AZ EN RU

Görkəmli maarifçinin xatirələri yaşadılır

    Naxçıvan tarixən elm və mədəniyyət mərkəzi olub. Bu torpağın yetirmələrindən biri də görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqidir. XIX əsr Azərbaycan məktəbi, pedaqoji və ədəbi fikir tarixinin görkəmli nümayəndələrindən biri kimi, Məhəmməd Tağı Sidqi bütün həyatı boyu maarif və mədəniyyət carçısı olub, yorulmadan, fədakarcasına xalqı elmə, tərəqqiyə çağırıb. Maarifçilik fəaliyyəti dövründə məktəbdarlıq, ədəbiyyat, teatr və mətbuat sahələrində əvəzsiz xidmətlər göstərən görkəmli maarifçi təkcə Azərbaycanda deyil, Yaxın Şərq ölkələrində də tanınıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev  Məhəmməd Tağı Sidqinin fəaliyyətini yüksək qiymətləndirərək deyib: “Naxçıvanda təhsilin, ümumiyyətlə, mədəniyyətin inkişafında mütəfəkkir Məhəmməd Tağı Sidqinin böyük rolu olmuşdur”. 

    Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin ev-muzeyinin yaradılması haqqında” 2014-cü il 17 sentyabr tarixli Sərəncamı Sidqinin həyat və yaradıcılığına verilən yüksək dəyər və qiymətdir. Sərəncamda deyilir: “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqi realist ədəbiyyatın inkişafında, məktəb, teatr və mətbuat sahəsində əvəzsiz xidmətlər göstərib. Onun yaratdığı məktəblər Azərbaycanda təhsilin, əsərləri isə maarifçi düşüncənin və ədəbiyyatın inkişafında mühüm rol oynayıb. Böyük pedaqoq Məhəmməd Tağı Sidqinin maarifçilik hərəkatının inkişafı naminə xidmətləri öz dövründə olduğu kimi, bu gün də aktuallığını qoruyub saxlamaqdadır”. 
    Doğulduğu, boya-başa çatdığı Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin ev-muzeyinin yaradılması görkəmli pedaqoqun xatirəsinin əbədiləşdirilməsinə, yaradıcılığının daha da dərindən öyrənilməsinə və təbliğ olunmasına geniş şərait yaradıb. 
    Ötən günlərdə muzeylə yaxından tanış oldum. Sizə də bu maarifçilik, mədəniyyət ocağını tanıtmaq istəyirəm… 
    Muzey binası girişdən, 3 ekspozisiya zalından və 3 iş otağından ibarətdir. İlk vitrində Məhəmməd Tağı Sidqinin tərcümeyi-halı verilib. Burada göstərilir ki, görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqi 1854-cü ildə Ordubad şəhərində anadan olub. İlk təhsilini Molla Məhəmməd Tağı adlı axundun məktəbində alıb, daha sonra təhsilini Hüseyn Soltan mədrəsəsində davam etdirməklə klassik Şərq poeziyasını və fəlsəfəsini, eləcə də ərəb və fars dillərini öyrənib. 1892-ci ildə Ordubadda “Əxtər” (Ulduz) adlı yeni üsullu məktəbin əsasını qoyaraq maarifçilik fəaliyyətinə başlayıb. Bu məktəb az bir zamanda böyük nüfuz qazanıb. O, 1894-cü ilin sentyabrında maarifpərvər ziyalılar tərəfindən Naxçıvan şəhərinə dəvət olunub və burada “Tərbiyə” məktəbini açıb. Məktəb Naxçıvan şəhərindəki Came məscidinin həyətində yerləşib. Bu məktəb iki il fəaliyyət göstərdikdən sonra 1896-cı ildən rus-Azərbaycan məktəbinə çevrilib. Həmin dövrdə Sidqi maarifçi ideyalarına görə çarizmin təqiblərinə məruz qalıb, müəllimlik şəhadətnaməsi olmadığından dərs deməsinə qadağa qoyulub. O, İrəvana gedərək xüsusi imtahan verib və Tiflis Zaqafqaziya ruhani idarəsindən xüsusi müəllimlik şəhadətnaməsi alaraq pedaqoji fəaliyyətini davam etdirib. Bundan sonrakı dövr Sidqinin yaradıcılığının və müəllimlik fəaliyyətinin ən məhsuldar dövrü kimi səciyyələndirilir. 1896-cı ildə Sidqi çox gərgin mübarizələrdən sonra Naxçıvanda “Qız məktəbi”nin açılmasına nail olub. 

    İkinci vitrində Məhəmməd Tağı Sidqinin yaratdığı “Əxtər” və “Tərbiyə” məktəblərinin fotoşəkilləri, böyük maarifçinin məktəb haqqında fikirləri nümayiş olunur.  Sidqinin mühüm xidmətlərindən biri də bacarıqlı pedaqoq kimi yeni nəsillərin formalaşması işinə böyük töhfələr verməsidir. Onun vaxtilə dərs dediyi şagirdlər sırasında yetişən tanınmış simalardan biri də elə öz oğlu, görkəmli maarifçi, pedaqoq, publisist, tərcüməçi Məmmədəli Sidqi Səfərovdur. Məmmədəli Sidqi atasının şərəfli yolu ilə getməklə onun ideyalarını ləyaqətlə davam və inkişaf etdirib, maarif, mədəniyyət, mətbuat, ədəbiyyat sahəsində diqqətəlayiq işlər görüb. Vitrində Sidqi və ailə üzvlərinin, eləcə də oğlu Məmmədəli Sidqi Səfərovun fotoşəkli yerləşdirilib. 

