AZ EN RU

Görüş keçirilib

    Naxçıvan Muxtar Respublikasına ikigünlük səfər edən UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin Uşaq Müdafiəsi Proqramının rəhbəri Vüqar Salmanov Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ilə görüşüb. 
    Görüşdə qonağı salamlayan komitə sədri qeyd edib ki, ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Muxtar respublikada uşaq hüquqlarının qorunması və bu istiqamətdə görülən işlərin prioritetlər sırasında olduğu və ölkədə həyata keçirilən dövlət uşaq siyasətinin muxtar respublikada da uğurla həyata keçirildiyi bildirilib. Ramilə Seyidova muxtar respublikada yaşayan uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, tək valideynli uşaqların hüquqlarının qorunması ilə bağlı Komitə tərəfindən mütəmadi görülən işlər, aparılan monitorinqlər, maarifləndirici tədbirlər haqqında ətraflı məlumat vermiş və UNICEF-in Azərbaycandakı Nümayəndəliyi ilə birgə əməkdaşlığın vacibliyini vurğulamışdır. 
    UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin Uşaq Müdafiəsi Proqramının rəhbəri Vüqar Salmanov ölkədə aparılan uşaq siyasəti və uşaqların müdafiəsi ilə bağlı UNICEF-in Azərbaycandakı Nümayəndəliyi tərəfindən icra olunan layihələr haqqında məlumat vermiş, uşaqlarla bağlı mövcud problemlər müzakirə olunmuş, gələcək perspektivlər barədə fikir mübadiləsi aparılmışdır. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə
 Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 05.10.2023 18:56