AZ EN RU

Görkəmli oftalmoloq-alimin adını daşıyan məktəb uğurları ilə seçilir

    Araz çayı sahilində, Arazboyu düzənlikdə yerləşir Kəngərli rayonunun Şahtaxtı kəndi. Qədim Kəngərli tayfasının  yurdu olan bu kənd zəngin keçmiş tarixi, tariximizə bəxş etdiyi görkəmli şəxsiyyətləri ilə tanınır. İctimai xadim, jurnalist Məhəmməd ağa Şahtaxtinski, diplomat Behbud ağa Şahtaxtinski,  tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın Adilə Şahtaxtinskaya, Xalq rəssamı Elmira Şahtaxtinskaya, yazıçı, nasir Hüseyn İbrahimov, görkəmli şair və dramaturq Hüseyn Cavidin atası Molla Abdulla Rasizadə və Tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyeva kimi, ictimai xadim, alim, professor, jurnalist, mühəndis doğulub bu kənddə. 
    Görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin ailəsində dünyaya göz açan dünya şöhrətli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xalqımız qarşısındakı xidmətləri bu gün də ehtiramla xatırlanır, unudulmur. Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan, fitri istedadı, nadir bilik və qabiliyyəti ilə seçilən Zərifə xanım öz fəaliyyəti ilə elmin, həkimlik və pedaqoqluğun ən uca zirvəsinə yüksəlib. Eyni zamanda geniş qəlbi, böyük ürəyi ilə nəinki öz ətrafının, eləcə də bütün Azərbaycan xalqının qəlbində özünə əbədi yer tutub. Zərifə xanım Əliyevanın adı respublikamızda əbədiləşdirilib. Adına olan küçələr, xəstəxanalar, körpələr evi, təlim-təhsil ocaqları ona hörmətin, ehtiramın göstəricisidir. Muxtar respublikamızda Naxçıvan Şəhər Poliklinikası,  doğulduğu Şahtaxtı kəndindəki  tam orta məktəb, eləcə də Naxçıvanda bir küçə Zərifə xanım Əliyevanın adını daşıyır. Prezident cənab İlham Əliyevin  “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2022-ci il 3 noyabr tarixli Sərəncamı Zərifə xanımın zəngin və mənalı ömür yolunu yenidən öyrənmək, tədqiq etmək, araşdırmaq  istəyənlərə Zərifə xanıma böyük sevgi və ehtiramın ifadəsidir. Naxçıvan Muxtar Respublikasında Zərifə xanım Əliyevanın 100 illik yubileyi ilə bağlı Tədbirlər Planı hazırlanıb və çoxsaylı tədbirlər keçirilib.  
    Ümummilli Lider Heydər Əliyev demişdir:  “Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq”. Ölkəmizdə kifayət qədər elmli, savadlı, istedadlı insanlar yetişdirən təhsil müəssisəsi var ki, bu gün də onlar öz uğurları ilə seçilir. Belə təhsil müəssisəsindən biri, görkəmli şəxsiyyətlər yetirən akademik Zərifə xanım Əliyevanın adını daşıyan Şahtaxtı kənd tam orta məktəbidir. 
    Kəngərli rayonunun Şahtaxtı kəndinə getdik, qədim tarixə malik bu məktəbə yollandıq. 4 mərtəbəli məktəb binası uzaqdan  bir universitet binasını xatırladır. Bu böyük elm, təhsil ocağına daxil oluruq. Foyedə akademik Zərifə xanım Əliyevanın büstü, birinci mərtəbədə görkəmli oftalmoloq-alimin xatirə muzeyi yerləşir. Muzey görkəmli akademikin həyat və fəaliyyətini əks etdirən materiallarla zəngindir. Muzeydə Zərifə xanımın portreti diqqətimizi çəkir. Bu portret özündə zərif, incə, yumşaq qadın qəlbinin bütün gözəlliklərini, eyni zamanda elm, səhiyyə sahəsinə mühüm töhfələr vermiş böyük istedada, mənəviyyata malik bir qadının təvazökarlığını, sadəliyini özündə əks etdirir. Burada Zərifə xanım Əliyevanın Ümummilli Lider Heydər Əliyev, Prezident cənab İlham Əliyev, Sevil xanım Əliyeva və nəvələri ilə birgə fotoları, həmçinin tanınmış insanların görkəmli oftalmoloq-alim haqqında söylədiyi fikirlər, Zərifə xanım Əliyevanın elmi fəaliyyəti ilə bağlı kitab və ensiklopediyalar, onun adına olan poçt markaları böyük maraq doğurur. 
