AZ EN RU

Görkəmli sənətkarın anım günü keçirilib

    Bəhruz Kəngərli Muzeyində təşkil edilmiş tədbiri giriş sözü ilə açan muzeyin direktoru Səbinə Əlincəli  əvvəlcə rəssamın yaradıcılığı haqqında məlumat verib. Qeyd olunub ki, Azərbaycan  təsviri sənətində fərdi yaradıcılıq üslubu ilə böyük məktəb yaratmış  Bəhruz Kəngərli qısa ömür sürsə də, onun yaradıcılığı və fəaliyyəti dolğun və çoxşaxəli olub. O, portret və mənzərə janrının inkişafına öz zəhmətini qatıb, Naxçıvanda teatr rəssamlığının təməlini qoyub, Azərbaycanda sərgi mədəniyyətinin ilk carçısı olubdur. Azərbaycan incəsənət tarixinə novator sənətkar kimi daxil olan Bəhruz  Kəngərli öz yaradıcılığında Şərq rəssamlığının ənənələrinə sadiq qalmaqla yanaşı, Qərb incəsənətinin mütərəqqi cəhətlərini də gündəmə gətiribdir. Rəssam, həmçinin gənclərdə sənətə maraq oyatmaq məqsədilə dərnəklər təşkil edərək onlara rəssamlıq dərsləri  də keçibdir. Vurğulanıb ki,  görkəmli rəssamın irsinin qorunması və gələcək nəsillərə çatdırılması üçün dövlətimiz tərəfindən mühüm işlər görülüb. Azərbaycan mədəniyyətinin hamisi, Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində Bəhruz Kəngərlinin yaradıcılığı layiqli qiymətini alıb, rəssamın adı əbədiləşdirilib.
   Anım tədbirində Xalq rəssamı Hüseynqulu Əliyev “Bəhruz Kəngərli naxçıvanlı rəssamların ustadı kimi”, Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva “Bəhruz Kəngərli yaradıcılığının janr rəngarəngliyi” mövzularında çıxış ediblər. 
    Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət
 Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 07.02.2023 20:19