AZ EN RU

Görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib

Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev ölkəmizdə həyata keçirilən ardıcıl və sistemli tədbirlər barədə geniş məruzə edərək bildirib ki, ölkə başçısının müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması və səlahiyyətli nümayəndənin təyin olunması Naxçıvanda effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər və qanun çərçivəsində qurulması, habelə digər məsələlərin operativ həlli baxımından müstəsna əhəmiyyət kəsb etməkdədir.

Diqqətə çatdırılıb ki, muxtar respublikaya  gələn  əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin qeydiyyatı, müvəqqəti və daimi yaşaması, iş icazələrinin verilməsi, ölkədə olma qaydalarının tənzimlənməsi, qeyri-qanuni miqrasiya ilə mübarizə və  miqrasiyanın mənfi təzahürlərinin qarşısının alınması işi Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 2022-ci il ərzində də ciddi nəzarətdə saxlanılmış, qanunsuz miqrasiyanın vaxtında aşkarlanması və qarşısının alınması istiqamətində səmərəli və effektiv mübarizə tədbirləri davam etdirilmişdir. Hesabat dövrü ərzində muxtar respublikada qeydiyyatsız olan, qanunsuz yaşayan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan və müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 625 əcnəbi, habelə iş icazəsi almadan əcnəbiləri qanunsuz əmək fəaliyyətinə cəlb edən 1 Azərbaycan Respublikası vətəndaşı aşkarlanıb. Eyni zamanda Miqrasiya Məcəlləsinə əsasən, 5 əcnəbi barəsində ölkə hüdudlarından kənara çıxarma barədə qərar qəbul edilmiş, miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozan 4 əcnəbi isə könüllü olaraq Xidmətin Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılmışdır.

Vurğulanıb ki, ötən il əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı 2037, yenidən rəsmiləşdirilməsi üçün 49, daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı 16, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar 555, Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı 3, o cümlədən Naxçıvan Muxtar Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin verilməsi ilə bağlı isə 204 müraciət daxil olub. Müraciətlərin icrası mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilmiş, habelə müvafiq əsaslarla 227 müvəqqəti yaşama icazəsi, 150 iş icazəsi və 1 daimi yaşama icazəsi ləğv edilmişdir.

Həmçinin bu dövr ərzində əcnəbilərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi, vətəndaşlıq məsələləri və bu sahəni ehtiva edən digər məsələlərlə bağlı ümumilikdə Xidmətə 7130 müraciət daxil olmuş, o cümlədən muxtar respublika ərazisində nikahı pozulan  və ölümü qeydə alınan 10 əcnəbi barəsində isə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalar aparılmışdır.

Dövlət Proqramlarının icrası istiqamətində görülən işlərə də toxunan xidmət rəisi “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na əsasən, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, sərhəd-buraxılış məntəqələrində sürətli keçidin təmin edilməsi sahəsində Dövlət Miqrasiya Xidməti tərəfindən zəruri tədbirlər görülərək muxtar respublikaya gələn əcnəbilərin olduğu yer üzrə qeydiyyatının elektron, eləcə də muxtar respublikanı tərk edən əcnəbilərin pasportlarına və digər sənədlərinə nəzarətin isə operativ qaydada həyata keçirildiyini qeyd edib.

“Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi zamanı dövlət qayğısını daim öz üzərində hiss etmişdir”,- deyən Şahin Nəbiyev əlavə edib ki, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü-“Heydər Əliyev ili”ndə də milli prioritetlərimiz rəhbər tutulmaqla miqrasiya sahəsində dövlət siyasəti uğurla reallaşdırılacaq, miqrasiya proseslərinin tənzimlənməsi və idarə olunması sahəsində  maksimum qüvvə və səy göstəriləcək, eyni zamanda müraciət edən şəxslərin məmnunluğunun təmin olunması daim diqqətdə saxlanılmaqla xidməti fəaliyyət müasir tələblər səviyyəsində davam etdiriləcəkdir.

İclasda hesabat dövrü ərzində görülən işlərlə bərabər, yol verilmiş nöqsan və çatışmazlıqlar da müzakirə edilib.

Kollegiya iclası məruzə ətrafında çıxışlarla davam edib.

Nəşr edilib : 27.01.2023 15:52