    Məktəbin direktoru Ehtimad Məmmədovla məktəbin fəaliyyəti, qazandığı uğurlar barədə həmsöhbət olduq. Onun dedikləri: – Şahtaxtı kəndi böyük elm xadimlərinin, alimlərin  ata  ocağıdır. Dünya şöhrətli alim, professor Zərifə xanım Əliyevanın bu kənddə doğulması bütün şahtaxtılılar üçün qürur mənbəyidir. Bu gün onun adını daşıyan Şahtaxtı kənd tam orta məktəbi öz fəaliyyətini bu ada layiq qurmağa çalışır. 2005-ci ildə istifadəyə verilmiş məktəbimizdə şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradılmış, 2007-ci ilin oktyabr ayında Prezident cənab İlham Əliyev məktəbdə olmuş və məktəbin fəaliyyətinə uğurlar arzulamışdır. İntellektli və vətənpərvər gənclər yetişdirən bu məktəbin binası 2016-cı ildə əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. 594 şagird yerlik məktəb binasında 5-i elektron lövhəli olmaqla, 33 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, 2 şahmat otağı, müəllimlər otağı, tibb otağı, kitabxana, idman zalı və bufet vardır.  Məktəbdə 38 kompüter, kitabxanada 8 mindən artıq kitab müəllim və şagirdlərin istifadəsinə verilib. Kimya və biologiya laboratoriyaları tədris proqramına uyğun təcrübə avadanlıqları, elektron lövhə ilə təmin edilib. Şahtaxtı kənd tam orta məktəbinin 2 müəllimi “Tərəqqi” medalı ilə təltif edilib, 1 müəllim “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 1 müəllim isə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb. 
    “Məktəbin şagirdləri ölkəmizin ali, orta ixtisas və peşə məktəblərinə qəbul olunur, qazandıqları nailiyyətlərlə məktəbimizin adını ucaldırlar”, – deyən məktəb direktoru bunları söylədi: – 2020-2021-ci tədris ilində məktəbimizdən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul 87 faiz təşkil edib, 2021-2022-ci tədris ilində məktəbi bitirən 11 məzun ali məktəblərə qəbul olunub. Məktəbimizdə gənc nəslin hərbi vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi daim diqqətdə saxlanılır. Dediyimiz illər arasında IX sinfi bitirən 8 şagird Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. Qəbul göstəricisinə görə məktəbimiz dəfələrlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən diplomla təltif edilib. Hazırda məktəbimizdə 40 müəllim 347 şagirdin təlim-tərbiyəsi ilə məşğuldur. Bu il akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi  ilə bağlı məktəbimizdə rəsm və şeir müsabiqələri, bilik və idman yarışları keçirilib. Bu tədbirlər davam etdirilməkdədir. 
    Ehtimad müəllim məktəbin xarici əlaqələrinə toxunaraq dedi: – Məktəbimizin Ukraynanın İrpen şəhərindəki Akademik Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəb ilə dostluq əlaqələri vardır. 2018-ci ilin aprel ayında İrpen şəhərində fəaliyyət göstərən Akademik Zərifə Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbinin direktoru Valentina Antonenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olub, görkəm­li akademikin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak edib. Naxçıvan Muxtar Respublikası təhsil işçiləri də həmin məktəbin dəvəti əsasında oraya səfər ediblər. Qarşılıqlı səfərlər əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Həmçinin ötən il məktəbin direktoru Valentina Antonenko Prezident cənab İlham Əliyevə ünvanlandığı məktubda məktəbimizlə dostluq əlaqələrinə toxunmuş, Zərifə xanım Əliyevanın xatirəsinə öz ehtiramını bildirmişdir. 
    Məktəbin müəllimi Arifə Hüseynova ilə söhbətimiz zamanı dedi: – Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyeva oftalmologiyanın inkişafına verdiyi böyük töhfələrlə yaddaşımızda qalıb. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə oftalmologiya aləmində ən yüksək mükafata, həmçinin fəaliyyəti boyu bir sıra orden və medallara layiq görülüb, “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adını alıb. Biz Onunla həm böyük alim, insan kimi, həm də müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı,  bizə böyük Zəfəri qazandıran Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin anası kimi fəxr edirik. 
    “Bu gün məktəb binasında yaradılan şərait hesabına ixtisaslı müəllimlərimiz qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirir”, – deyən Arifə müəllim onu da vurğuladı ki, Zərifə xanım Əliyevanın ömür yolu hər bir şagird və müəllimimiz üçün əsl nümunədir. Məktəbin əksər şagirdləri Zərifə xanım Əliyeva kimi həkim olmaq, xalqına, dövlətinə layiqincə xidmət etmək istəyirlər. 
