AZ EN RU

Göyçədə yaşayan tariximiz

Tarixi Azərbaycan torpaqları

    Xalqımızın qürur mənbəyi olan 2020-ci ilin 44 günlük müharibəsi tarixboyu torpaqlarımıza, yurd yerlərimizə göz dikən erməni vandallarına layiqli cavab oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək torpaqlarımızı yadelli işğalından azad etdi. Torpaqlarımızın yadelli işğalından azad olunması XX əsrin əvvəllərində Sovet dövləti tərəfindən ermənilərə bəxşiş edilən Qərbi Azərbaycan torpaqlarının geri qaytarılması məsələsini də gündəmə gətirmişdir.

    Araşdırmalar göstərir ki, Qərbi Azərbaycanda yerləşən Göyçə mahalının tarixi Qədim Daş dövrünə gedib çıxır. Göyçə hövzəsində Quru-Xarabadan aşkar olunan obsidian alətlər burada Paleolit dövründən yaşayış olduğunu göstərir. Lakin indiki Ermənistana qatılan Qərbi Azərbaycan torpaqlarının kimə məxsus olduğunu aydınlaşdırmaq üçün çox da qədimə getməyə ehtiyac qalmır. XIX əsr mənbələrində, xüsusilə rus tədqiqatçıların əsərlərində Göyçə mahalındakı yer-yurd adlarının türk dilində olması bu baxımdan diqqətəlayiqdir. Rus tədqiqatçısı A.A.İvanovski Rusiya hakimiyyətinə aid ərazilərin təsvirini verərkən bu ərazini “Göyçə gölü hövzəsi” adlandırmışdır. Tədqiqatçı bu sözün “Göyçə”, yaxud “Göy çay” olduğunu və türk dilində mavi su anlamında işlədildiyini qeyd etmişdir. Göyçə gölü qərbdən Şorgöl, şərqdən Adtəpə burunlarının bir-birinə yaxınlaşması ilə iki qeyri-bərabər hissəyə ayrılır. Gölün şimal-şərq sahili boyunca uzanan Şahdağ, yerli əhali tərəfindən Güney, ondan qərbdəki dağlar isə Pəmbək adlanır. Hər iki silsilə Kömürlü dağın yaxınlığından keçir. Güney silsiləsinin ən yüksək zirvələri Maralcadağ (2606 m), Soyuxbulaq (2684 m), Kirkitdağ (2749 m), Əyricə (2660 m), Qaraarxac (3057 m), Ginaldağ (3370 m) və digərləridir. Gölün cənubundan şimala doğru Qarabağ silsiləsi uzanır. Gölün cənub-qərb tərəfində Bəkləmiş, Dərələyəz, Gözəldərə, Qaraxlı, Abdul-Hassar, qərbdə Əyricə, Ağdağ, Üçtəpə və digər dağ silsilələri vardır. Bu yer adlarının siyahısını daha da artırmaq olar və bunların içərisində heç bir erməni adına rast gəlinmir. Sadəcə, bəzi yer adları rus sözləri ilə əvəz edilib. Göyçə hövzəsində yerləşən Göyhasar və Göyəm obsidian yataqları qədim dövrlərdən Azərbaycanda yaşayan tayfalar tərəfindən istismar olunub. Keramika və kömür nümunələrinin araşdırılması eradan əvvəl VII minillikdən başlayaraq bu bölgədəki obsidian yataqlarından istifadə edildiyini göstərir. Zəngəzur yataqlarının Naxçıvana daha yaxın olmasına baxmayaraq, Neolit dövründə I Kültəpədə yaşayan insanlar Göyçə obsidianına da üstünlük vermişdir. Ümumiyyətlə, Göyçə və Zəngəzur Neolit və Eneolit dövrlərində Naxçıvan, Qarabağ və Urmiya hövzəsində yaşayan insanların yaylaq yeri olmuşdur. Azərbaycanın cənub bölgələri üçün xarakterik olan Dalmatəpə mədəniyyətinin Zəngəzurda aşkar olunması da bunu bir daha sübut edir. 

