AZ EN RU

Görkəmli oftalmoloq-alim Zərifə xanım bütün ömrünü insanların gözlərinə nur, işıq bağışlamağa həsr etmişdir

Akademik Zərifə xanım Əliyevanın həyat və tale kitabını vərəqlədikcə onun həm nəcib bir insan, görkəmli alim, həm də xalqını, elini, yurdunu, Vətənini dərin məhəbbətlə sevən bir vətəndaş olduğunu görürük. Hər zaman yaddaşımızda yaşayan görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın bir üstünlüyü var idi. O, insanların gözünə nur verir, minlərlə insana gözəl dünyamızı görmək sevinci bəxş edirdi. Gözlərə işıq, qəlblərə nur bəxş edən, dünyaya gəlişi bahara düşən Zərifə xanım Əliyeva elə bir bahar günündə – 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşmuşdur. Azərbaycan tibb elminin korifeylərindən olan akademik Zərifə Əliyeva qayğıkeş insan, böyük alim, əsil ziyalı kimi bütün elm və tibb ictimaiyyətinin yaddaşına əbədi həkk olunmuşdur. 
Sağlığında xalqı üçün gördüyü işlərlə mənəvi ucalığa yüksələn görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, elm adamı, habelə tibb işçisi üçün mənəviyyat, kamillik və müdriklik məktəbidir. Zəngin elmi yaradıcılıq irsi ilə Azərbaycan oftalmologiyasını dünyada tanıdan yüksək intellekt sahibi akademik Zərifə Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir. Monumental əsərləri, elmi nailiyyətləri, pedaqoqluq səriştəsi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Aydın görünür ki, Zərifə xanım Əliyeva uzun illər gərgin elmi-praktik çalışmaları ilə peşə təcrübəsini artırarkən bu sadə həqiqəti özünün həyat kredosu seçib: həqiqi elm təkcə özünütəsdiq imkanı deyil, həm də Vətənə, xalqa, dövlətə layiqli xidmət vasitəsidir.
Həyat fəlsəfəsi və mənəvi dünyası kifayət qədər zəngin olan, oftalmologiya elminin inkişafına böyük töhfələr verən akademik Zərifə xanım Əliyevanın xatirəsi bu gün də insanların qəlbində yaşayır, əziz tutulur. Elə bunun nəticəsidir ki, görkəmli alimin xatirəsi ilə bağlı müxtəlif anım tədbirləri keçirilir, mənalı ömür yoluna nəzər salınır.
Yüksək mənəvi keyfiyyətləri ilə elmi, dünyagörüşü bir-birini tamamlayan insanlar əsl şəxsiyyətlər kimi cəmiyyətdə layiqli mövqe qazanırlar. Akademik Zərifə xanım Əliyeva da belə nurlu şəxsiyyətlərdən biri idi. Mehribanlıq, həssaslıq, ziyalılıq, bir sözlə, insanlığa xas bütün müsbət cəhətlər onun nəcib simasında qovuşmuşdu. 
Bu il 100 illik yubileyini qeyd etdiyimiz Zərifə xanım Əliyeva 1923-cü il aprel ayının 28-də Şahtaxtı kəndində görkəmli dövlət və elm xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Onun uşaqlıq çağlarının ilk dövrləri Şahtaxtı kəndində keçmiş, sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür. 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirmiş və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçmişdir. Elmi tədqiqatlara sonsuz marağı Zərifə xanım Əliyevanı Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmış, orada həkim-ordinator kimi işə başlamışdır. Həmin institutda onun elmi tədqiqatlara marağı bir qədər də yüksəlmişdir: 1950-ci ildə aspiranturaya daxil olmuş, aspiranturanı bitirdikdən sonra respublika Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamışdır. Həmin illərdə Azərbaycanı traxoma göz xəstəliyi bürüsə də, buna qarşı təsirli müalicə üsulları yox idi. Xəstəliklə mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublika səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım Əliyeva traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edirdi. Konkret müalicə təcrübəsindən başqa, o, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında söhbətlər aparırdı. 
