AZ EN RU

Göyçə sədalı, Göyçə nidalı Aşıq Ələsgər poeziyası

    Tarixi türk elimiz Göyçə mahalı Azərbaycan aşıq sənətinin, aşıq şeirimizin görkəmli nümayəndələrini – Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Əsəd, Aşıq Qurban, Aşıq Musa, Aşıq Qasım, Aşıq Məhərrəm kimi neçə-neçə ustad saz və söz sənətkarlarını ədəbiyyatımıza bəxş edib. Aşıq şeirinin ən böyük və görkəmli nümayəndəsi Aşıq (Dədə) Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Böyüyüb boya-başa çatdığı Göyçə aşıq mühiti, Göyçə aşıq məktəbinin tanınmış nümayəndəsi, ustadı Aşıq Alıdan uzun illər dərs alması onun böyük sənətkar kimi formalaşmasında mühüm rol oynayıb. Dodaqdəyməz, cığalı təcnis, qoşma, gəraylı, qıfılbənd, divani və sair şeir növləri ilə bənzərsiz sənət nümunələri yaradan Aşıq Ələsgər aşıq şeirinin yüksək zirvələrini fəth edərək türk şeirinə misilsiz töhfələr verib. Ələsgər məktəbi neçə-neçə sazlı-sözlü aşıqlar yetirib. 

    Aşıq Ələsgərin misilsiz və rəngarəng yaradıcılığını təhlil edərkən saf və təmiz məhəbbətin tərənnümü, el gözəllərinin tərifi, Vətən təbiətinin təsviri, əxlaqi-tərbiyəvi fikirlərin təbliği və dövrün ictimai eyiblərinin tənqidini görürük. Deyərdim ki, aşığın doğma eli Göyçəyə həsr etdiyi şeirləri onun yaradıcılığından qırmızı xətt ilə keçir. Aşıq belə şeirlərində Göyçənin təbiətini, toponimlərini, adət-ənənələrini, gözəl insanlarını tərənnüm edir.
    Şeirlərində tez-tez göyçəli olduğunu xatırladan aşıq doğulub boya-başa çatdığı yerə olan məhəbbət və hörmətini onu tanımaq istəyən hər kəsə çatdırır: 
    “Pənc Ali-Əba” şeirində:

        Püşti-pənahına daldalanmışam,
        Adım Ələsgərdi, əslim Göyçəli!

     “Mənim” qoşmasında:

        İstəsən ki, Ələsgəri görəsən,
        Göyçə mahalıdı mahalım mənim.

    “Bizdən salam olsun Arif olana” bağlamasında:

    Bu təzə kəlamdı, olsun yəqini,
  Kəbə-qibləm, dinim – Məhəmməd dini,
    Atam Alməmməddi, Göyçə sakini,
    Adım Ələsgərdi, yaxşı bir, tanı!

    “Dolanır” qoşmasında isə “Adım Ələsgərdi, Göyçə-mahalım” deməklə göyçəli olduğunu bütün dünyaya bəyan edir. Bu misralarda doğulduğu Göyçə adlı ilahi yurdun, Vətən torpağının nəfəsi duyulur.
    Aşığın şeirlərində Göyçənin dağları, daşları, çayları, gölləri, yaylaqları sanki dil açıb danışır, laləli, bənövşəli, kəkotulu Vətənin ətrini uzaqlardan hiss edirik: 
     “Dağlar” qoşmasında: 

        Ağ xələt bürünər, zərnişan geyməz,
        Heç kəsi dindirib keyfinə dəyməz.
        Sərdara söz deməz, şaha baş əyməz,
        Qüdrətdən səngərli, qalalı dağlar

    “Yaylaq” şeirində:

        Kəkotu, qırxbuğum, qaymaqçiçəyi,
        Bənövşə, qantəpər, qızlar örpəyi,
        Qoyun mələşməsi, çoban tütəyi,
        Çəkir uzağa xəyalı, yaylaq!

    Bu şeirlərdə Göyçənin mətbəxi, sakinlərinin qonaqpərvərliyi, yaxşı xüsusiyyətləri, onların cəsarəti, igidliyi vəsf olunur:
    “Danışma” qoşmasında:

        Göyçənin qonağa çoxdu hörməti;
        Qaysava, qayğanaq verir ləzzəti,
        Pilov, dolma, kabab, əmliyin əti...
        İnsaf elə, tək motaldan danışma!

     “Eləyib” müxəmməsində:

        Yoxdu Göyçə mahalında
        İsgəndər tək iyid gəzən;
        Dost yolunda başın qoyub
        Düşmanın canın üzən.
        Yoxsulların əlin tutan,
        Ac doyuran, əysik düzən.