    Bədxah qonşularımız uzun müddət, xüsusilə sovetlər dövründə Azərbaycanın cənub bölgələrində yayılan mədəniyyətləri öz adlarına çıxmağa çalışmış, abidələrin və mədəniyyətlərin adlarını belə saxtalaşdırmışlar. Neolit dövrünə aid olan Mahaltəpə və Xatunarx yaşayış yerlərini uyğun olaraq Arataşen və Aknaşen adlandırmışlar. Orta Tunc dövründə İrəvan yaxınlığındakı Təzəkənd kəndi ilə bağlı olan “Təzəkənd mədəniyyəti”ni Karmirberd mədəniyyəti kimi qələmə vermişlər. Lakin onların bu saxtakarlığı elm aləmində möhkəmlənə bilməmişdir. Azərbaycan-ABŞ arxeoloji ekspedisiyasının Şərur rayonundakı Qızqala yaşayış yerində apardığı araşdırmalar Orta Tunc dövrü “Boyalı qablar mədəniyyəti”nin Naxçıvan, Urmiya hövzəsi və Şərqi Anadoluda məskunlaşan oturaq və köçmə həyat tərzini mənimsəmiş tayfalar tərəfindən yaradıldığı, Göyçə hövzəsinə doğru uzanan yaylaqların Naxçıvanda yaşayan tayfaların məskəni olduğu sübut edilmişdir.
    Rus tədqiqatçıları Göyçə hövzəsində Quru Xaraba adlı yerdə qeydə alınan kurqanların Monqolustanda Orxon vadisində aşkar olunan kurqanlarla bənzər olduğunu qeyd etmişlər.
    Son Tunc və Erkən Dəmir dövrlərində Qarabağ və Gədəbəydə formalaşan Xocalı-Gədəbəy mədəniyyəti Göyçə hövzəsi, Dilican, Xudafərin və Urmiya hövzəsini əhatə edən böyük bir regiona yayılmışdır. Bu mədəniyyətin formalaşdığı regionda yaşayan Etiuni tayfaları Urartu dövlətinə qarşı kəskin müqavimət göstərmiş, onların Azərbaycan torpaqlarını işğal etməsinə imkan verməmişdir. Yeri gəlmişkən, qeyd edək ki, dünya alimlərinin araşdırmaları sübut etmişdir ki, urartuların ermənilərlə heç bir etnik bağlılığı yoxdur. Yaxın Şərqin böyük dövlətlərindən biri olan Urartunun ilk paytaxtı indiki Suriya ərazisindəki Suqunia, sonra Arzaşkun, eradan əvvəl IX əsrdə isə Van gölü sahilindəki Tuşpa olmuşdur. Eradan əvvəl VIII əsrdə onlar Cənubi Qafqaza yürüş edərək indiki Ermənistanda Erebuni, Teyşebani və Argiştihinili adlı üç şəhər inşa etmiş, bu şəhərlərin Aza qəbiləsindən olan yerli əhalisini köçürmüş və onların yerinə Çupani bölgəsindən olan insanları yerləşdirmişlər. 
    Göyçə mahalında Kolanı, Zağalı və Ördəkli kəndləri yaxınlığında olan mixi yazılar urartuların bu bölgələrə hücumlarından xəbər verir. Ördəkli kitabəsində Urartu hökmdarı Argişti Göyçə gölünün şimalında yerləşən Kiexuni ölkəsinin şəhərlərini işğal etdiyini yazmışdır. Ermənilər sonradan bu adı dəyişdirərək Keqaxuni adlandırmışlar. Qeyd etmək istəyirik ki, Zağalı kitabəsi tapılanadək Urartu dövlətinin adı yalnızca Assur mənbələrindən məlum idi. II Sardurinin dövrünə aid Zağalı kitabəsində ilk dəfə olaraq bu dövlətin adına rast gəlinmişdir. Lakin qeyd etməliyik ki, urartular yalnızca bu ərazilərə işğalçı yürüşlər etmişlər. Urartu hökmdarlarının mixi yazılarda