AZ EN RU

“Görünür, mənim Naxçıvana gəlməyim taleyin işi imiş”

“Mən üç il Naxçıvanda yaşamağımı və sizinlə, muxtar respublikanın əhalisi ilə birlikdə işləməyimi həyatımın, deyə bilərəm ki, ən parlaq, ən şərəfli bir dövrü hesab edirəm”. Ulu Öndər Heydər Əliyevin bu sözlərini qədim diyarımızın 100 illik yubileyini qeyd etdiyimiz dövrdə daha tez-tez xatırlayırıq. Bu da təbiidir. Ölkə başçısı cənab İlham Əliyev o dövrü belə xarakterizə edir: “O illərdə ancaq Ulu Öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu... Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”. 
Doğrudan da, belə idi. Görkəmli dövlət xadiminin gəlişi ilə naxçıvanlılar özlərinin ən böyük dayağı ətrafında birləşdilər; O, naxçıvanlıların itmiş ümidlərini və inamlarını özlərinə qaytardı. Bir qədər geriyə qayıdaq. 
...Çoxlarımızın yaşadığı, yaxşı xatırladığı o günləri xarakterizə etmək tariximizin 35 illik bir dövrünün salnaməsini yaratmaq deməkdir – şərəfli və öyünüləsi bir dövrünün. Tarixə yazılmış bu salnamənin hər kiçik detalı o günlərimizin inkişaf və tərəqqi tarixidir; cild-cild kitablara, zamanlara sığmayan bu tarixin ən böyük hadisəsi məhz Ulu Öndər Heydər Əliyevdir. Buna görə də Heydər Əliyev ömrü, Heydər Əliyev ictimai-siyasi fəaliyyəti ölməzdir; daha böyük nailiyyətlər qazanmaq üçün sınaqdan çıxmış proqram sənədimizdir; hər birimiz üçün oxumalı, öyrənməli olan örnək və qürur mənbəyidir.
Dönməz qətiyyəti və möhkəm iradəsi, dərin zəkası ilə siyasət aləmində tanınmağa başlayanda sovetlər birliyində vahid idarəçilik prinsipi mövcud idi. Bu prinsiplərdən imtina etmək – köhnə stereotiplərdən əl çəkmək barədə düşünməyə belə dəyməzdi.    Heydər Əliyev şəxsiyyətinin böyüklüyü məhz o vaxt üzə çıxmağa başladı. 15 müttəfiq respublika içərisində ən geridə qalan ucqar əyalət hesab olunan Azərbaycan qısa bir müddətdə öz müdrik və uzaqgörən başçısının rəhbərliyi ilə iri addımlarla irəliləməyə başladı. Respublikamız xalq təsərrüfatının bütün sahələrində kosmik sürətli yüksəliş yoluna qədəm qoydu. İqtisadiyyatmız yeni əsaslarla qurulmağa başladı. Xalq təhsili, səhiyyə, mədəniyyət qısa bir müddət ərzində on illərin inkişaf yolunu keçdi. Mərkəzlə yanaşı, respublikanın ucqar yerlərində belə tikinti-quruculuq işləri geniş vüsət aldı. Ulu Öndərin şəxsi keyfiyyətləri, yüksək nüfuzu sayəsində mərkəzdən alınan maliyyə dəstəyi hesabına ehtiyac duyulan bir sıra istehsal müəssisələri yaradıldı. Fabrik və zavodlar işə düşdü. Yaşayış obyektləri, mədəni-maarif ocaqları inşa olundu. Uzun illər kök salmış bir sıra qlobal problemlərin həlli yollarında qəti addımlar atıldı və bu addımlar öz nəticələrini verdi.