Beləliklə, Zərifə xanımın ilk elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirirdi. İstedadlı həkim tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, dəqiq desək, traxomanın müalicəsində və onun ağırlaşdığı hallarda daha təsirli vasitələrin öyrənilməsinə, o dövr üçün yeni olan antibiotikdən – sintomisindən istifadə olunmasına həsr etdi. Bu tədqiqatların nəticələri alimin 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil etdi. Traxoma xəstəliyinin öyrənilməsi və müalicəsi üzrə elmi işlərini yekunlaşdırdıqdan sonra Zərifə xanım oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə tədqiqatlar aparmağa başladı, qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı araşdırma işlərini genişləndirdi. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin artırılmasına da kömək etdi. 
1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışdı, 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən ona Oftalmologiya ixtisası üzrə böyük elmi işçi adı verildi. 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olundu. Həmin dövrdə Zərifə xanım Əliyeva həkimlik fəaliyyəti ilə məşğul olur, cərrahiyyə əməliyyatları edir, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparırdı. Tibbi təcrübə və kadr hazırlığı məsələləri ilə ciddi məşğul olmasına baxmayaraq, elmi-tədqiqat işlərinin davam etdirilməsinə də böyük əhəmiyyət verirdi. Həmin dövrdə onun diqqət yetirdiyi aktual məsələlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tuturdu. 
Zərifə xanım Əliyevanın diqqətini, əsasən, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının patologiyası da cəlb edirdi. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin, demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi. 1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başladı. Bir sıra mühüm elmi məsələlərlə yanaşı, müxtəlif peşələrlə əlaqədar əmələ gələn göz xəstəliyi problemlərinə xüsusi diqqət yetirir, yod sənayesi, neft-kimya müəssisələrində çalışan şəxslərin görmə orqanlarına təsir edən amilləri araşdırırdı. Tədqiqatçılıq qabiliyyəti yüksək olan Zərifə xanım həmin problem üzərində işləyərkən tez-tez sənaye müəssisələrinə gedir, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi. 
Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevaya doktorluq dissertasiyasının yazılması zamanı da çox gərəkli olmuşdu. Tədqiqatçı-alim “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Dissertasiyanın mövzusu və məzmunu bu sahədə ilk tədqiqat əsərlərindən biri kimi alim-oftalmoloqlar tərəfindən yüksək qiymətləndirilmişdir. 1977-ci ildə alimə “tibb elmləri doktoru” elmi dərəcəsi verilmişdir. Doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru, 1983-cü ildə isə həmin kafedranın müdiri seçilmişdir. İlk gündən ətrafına istedadlı gəncləri toplayaraq elmi-tədqiqat işini, kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil etməyə başlamışdır. 
Akademik Zərifə xanım Əliyevanın elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətə yaxşı məlumdur. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. 
Görkəmli alimi həkim etikası və tibbi deontologiya məsələləri həmişə düşündürmüşdür. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Zərifə xanımın çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Akademik Zərifə xanım Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. 
Zərifə xanım həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün tibb işçilərinin təkcə təhsilinin yox, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir. Alim həkim-xəstə münasibətlərinə toxunaraq insanlar arasında ən incə, yaxın və həssas münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərmiş və “həkim xəstənin ən doğma adamıdır” demişdir. Zərifə xanımın tibbi etika və deontologiyaya dair məqalə və əsərləri ilə yaxından tanış olduqda, onun bu sahəyə dair işlərinin daha geniş miqyasda olduğu və təkcə tibbdə deyil, bütövlükdə, cəmiyyətdə insanlar arasında münasibətlərə həsr edildiyi məlum olur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə elə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”.