lovğalıqla bu bölgənin şəhərlərini işğal etdiklərini yazmalarına baxmayaraq, onlar yerli əhalinin müqavimətinə rast gəlmiş və bu bölgədə şəhərlər inşa edə bilməmişlər. Urartu hökmdarları heç vaxt məğlubiyyətlərini etiraf etməmişlər. Lakin biz onların məğlub olduğunu Assur mənbələrindən yaxşı bilirik. Yazılı mənbələrdə skiflərin məskunlaşdığı Qarabağ bölgəsi İşkuqulu ölkəsi olaraq xatırlanmışdır. Kimmerlər isə Göyçə hövzəsində məskunlaşmışdılar. Assur kəşfiyyatının hökmdara yazdığı məktubların birində Urartu birliklərinin Kimmer ölkəsində ağır məğlubiyyətə uğramasından və baş komandanın əsir düşməsindən yazılmışdır. Mənbələrin məlumatına görə, köçəri kimmerlər Urartunun bir yanından girib o biri yanından çıxmış və bu məğlubiyyət zamanı sərkərdələrini itirən Urartu zəifləmiş, Assur hökmdarı II Sarqonun hücumuna məruz qalmışdı. 
    Bu dövrdə Qərbi Azərbaycanda məskunlaşan qüdrətli tayfalardan biri də etiuni tayfaları idi. Bu tayfalar Xocalı-Gədəbəy mədəniyyətinin varisləri idi. Azərbaycanın qərb bölgələrinin antik mənbələrdə Otena adlanması heç də təsadüfi deyil. Urartu mənbələrində ən çox xatırlanan tayfalardan biri etiuni tayfalarıdır. Etiuni tayfaları Urartu mənbələrində Göyçə gölü sahilində xatırlansa da, bu ölkənin Naxçıvana qədər uzandığını və Naxçıvanı da əhatə etdiyini demək olar. Naxçıvanın yaxınlığında, Sisianda tapılan mixi yazıda Urartu hökmdarı II Argişti belə demişdir: “Etiuni ölkəsinin kralı gəldi və ölkəsinin vergisini mənə verdi”. Bu yazıdan məlum olur ki, etiunilər xərac verməklə öz müstəqilliklərini qorumuşlar.
    Bədxah qonşularımız tarixi gerçəkliyi hər zaman dəyişdirməyə çalışmış, tarixi türk torpaqlarını öz adlarına çıxmışlar. Onlar elə Göyçə gölünün adını da dəyişdirərək Sevan adlandırmışlar. Sevan sözünün etimologiyası ilə bağlı müxtəlif fikirlər var. Bu ad XIX əsr rus mənbələrində Sevanq şəklində xatırlanmışdır. Sevanq adı Göyçə gölündəki adaya verilmişdi. Bəziləri bunu xristian dininin təbliğatçısı Müqəddəs Qriqorinin adı ilə bağlayırlar. Guya ki, o belə demişdir: Sa vanq, yəni budur monastr. Digər bir mülahizəyə görə Sevan adı Senq Vanq sözündən törəmiş və mənası ermənicə “qara kilsə” deməkdir. Güya bu adada vaxtilə kilsə olmuş və erməni-qriqorian kilsəsinin əleyhdarları bura sürgün edilmişdir. Buna görə də ada Sevanq adlanmışdır. Ancaq bu adın Göyçə gölünə 1930-cu ildə verildiyini nəzərə alsaq, onun yamaqdan başqa bir şey olmadığını anlamaq o qədər də çətin olmaz.
    Bununla belə həm arxeoloji abidələr, həm qədim mədəniyyətlər, həm qədim mənbələr, həm də rus mənbələrində xatırlanan toponimlər və tayfa adları Göyçə və Zəngəzurun qədim dövrlərdən Azərbaycan xalqına məxsus olduğunu təsdiq edir.

Vəli BAXŞƏLİYEV 
 AMEA-nın müxbir üzvü

Nəşr edilib : 31.10.2023 19:07