AZ EN RU

“Görkəmli yazıçı və böyük demokrat – Cəlil Məmmədquluzadə 155” mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova diqqətə çatdırıb ki, Ulu Öndərin Cəlil Məmmədquluzadə irsinə qayğı sahəsindəki nəcib əməlləri onun varisləri tərəfindən də bu gün uğurla davam etdirilir. Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr vermiş Cəlil Məmmədquluzadə məktəbdə muzey yaratmaqla Azərbaycan muzey işinin əsasını qoymuşdur. Ədibin Bakı və Tiflis şəhərlərində də ev-muzeylərinin fəaliyyət göstərdiyini deyən muzeyin direktoru onu da bildirib ki, bu gün onun xatirəsinə ehtiram əlaməti olaraq muzeylər onun ədəbi irsini və ictimai fəaliyyətini dərindən öyrənib təbliğ etməklə özlərinin mənəvi borclarını yerinə yetirməyə çalışırlar.

Cəlil Məmmədquluzadənin həmişə dram, hekayə, felyeton, povest və sair yazılarında cəmiyyətin inkişafına mane olan nöqsanları qabartdığını deyən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar onu da bildirib ki, ədib daim cəmiyyətin problemini qabartdığı üçün xalq tərəfindən ona “Mirzə” ləqəbi verilib.

Mirzə Cəlilin əsərlərində ana dilinin saflığı uğrunda daim mübarizə apardığını vurğulayan Naxçıvan Dövlət Universitetinin dosenti İman Cəfərli diqqətə çatdırıb ki, nasirin yaratdığı qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, azadlıq ideyalarının inkişafına güclü təsir göstərib.

Muzeyin baş elmi işçisi Nərmin Nuriyevanın çıxışı dinlənildikdən sonra ədibə həsr olunmuş guşəyə baxışla tədbir sonlanıb.

 

Fariz ƏHMƏDOV

Nəşr edilib : 20.02.2024 18:15