Postsovet məkanının onu gözü götürməyən bəzi liderləri respublikada bu güclü inkişafı “üzəngi parıldatmaq” kimi qəbul etsələr də, sonralar öz qənaətlərində yanıldıqlarını başa düşdülər. Və belə bir şəxsiyyəti sanki yenidən tanımağa başladılar. Mərkəzi Komitənin Siyasi Bürosuna üzvlüyə namizəd seçilməsi isə çoxlarının kürkünə birə saldı. Çünki Heydər Əliyev belələrinin çirkin əməllərlə məşğul olmalarına imkan vermirdi. Dahi Öndər 1982-ci ildə Siyasi Büro üzvlüyünə namizədlikdən üzvlüyə keçirildi. Və Sovet İttifaqına rəhbər vəzifəyə aparıldı. Bu isə onun işgüzar fəaliyyətinə verilən qiymət idi. O da bu posta layiq olduğunu öz fəaliyyəti ilə sübut etdi.
... Və yaşanmış bu yol Ona imkan verdi ki, Naxçıvanı düşdüyü ağır vəziyyətdən qurtarsın. Sonralar Ulu Öndər deyəcəkdi: “1990-cı ilin yayı idi. Bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da vəziyyət çox ağır idi. Mən buraya gələrkən Naxçıvanı çox çətin bir vəziyyətdə gördüm. Amma, eyni zamanda özümü çox rahat hiss etdim. Moskvada məni təqib edirdilər... Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Görünür, mənim Naxçıvana gəlməyim taleyin işi imiş”.
Naxçıvanın qədim dövlətçilik tarixini Azərbaycanın dövlətçilik tarixi sayan Ulu Öndərin Naxçıvana qayıtdıqdan sonra Ordubad rayonunun sakinləri ilə görüşündə mən də iştirak etmişəm. Yadımda qalan ən böyük məqamlardan biri odur ki, bu görüşə bir ucu Sədərək, bir ucu Şahbuz olmaqla muxtar respublikanın bütün bölgələrindən gəlmişdilər. Görkəmli dövlət xadiminin Ordubada bu gəlişində hələ sovet hökuməti da­ğılmamışdı. Dövləti hələ M.Qorbaçov “idarə edirdi”. Onunla görüş ovaxtkı Ordubad Rayon Partiya Komitəsinin binası qarşısında baş tutmuşdu...
...İllər ötüb o vaxtdan. Ancaq o görüşdə Ulu Öndərin dağılmaq ərəfəsində olan imperiyanın iç üzü haqqında dedikləri bir ittiham idi. Bunu da xatırladaq ki, o vaxt Ümummilli Liderimiz heç bir vəzifə, titul sahibi deyil, Heydər Əliyev idi... Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın ağır və çətin dövründə xalqın dərdinə şərik olmaq, vətəndaşlıq borcunu yerinə yetirməyə, azadlıq uğrunda qoşulmağa gələn görkəmli dövlət xadiminin Naxçıvana rəhbər seçilməsi naxçıvanlıların ən uzaqgörən və düzgün seçimi oldu:
“Dünən sessiya keçirilərkən binanın qarşısına minlərlə Naxçıvan əhalisi (təkcə şəhərdən yox, rayonlardan, kəndlərdən gələnlər) kənardan sessiyaya təsir göstərir və tələb edirdilər ki, Heydər Əliyev seçilsin. Onların təzyiqinin qarşısında dura bilməzdim. Xalqın bu əhvali-ruhiyyəsini, tələblərini, sonra sessiyadakı çıxışları nəzərə alaraq bütün məsələləri götür-qoy etdim”.