    Məktəbdə STEAM dərsini tədris edən riyaziyyat müəllimi Gülçin Əhmədova ilə STEAM kabinəsində həmsöhbət olduq : – 2021-ci ildən məktəbimizdə STEAM kabinəsi yaradılıb. Kabinə lazımi avadanlıqlarla təchiz edilib. Peşəkar səriştələrə malik mütəxəssis hazırlığında mühüm rol oynayan STEAM metodu beş sahənin – elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın  birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulmaqla  yaradıcı öyrənməni təmin edir.  Hazırda VI-VII sinif şagirdlərimiz praktiki məşğələlər vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda tətbiqini öyrənir, müxtəlif proqramlardan istifadə etməklə öz bacarıqlarını nümayiş etdirirlər. Şagirdlərimiz STEAM-lə bağlı bütün təbirlərdə, eləcə də “STEAM təhsil festivalı”nda uğurla iştirak ediblər. Festivalda onların arduino proqramından istifadə etməklə hazırladığı “Naxçıvanqala” proyekti maraqla qarşılandı və diplomla təltif edildi. 
    Gülçin müəllim 44 günlük şanlı Vətən müharibəsinə də toxundu: – Kəndimizin  6 şəhidi var ki, onların üçü birinci, digər üçü isə ikinci Qarabağ müharibəsinin iştirakçılarıdır. Qeyd edim ki, böyük Zəfərlə başa çatan Vətən müharibəsində Naxçıvanın digər oğulları kimi, Şahtaxtı kəndinin də mərd, qeyrətli övladları torpaqlarımızın azadlığı uğrunda öz canları-qanları bahasına döyüşərək şəhid olublar. Şagirdlərimiz            3 D printerdə Vətən müharibəsinin şəhidləri Elməddin Həsənov, Azər Tağıyev və Zaman Məmmədovun portretinin çərçivəsini hazırlayıblar. Şəhidlərimizin xatirəsi məktəbimizdə həmişə anılır, onların qəhrəmanlıq, mübarizlik, vətənpərvərlik yolu daim təbliğ edilir.
    Məktəbin uğur qazanan bir neçə şagirdi ilə həmsöhbət olduq. XI sinif şagirdi, kimya, fizika fənləri üzrə keçirilən muxtar respublika olimpiadalarının, bilik yarışlarının iştirakçısı Səriyyə Qənbərli dedi: – IV ixtisas qrupu üzrə ali məktəbə hazırlaşıram. Zərifə xanım Əliyevanın adını daşıyan bu məktəbdə təhsil aldığım üçün qürur duyuram. Mən də onun kimi göz həkimi olmaq, xalqıma, dövlətimə layiqincə xidmət etmək istəyirəm.
    Ucal Musayev məktəbin IX sinfində oxuyur. Bu yaxınlarda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edərək uğur qazanıb. Ucalın təəssüratlarını öyrəndik : –Bu ilin mart-aprel aylarında Bakı şəhərində keçirilən, 11 ölkənin 100-dən artıq idmançısının qüvvəsini sınadığı beynəlxalq turnirdə boks üzrə III yeri tutaraq bürünc medala layiq görüldüm. Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş bu turnir uğur qazandığım idman yarışları içərisində ən dəyərlisi idi. Demək olar ki, muxtar respublikada keçirilən boks idman növü üzrə bütün yarışlarda iştirak edib, dəfələrlə çempion adını qazanmışam. Boksa marağım 4 yaşımdan yaranıb. Atam Aftandil Musayev rayonda tanınan boks müəllimidir. O mənə bu idmanla məşğul olmaq üçün həm bir müəllim, həm də bir ata kimi həmişə  dayaq olub. Bundan sonra da özümü inkişaf etdirmək, uğur qazanmaq üçün var gücümlə çalışacağam. Əldə etdiyimiz nailiyyətlərlə Zərifə xanım Əliyevanın adını daşıyan bu məktəbin adını həmişə uca tutacağıq.
    Kollektivlə sağollaşıb məktəbdən ayrılıram. Düşünürəm ki, həyatı boyu yorulmadan çalışan, elmə, təhsilə, səhiyyəyə mühüm töhfələr vermiş böyük alim haqqında nə qədər yazsan, yenə də azdır. Zərifə xanım həyata, dünyaya “öz odundan” nur verməyə gəlmişdi. Neçə-neçə insanın gözlərinə nur bəxş etmiş, mənalı ömrü, şərəfli həyat yolu, qazandığı nailiyyətləri hər birimiz üçün nümunə olan, gənc alimlər, həkim-oftalmoloqlar nəslini yetişdirən Zərifə xanım Əliyevanın əziz xatirəsi qəlbimizdə əbədi yaşayır.

 Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 28.04.2023 00:11