AZ EN RU

Göstərilən etimadı doğrultmağa çalışacağam

Bu gün tibbi xidmətin keyfiyyətcə müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Dövlət başçısı cənab İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi strateji siyasət kursunu səhiyyə sistemində də layiqincə davam etdirir. Ötən müddətdə səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının və kadr potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Bu istiqamətdə görülən tədbirlər çərçivəsində kadr təminatının təkmilləşdirilməsi də vacib məsələ kimi daim diqqət mərkəzində saxlanılır. Ölkəmizin ali təhsil müəssisələri sırasında qabaqcıl yerlərdən birində qərar tutan yaradılmasının 25 illiyi tamam olan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi Naxçıvanın blokada şəraitində olması nəzərə alınaraq, tibbi kadrlara tələbatın ödənilməsi məqsədilə 1999-cu ildə Ümummilli Liderimiz Heydər Əliyevin himayəsi ilə yaradılmışdır. O dövrdə bir ixtisasla fəaliyyətə başlayan fakültə ötən müddətdə inkişaf edərək hazırda həm bakalavr, həm də rezidentura təhsili üzrə həkim hazırlığı həyata keçirir. Bu gün fakültənin müasir xəstəxanası tələbələrin nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsində müstəsna rol oynayır. Tibb sahəsi üzrə yüksəkixtisaslı kadrlar hazırlamaq və dünya tibb elminə daha sıx inteqrasiya etmək üçün universitet xarici ölkə universitetləri ilə sıx əlaqələr qurmuşdur. Fakültədə yüksək tədris üçün lazımi şərait yaradılmış, müasir xəstəxana istifadəyə verilmiş, muxtar respublikanın səhiyyə müəssisələrində auditoriyalar qurulmuşdur.

Universitetimizdə yüksək səviyyədə qurulan beynəlxalq əlaqələr xarici ölkələrin ali məktəbləri ilə əməkdaşlıq müqavilələrinin bağlanılmasına, ikili diplom layihələrinin həyata keçirilməsinə, ortaq elmi araşdırmaların aparılmasına şərait yaradıb. Bu əməkdaşlıqlar çərçivəsində universitetin professor-müəllim heyəti il ərzində bir sıra nüfuzlu konqreslərə, sammitlərə dəvət olunurlar. Bu tədbirlər içərisində Tibb ixtisası üzrə təhsil alan tələbələrin qardaş Türkiyə Cümhuriyyətinin, eləcə də bir sıra xarici ölkələrin nüfuzlu universitetləri ilə əməkdaşlıq və keçirilən ənənəvi istehsalat təcrübələrinin də xüsusi yeri vardır. Tələbələrimiz auditoriyalarda əldə etdikləri nəzəri biliklərlə praktikada qazandıqları təcrübəni düzgün və səriştəli tətbiq etdikdə nəticə çox yaxşı və ürəkaçan olur. Bu həm də onların gələcək fəaliyyətinə çox müsbət təsir edir.

Tibb fakültəsinin yaranmasının 25 illiyində mənim, eləcə də bir sıra həmkarlarımın fəxri adlarla təltif edilməsi əməyimizə verilən böyük qiymətdir. Mən fürsətdən istifadə edib Prezidentimiz cənab ­İlham Əliyevə, dövlətimizə dərin minnətdarlığımı bildirirəm. Bundan sonra da tibb sahəsinə, tibbi təhsilə töhfələr verəcək, bizə göstərilən etimadı doğrultmağa çalışacağıq.

İlhamə MUSTAFAYEVA

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı,

 tibb üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 13.06.2024 15:11