Beləcə, Ulu Öndər 3 il Naxçıvanda fəaliyyət göstərdi. Bu gün dünyanın tanınmış siyasət xadimləri də vurğulayırlar ki, O, müstəqil Azərbaycanın gələcək mövcudluğunun konturlarını elə Naxçıvanda cızırdı. Ulu Öndərlə bir neçə dəfə görüşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində əvvəlcə “Mübariz keşikdə” qəzetinin müxbiri, sonra isə nazirliyin şöbə müdiri vəzifəsində işləmiş, hazırda təqaüddə olan, hər il məzuniyyətinin bir neçə gününü Naxçıvanda keçirən polkovnik Rahib Qarayevin sözlərini xatırlayıram. “Naxçıvanın dünənki simasını bugünkü uşaqlara danışsan, yəqin ki, inanmazlar. İnanmazlar ki, bəli, Naxçıvan ağır günlər yaşayıb. Yaşayıb və dözüb. Dözüb və bu günlərə sahib olub. Ulu Öndərin Naxçıvandan başlanan quruculuq siyasəti Azərbaycanın hər yerini əhatə edib. Naxçıvanın günbəgün deyil, ilbəil deyil, saatbasaat dəyişməsini, gözəlləşməsini hər gəlişimdə görürəm. Bu yeniləşmə Naxçıvanda ölkə başçısının böyük diqqət və qayğısı ilə illərdir ki, davam edir. Azərbaycan Respublikası Prezidentinin Naxçıvana hər gəlişi burada toy-bayrama çevrilir, naxçıvanlılar möhtəşəm açılışlara şahid olur, yeni tikiləcək obyektlərin sevincini yaşayırlar”.
Bu gün muxtariyyətinin yüz yaşını qeyd edən və günü-gündən cavanlaşan, özünün yeni inkişaf mərhələsində olan Naxçıvan Ulu Öndərin yadigarlarından biridir. Onun muxtariyyətinin qorunması isə görkəmli dövlət xadiminin yurd yerinin sabahını düşünməsinin ifadəsidir. Ulu Öndər deyirdi: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz onu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının da qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Görkəmli dövlət xadimi Naxçıvanın muxtariyyətinin hüquqi əsaslarının əksini tapdığı Moskva və Qars müqaviləsinə böyük önəm verərək deyirdi ki, Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə təmin etmək üçün Qars müqaviləsi əvəzi olmayan çox böyük sənəddir. Və ötən əsrin 90-cı illərində Ulu     Öndərin həmin müqaviləni Türkiyədə gündəmə gətirməsinin hadisələrin inkişafına böyük təsiri oldu.
Ümummilli Liderimiz həmin müqavilələri əsas götürərək uğurlu bir diplomatik proses başlatdı və Naxçıvanın hərbi sahədə olduğu kimi, hüquqi-siyasi və diplomatik sahədə də müdafiəsi işi uğurla təşkil olundu. Nəticədə, hər iki müqavilənin əsas tərəflərindən biri olan Türkiyə Cümhuriyyəti Naxçıvanın təhlükəsizliyinin müdafiəsi işinə fəal şəkildə qoşuldu. 1992-ci ilin may ayında Naxçıvanın Sədərək rayonuna ermənilərin hücumu ilə əlaqədar Türkiyə hökuməti bəyanat qəbul edərək 1921-ci il Qars müqaviləsinin şərtlərinə əsasən Naxçıvan muxtariyyətinin qarantı olduğunu bütün dünyaya bəyan etdi. Türkiyə nəinki bilavasitə özünün fəal siyasi-diplomatik gedişləri ilə Naxçıvanın müdafiəsinə qoşuldu, eyni zamanda onun dəstəyi ilə 1992-ci ilin may ayında düşmənin hərbi əməliyyatları genişləndirdiyi bir vaxtda dünyanın 57 dövləti Ermənistanın Naxçıvana təcavüzünü qətiyyətlə pislədi ki, bu da, bütövlükdə, real nəticəyə gətirib çıxaran böyük diplomatik uğur idi. Və bu, Naxçıvanın gələcək inkişafında, uğurlar qazanılmasında təməl rolunu oynadı. Həyat öz axarı ilə davam edir, yeni qələbələrə imza atılır, Naxçıvan öz kökləri üstündə ucalırdı.