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdü. O, həmin mükafata layiq görülən ilk alim qadın idi. 
Tanınmış alim böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. O, ömrü boyu fəal ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
Akademik Zərifə xanım Əliyeva 160-dan çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifidir. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlərə görə “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. 
Hələ 1949-cu ildə Moskvadan təkmilləşdirmə kursundan yenicə qayıtmış gənc Zərifə xanım nümayəndə heyətinin tərkibində Azərbaycan Oftalmologiya İnstitutunun ordinatoru kimi Naxçıvanda keçirilən səyyari seminarda öz təcrübəli həmkarları ilə bərabər iştirak etmişdir. Akademik Zərifə xanım Əliyevanın əldə etdiyi elmi və praktiki nailiyyətləri çox həvəslə Naxçıvan torpağında tətbiq olunmuşdur. Belə ki, ilk dəfə olaraq traxoma xəstəliyinin müxtəlif mərhələlərdə sintomisin emulsiyası ilə müalicə metodu, gözün herpetik xəstəlikləri, virus konyuktivitləri, gözyaşı yolları xəstəlikləri, şəkər retinopatiyası, qlaukoma və başqa xəstəliklərdə akademik Zərifə xanım Əliyevanın təklif etdiyi iridodiaqnostika müayinəsi, yeni terapevtik və cərrahi müalicə üsulları Naxçıvanda geniş tətbiq edilərək yüzlərlə insanın gözünün nurunun özünə qaytarılmasına səbəb olmuşdur. Naxçıvanda oftalmologiya sahəsi ilk dövrdə mərkəzdən gələn kadrlar tərəfindən təşkil və idarə olunsa da, XX əsrin ikinci yarısında bu sahədə bacarıqlı yerli kadrlar ordusu yetişmiş və bu sahəni lazımi səviyyəyə qaldırmağa müvəffəq olmuşlar. Bu nailiyyətlərin əldə edilməsində isə akademik Zərifə xanım Əliyevanın xidmətləri unudulmazdır.
Elmi və ictimai fəaliyyəti ilə yanaşı, Zərifə xanım Əliyeva eyni zamanda qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı idi. O, Ümummilli Liderimiz Heydər Əliyevlə birlikdə qəlblərində daim Vətən sevgisi yaşadan, xalqı üçün çalışan övladlar böyütmüşdür. Görkəmli alimin qəlblərdə yaşayan əziz xatirəsini və xidmətlərini xalqımız daim minnətdarlıq hissi ilə anır. Bu böyük şəxsiyyətin keçdiyi həyat yoluna nəzər salarkən aydın görmək mümkündür ki, elmi tədqiqatların bacarıqlı təşkilatçılığı, dərin elmi düşüncə və parlaq pedaqoji istedad onun şəxsində üzvi surətdə qovuşmuşdur. Böyük-kiçikliyindən asılı olmayaraq, məşğul olduğu sahələrin hamısı Zərifə xanımın istedadı və fədakarlığı sayəsində aparıcı istiqamətə çevrilmiş və bir nümunə səviyyəsinə qalxmışdır. Bu gün istisnasız olaraq demək mümkündür ki, Zərifə xanım Əliyeva həm həkimliyin, həm alimliyin, həm pedaqoqluğun, bunlarla yanaşı həm də insanlığın ali zirvəsinə yüksəlmişdir.
Görkəmli oftalmoloq-alim Zərifə xanım bütün ömrünü insanların gözlərinə nur işıq bağışlamağa həsr etmişdir. Bu ömrün mənası zülmət və qaranlıqla mübarizə aparmaqdan ibarət olmuş, işığını itirmiş gözlərə nur vermək istəyi onun parlaq obrazını qeyri-adi bir nəcibliyə qovuşdurmuşdur. Gözlərə işıq, qəlblərə nur bəxş edən Zərifə xanım Əliyevanın işıqlı və nurlu əməlləri bu gün də yaşayır və xatırlanır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi: “Ömür yoldaşım kimi həyatımda keçdiyim yolda mənə həmişə dayaq, arxa olduğuna görə, ailə həyatımı çox xoşbəxt etdiyinə görə Zərifə xanım mənim üçün çox əzizdir. O, çox istedadlı, çox sadə insan idi. Onun xatirəsi bizim qəlbimizdə, bizim ailənin bütün gələcək davamçılarının qəlbində əbədi yaşayacaqdır”.

Gültəkin ƏLİYEVA
Tibb üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının

 Əməkdar həkimi

Nəşr edilib : 15.04.2024 09:53