AZ EN RU

Görkəmli şair, yazıçı, professor Zahid Xəlil ilə görüş keçirilib

    Naxçıvan Müəllimlər İnstitutunda yazıçı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor Zahid Xəlil ilə institutun “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının professor-müəllim heyəti və bir qrup tələbələrinin görüşü keçirilib.
    Tədbiri giriş sözü ilə açan institutun rektoru Azad Novruzov qeyd edib ki, Zahid Xəlil Azərbaycan ədəbi-mədəni mühitində şair, nasir, həm də uşaq ədəbiyyatının istedadlı tədqiqatçısı kimi tanınmış alimdir. Zahid Xəlilin poeziyası bilgi vermək, uşaq dünyagörüşünü formalaşdırmaq, həyat təsəvvürlərini genişləndirmək gücü ilə səciyyələnir. Onun çeşidli poetik örnəkləri özünəməxsusluğu ilə diqqəti cəlb edir, şeir və hekayələri mövzusu ilə bir istiqamətdə ənənəyə bağlanır, digər baxımdan orijinal yaradıcı təfəkkürünün nümunəsi olaraq müstəsna təsəvvür formalaşdırır. Azad Novruzov bildirib ki, müasir Azərbaycan uşaq ədəbiyyatının dünya xalqlarına tanıdılmasında Zahid Xəlilin inkaredilməz xidmətləri vardır.
    İnstitutun tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev və “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayilova çıxış edib, Zahid Xəlilin həyat və yaradıcılığı haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, yaddaqalan əsərləri və personajları, bir-birindən maraqlı hekayə və nağılları həmişə oxucular tərəfindən maraqla qarşılanıb. Xüsusən Vətən müharibəsi dövründə Zahid Xəlil yaradıcılığı xalqımızın böyük qələbə dastanını uşaqlarımıza tərənnüm edən “Dəmir yumruq dastanı” kimi möhtəşəm əsər yaradıb.
    Sonra Zahid Xəlil çıxış edərək görüşün təşkilinə görə institut rəhbərliyinə təşəkkürünü bildirib. 
    Sonda İnstitutun tələbələri Zahid Xəlilin şeirlərini ifa edib, ədəbi bədi kompozisiya nümayiş etdiriblər.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə 
əlaqələr xidməti

Nəşr edilib : 19.04.2022 19:27