...Tarix üçün çox qısa zaman kəsiyi olan ötən 20 il göstərdi ki, Ulu Öndərin bu qədim diyar üçün etdiklərini Onun siyasətinə böyük diqqət və ehtiram göstərən ölkə Prezidenti cənab İlham Əliyev yeni müstəvidə həyata keçirir. Daha dəqiq desək, bu gün Naxçıvanın yeni inkişaf tarixi yazılır. Həmin tarixi qısaca vərəqləsək, görərik ki, muxtar respublikanın rayon mərkəzləri, ən ucqar dağ, sərhəd yaşayış məntəqələri qəsəbə timsallıdır və bütün bunlar sosial-iqtisadi inkişafdan soraq verir. Ona görə də dünən Naxçıvanın qonağı olanlar bu gün buradan yüksək təəssüratlarla ayrılırlar. Hər addımda bir yenilik görmək, hər gün bir təzəliklə rastlaşmaq isə naxçıvanlılar üçün adi hala çevrilib. Naxçıvan yenidən qurulduqca daha da gözəlləşir. Xaricdən buraya gələn və yurdumuzun inkişafı barədə bir qədər məlumatlı olan turistin sözlərini həmişə xatırlayıram: Bu yeniliklər gündəlik olaraq sizin gözləriniz qarşısında baş verdiyi üçün sizə adi görünür. O da qeyd olunmalıdır ki, bu işlərin blokada şəraitində yaşayan bir məmləkətdə reallaşması asan məsələ deyil. Bunların təməlində isə doğma yurda sevgi və məhəbbət, insan amilinə, yurd amilinə diqqət dayanır. Beləcə, yurd sevgisindən qaynaqlanaraq keçilən və seçilən yol Naxçıvanı sürətlə inkişafa qovuşdurub.
Ölkə başçısının muxtar respublikada yeni idarəetmə modelinin tətbiqi ilə bağlı imzaladığı 2022-ci il 22 dekabr tarixli Fərmanla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə təsdiq olunub. Bu isə naxçıvanlılarda yeni ovqat yaradıb, onların qurub-yaratmaq əzmini daha da yüksəldib. Ata vəsiyyətini ən müqəddəs vəzifə sayan ölkə başçısının Naxçıvanın inkişafı üçün lazım olan hər bir işi görməsi isə ərazi cəhətdən blokada şəraitində yaşayan bu yurd yerinin sakinlərinin heç bir çətinliklə üzləşməməsi məqsədi daşıyır. Elə cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” bunun bir daha sübutudur. 11 prioritetin nəzərdə tutulduğu Proqramın qəbulundan sonra muxtar respublikada xeyli iş görülüb və görülməkdədir. Bunlar isə Naxçıvana əlavə gözəlliklər qatır. Ötən ilin sonunda naxçıvanlılar daha bir sevinc yaşadılar. Azərbaycan Respublikasının Prezidenti cənab ­İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncam imzaladı. Sərəncamda deyilir: “Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən mühüm qərarların təşəbbüskarı olmuşdur”. 
Sərəncamın imzalanmasından ötən qısa müddət ərzində muxtar respublikamızda, paytaxt Bakı şəhərində, qardaş Türkiyə Respublikasında tədbirlər keçirilmiş, həmin silsilə tədbirlər davam etdirilməkdədir. 
Bu tədbirlər yurdsevər naxçıvanlıların qurub-yaratmaq, bundan da xoş sabahlarda yaşamaq əzmini artırmaqdadır. Onlar dünəni unutmur, bu günlərin qədrini bilir, gələcəyə inamla addımlayırlar.
Hər bir naxçıvanlı üçün doğmadan doğma olan bu qədim yurd yerini, dünəni, bu günü, inkişaf və tərəqqisi barədə bu kiçik qeydlərimi başa çatdırarkən Ulu Öndərin sözlərini xatırladım: “Naxçıvan artıq 1991-92-93-cü illərdə olan Naxçıvan deyil. Naxçıvan indi tamamilə başqadır. Naxçıvanlılar bu haqqı qazanıblar. Naxçıvanlılar özlərinin dəyanəti, dözümlülüyü, qüdrəti, cəsarəti və mənəvi saflığı ilə bu haqqı qazanıblar”.

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 20.05.2024 16:52