    Aşıq Göyçənin alagözlü, sərvboylu, tuti dilli gözəlləri və qız-gəlinlərini ürəklə təsvir edir. Bu misralar aşığın yurduna olan sevgisindən, məhəbbətindən soraq verir: 
    “Güləndam” şeirində:

    Tavuz kimi xoş bəzənib durubsan,
    Alagözə siyah sürmə vurubsan.
    Sağ ol səni, yaxşı dövran qurubsan,
    Bu dünyanın sonu puçdu, Güləndam

    “Sarı köynək” şeirində:

        Tuti dilli, sərvboylu salatın,
        Yoxmu mərhəməti bu səltənətin?!
        Göndər gəlsin Ələsgərin xələtin,
        Eyləmə əməyim zay, sarı köynək!

    1905-ci ildə erməni daşnaklarının törətdiyi milli qırğın, 1918-ci ildə Göyçənin viran edilməsi, yerli əhalinin doğma yurdlarından didərgin salınması Aşıq Ələsgər yaradıcılığına təsirsiz ötüşməyib. Həmin dövrdə Kəlbəcərin Qanlıkənd (Qalaboynu) kəndində sığınacaq tapan aşıq Göyçəyə qayıdana qədər böyük mənəvi əzab-əziyyətlə üzləşib. Dədə Ələsgər Göyçədən ayrı düşdüyü vaxtlarda yazdığı şeirlərdə elə hey taleyindən şikayətlənir, Göyçə dərdi, həsrəti aşığı yaxıb yandırır:

    “Dağlar” qoşmasında:    

    Hanı mən gördüyüm qurğu büsatlar?!
    Dərdməndlər görsə, tez bağrı çatlar;
    Mələşmir sürülər, kişnəmir atlar,    
    Niyə pərişandı halların, dağlar?
    “Eyləmişəm” qoşmasında:
    Səndən ayrı şad olmuram, gülmürəm,
    Canımdan bezmişəm, ölə bilmirəm,
    Nə müddətdi qulluğuna gəlmirəm,
    Bağışla təqsirim, səhf eyləmişəm!

     “Bilmirəm” qoşmasında ahıl vaxtlarını təsvir edən aşıq Göyçəyə qayıtmağı, orada ölməyi arzulayır və arzusuna da çatır:

        Ələsgərin məlul çağı.
        Könül olub qəm dustağı,
        Sinəmin doxsandı dağı,
        Yetişər yüzə, bilmirəm.

    1926-cı il martın 7-də dünyasını dəyişən Aşıq Ələsgər Göyçənin Ağkilsə kənd qəbiristanlığında dəfn olunub. Qarabağda baş vermiş məlum hadisələrdən sonra ermənilər Ağkilsə kəndinin qəbiristanlığını da dağıdıb və həmin vaxt Dədə Ələsgərin qəbri və qəbirüstü abidəsi də erməni vəhşiliyinin qurbanı olub. 
    Aşıq Ələsgər yaradıcılığını hər zaman diqqətdə saxlayan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə hələ sovet dövründə Aşıq Ələsgərin 150 illik yubileyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd edilib, qədim yurd yerimiz olan Göyçə mahalında Aşıq Ələsgərin abidəsi ucaldılıb. Aşıq sənətinə olan diqqət, qayğı Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilib. Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib. Ölkə başçısının “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 2021-ci il 18 fevral tarixli Sərəncamı ilə aşığın yubileyi ölkəmizdə, eləcə də muxtar respublikada təntənəli şəkildə qeyd edib, görkəmli aşığın həyat və yaradıcılığının yenidən tədqiq və təbliği üçün şərait yaranıb. 

    Bu gün 44 günlük şanlı Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfər bizə o inamı da verir ki, Göyçəmizə qayıdacağımız gün elə də uzaq deyil. Həmin gün Azərbaycan aşıq sənətinə mühüm töhfələr vermiş Aşıq Ələsgərin və digər ustad aşıqlarımızın da ruhu şad olacaq. “Dünyada” qoşmasında özünün də dediyi kimi, “Özün getdin, sözün qaldı dünyada!” Aşıq Ələsgər. Göyçəyə gedən yol həm də Aşıq Ələsgər yaradıcılığından keçir. Göyçə sədalı, Göyçə nidalı, Vətənə, xalqa məhəbbətin məhsulu olan bu misralar daim yaşayacaq. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 28.11.2023 18:31