri ilə kənd məktəbləri arasında fərq yoxdur. Bütün məktəblərdə eyni tədris şəraiti yaradılıb”. İndi muxtar respublikada şəhər və rayon mərkəzlərindən tutmuş ucqar dağ kəndlərinə qədər hər bir yaşayış məntəqəsi təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən bəhrələnib. Dönüb müstəqilliyin ilk illərindəki vəziyyətə baxsaq, bir zamanlar yararsız şəraitdə fəaliyyət göstərən məktəblərimizdə təhsilin uğurlarından danışmaq çətin olardı. Bu gün isə nəzər saldıqda universitet təəssüratı yaradan məktəblərimiz də var, təhsilin keyfiyyətində başlıca amillərdən olan ən müasir texnologiyalar da. İstər Naxçıvan şəhərində yerləşən məktəblərdə, istər də Havuş, Şada, Gal, Şurud, Nəsirvaz, Yuxarı Qışlaq, Biçənək, Yuxarı Buzqov kimi ucqar kəndlərdəki təhsil ocaqlarında müasir tədris şəraitindən və yaxşı təhsil ənənələrindən ürəkdolusu və qürurla danışmaq olar. Təhsilə göstərilən qayğının nəticəsidir ki, bir zamanlar Babək rayonunun Qahab kəndində təhsil almaq məcburiyyətində olan qonşu Naxışnərgiz kəndindən olan uşaqlar 2015-ci ildə öz kiçik kəndlərində böyük və müasir məktəb binası ilə təmin ediliblər.

    Təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərin həcmini təkcə bir tədris ili ərzində reallaşdırılan layihələrin timsalında da görmək mümkündür. Ötən tədris ili ərzində Şərur rayonunun Dərvişlər və Çərçiboğan, Babək rayonunun Göynük, Ordubad rayonunun Əndəmic, Dırnıs və Vələver kənd tam orta, Babək rayonunun Araz kənd ümumi orta məktəblərinin, cari ilin Bilik Günündə Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin yeni binaları istifadəyə verilib, ən müasir maddi-tədris bazası ilə təmin edilib. Hazırda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində, STEAM Təlim-Tədris Mərkəzinin, Naxçıvan şəhər 8 nömrəli körpələr evi-uşaq bağçasının, Babək və Şahbuz rayonlarının məktəbdənkənar tərbiyə müəssisəsinin Ordubad rayonunun Azadkənd və Pəzməri yaşayış məntəqələrində məktəb binalarının tikintisi, Şərur rayonunda Alışar, Həmzəli, Vərməziyar, Babək rayonunun Sirab, Vayxır kənd, Nehrəm qəsəbə 3 nömrəli, Ordubad rayonunun Xanağa, Unus, Kələki tam orta məktəblərinin binaları yenidən qurulur, Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin bazasında isə Distant Təhsil Mərkəzi yaradılır.
    Göründüyü kimi, “Hər kəs təhsil almalıdır!” şüarı muxtar respublikada həyata keçirilən təhsil islahatlarının əsasını təşkil edir. Bu gün ən ucqar dağ kəndində belə ümumtəhsil məktəbləri üçün müasir binaların tikilib istifadəyə verilməsi, ən müasir tədris avadanlıqları ilə təchiz olunması və məktəblərin pedaqoji kollektivlərinin komplektləşdirilməsi bu deyilənlərə əyani misaldır. Bu həm də muxtar respublikada insan amilinə verilən dəyərdən xəbər verir.
    Tikilən və ya yenidən qurulan məktəblərin müasir İKT avadanlıqları ilə təmin olunması da diqqət mərkəzində saxlanılır. Bu günədək ümumtəhsil məktəblərində 700-dən çox elektron lövhə və 7000-dən çox kompüter quraşdırılıb. Ən müasir avadanlıqlar və əyani vəsaitlərlə təmin edilən elektron lövhəli siniflər, fənn kabinələri, laboratoriyalar, şahmat və kompüter otaqları, STEAM kabinələri, kitabxana və idman zalı şagirdlərin hərtərəfli təhsil almalarında mühüm rol oynayır. 
    Müasir maddi-texniki bazanın formalaşdırılması isə təhsildə mütərəqqi üsulların tətbiqinə geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 7 iyun tarixli Sərəncamına əsasən ötən ildən başlayaraq bu günədək 106 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb. Kabinələrin hər biri zəruri avadanlıqlarla, o cümlədən kompüter, 3D  printer və çap materialı, mikrobit və arduino dəstləri, proqramlaşdırma və inkişaf dəstləri, təhsil robotları, elektron komponentlər, alətlər dəsti və tədris üçün lazımi materiallarla təmin olunub, dərsliklər və tədris proqramları nəşr edilib. Hazırda 50 təhsil müəssisəsində STEAM kabinələrinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim Tədris Mərkəzinin yaradılması istiqamətində işlər davam etdirilir. 
    Təbii ki, muxtar respublikada təhsil sahəsi üzrə müvafiq proqramların uğurlu icrası, innovativ yeniliklərin, müasir texnologiyaların və yeni tədris metodlarının səmərəli tətbiqi hər il nailiyyətləri də artırır. 1995-1996-cı tədris ili 2021-2022-ci illərdəki ali təhsil ocaqlarına qəbulun müqayisəsi də bunu təsdiq edir. Əgər 1995-1996-cı tədris ilində ali məktəblərə 401 məzun qəbul olunmuşdursa, bu il 2101 məzun tələbə adını qazanıb. Müqayisə apardığımız dövrdə 500-700 intervalında bal toplayanların sayı 5 nəfər idisə, bu il bu rəqəm 254 nəfər olub. Yüksək nəticə göstərən 100 təhsil müəssisəsindən 71-i ucqar kənd məktəbidir. Daha bir uğurlu statistika isə ondan ibarətdir ki, 23 məktəb ali məktəblərə qəbulda 100 faizlik nəticə göstərib. Ötən il bu göstəriciyə 17 məktəb nail olmuşdu.

    Yeni tədris ili başlamamışdan mən də övladlarıma məktəbli yarmarkasından məktəbli forması, çanta və lazım olan bütün dərs ləvazimatlarını asanlıqla ala bildim. Dərslikləri isə məktəbdən dəvət edərək təmənnasız veriblər. Bir sözlə, dövlətimiz tərəfindən şagirdlər üçün bütün şərait yaradılıb. Övladlarımızın qarşısında isə, sadəcə, bir öhdəlik qalır; bu yaradılanlardan səmərəli istifadə edib yaxşı təhsil almaq. Sözün açığı, belə məktəblərdə oxumağa nə var ki?! Sözün əsl mənasında, göz dəyməsin belə məktəblərə!!!

Gülcamal TAHİROVA

 

 

Nəşr edilib : 21.09.2022 19:56