AZ EN RU

Görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

    Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində cari ilin 7 ayında görülmüş işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib. İclasda Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən İsmayılov çıxış edərək bildirib ki, 2023-cü ilin 7 ayı üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 milyon manat və ya 10 faiz çox, 99,2 milyon manat məbləğində icra edilib. Buradakı əsas məqamlardan biri odur ki, ötən il Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinə aid edilən gömrük yığımları üzrə gəlirlərin (yol vergisi üzrə daxilolmalar istisna olunmaqla) muxtar respublika gəlirlərindən çıxarılaraq Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə aid edilməsinə baxmayaraq, Naxçıvan Muxtar Respublikasının gəlirlərinin icrası ötən ilə nisbətən müsbət göstəricilərə malik olub.
    Qeyd edilib ki, büdcənin xərclərində də nəzərəçarpacaq dərəcədə dəyişikliklər olub, xərclərdə qənaət təmin edilib, ötən ilin eyni dövrü üzrə xərclərlə müqayisədə 47,4 milyon manat az vəsait xərclənib, cari ilin ötən 7 ayında Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri 287,8 milyon manat icra edilib. Gəlirlərin artması və xərclərin azalması hesabına Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın miqdarında da nəzərəçarpan azalma təmin edilib, ötən ilin 7 ayına nisbətən 29 milyon manat az, 195 milyon manat məbləğində dotasiya alınıb.
    Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatı üçün çox mühüm hadisə hesab edilən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə maliyyə orqanlarının üzərinə düşən vəzifələrin icrasının təmin edilməsi, Naxçıvan Muxtar Respublikasının növbəti illər ərzində sosial-iqtisadi göstəricilərində mühüm dəyişikliklərin həyata keçirilməsi və bununla Naxçıvan Muxtar Respublikası büdcəsinin prioritet hədəflərinə çatdırılması nəzərdə tutulur. 
    Sonra iclasın gündəliyinə uyğun olaraq nazirliyin müvafiq şöbələri tərəfindən 2023-cü ilin 7 ayı ərzində görülmüş işlər barədə məlumat verilib, 2024-cü il və sonrakı üç il üçün büdcə layihələrinin tərtibi, büdcənin icrası və dürüstləşmə barədə çıxışlar dinlənilib. 
    Sonda Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən İsmayılov muxtar respublikada maliyyə sahəsində şəffaflığın təmin edilməsi, büdcə vəsaitlərinə nəzarətin gücləndirilməsi, qənaətcil və səmərəli maliyyələşdirilmənin təmin edilməsi ilə bağlı qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün nazirliyin kollektivinin işə lazımi qaydada məsuliyyətli yanaşmasının zəruriliyini diqqətə çatdırıb.

Nail ƏSGƏROV

Nəşr edilib : 21.08.2023 19:43