    Növbəti vitrində ədibin məktəb və şagirdlər haqqında yazdığı hekayə və şeirlərdən nümunələr, digərində isə onun şagirdlərinin fotoşəkilləri yerləşdirilib. Görkəmli maarifçinin açdığı məktəblər böyük ziyalı nəsli yetişdirib. Burada onun yetirmələri Hüseyn Cavid, Əziz Şərif, Əliqulu Qəmküsar, Rza Təhmasib, Məmməd Səid Ordubadi, İbrahim Əbilov kimi görkəmli şəxsiyyətlərin fotoşəkilləri nümayiş etdirilir. 
    Azərbaycan maarif və məktəbdarlığının inkişafı tarixində Sidqinin göstərdiyi misilsiz xidmətlər yalnız təsis etdiyi məktəblərlə bitmir. O, “Tərbiyə” məktəbində müdir və müəllim olduğu müddətdə “Heykəli-insana bir nəzər”, “Puşkin”, “Kəblə Nəsir” kimi mətbu, “Məsnəviyyati-mədəniyyət”, “Həkimanə sözlər”, “Yüz il yatandan sonra” kimi ictimai-siyasi, fəlsəfi, etik, elmi-pedaqoji əsərlər, “Nümuneyi-əxlaq”, “Coğrafiya xüsusunda məlumati-mücmələ”, “Tənviri əfkar və təfhimi-insaniyyət”, “Töhfeyi-bənat, yainki qızlara hədiyyə” kimi dərsliklərini də yazıb.
    Görkəmli pedaqoqun müəllifi olduğu və hazırda AMEA Əlyazmalar İnstitutunda saxlanılan yeddi dərsliyin əlyazmalarının fotosurətləri, “Kəblə Nəsir” əsərinin üz qabığı muzeydə nümayiş etdirilən qiymətli eksponatlar sırasındadır. Sidqi, həmçinin Azərbaycan maarifçi-realist ədəbiyyatının, o cümlədən Naxçıvan teatrının ilk yaradıcılarından biri kimi də tanınıb. Onun müəllim və teatr rejissoru kimi fəaliyyət göstərdiyi dövrə aid müxtəlif protokol və pasportların fotosurətləri, rejissorluğu ilə hazırlanmış və müxtəlif illərdə Naxçıvan teatrının səhnəsində oynanılan tamaşaların siyahısı, eləcə də tanınmış rəssamların Sidqiyə həsr etdikləri rəsmlər ekspozisiyada nümayiş olunur. Onun rejissorluğu ilə 1890-1903-cü illərdə Mirzə Fətəli Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah”, “Molla İbrahimxəlil kimyagər”, “Hacı Qara”, Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”, “Pəri cadu”, Eynəli bəy Sultanovun “Tatarka” əsərləri uğurla səhnələşdirilib. 
    1903-cü ilin dekabrında Kəngərli rayonunun Qarabağlar kəndində vəfat edən Sidqinin ölümündən sonra ailəsi böyük çətinliklər yaşayıb. Həyat yoldaşı İsmət xanım Səfərova tərəfindən 28 dekabr 1903-cü il tarixdə Naxçıvan rus-tatar məktəbinin direktoruna yazdığı məktubun mətni muzeydə nümayiş etdirilən eksponatlar sırasındadır. 
    Sidqinin Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov, Məmmədəli Şəfiyev, Qurbanəli Şərifzadə, Sultanməcid Qənizadə kimi müasirləri ilə səmimi dostluq əlaqələri olub, görkəmli azərbaycanlı ziyalılar onu böyük ehtiramla xatırlayıblar. Onun həyat və fəaliyyətinə həsr olunmuş qəzet materialları, elmi əsərlər və tədqiqat materialları, rəsm əsərləri, yazdığı kitablar da muzeydə nümayiş etdirilənlər sırasındadır. Naxçıvan ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının 2004-cü il tarixli 12-ci nömrəsi görkəmli pedaqoqun 150 illiyinə, 2014-cü il tarixli 29-cu nömrəsi isə 160 illiyinə həsr edilib. Naxçıvan Dövlət Tele­viziyasının Məhəmməd Tağı Sidqi haqqında hazırladığı sənədli filmlər də ekspozisiyada nümayiş olunur. 
    Məhəmməd Tağı Sidqinin yaradıcılığı muxtar respublika rəhbəri tərəfindən böyük diqqət və qayğı ilə əhatə olunub, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2004-cü il 11 mart tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət Kukla Teatrına görkəmli pedaqoqun adı verilib. Həmçinin Naxçıvan şəhər 4 nömrəli və Ordubad şəhər 1 nömrəli tam orta məktəblər də onun adını daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi” haqqında 2014-cü il 20 avqust tarixli Sərəncamına əsasən görkəmli pedaqoqun 160 illik yubileyi muxtar respublikada geniş şəkildə qeyd olunub. Ekspozisiyada Ali Məclis Sədrinin həmin Sərəncamı, “Görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin ev-muzeyinin yaradılması” haqqında 2014-cü il 17 sentyabr tarixli Sərəncamı, vitrində isə Sidqinin 150 illik yubileyi ilə bağlı Sərəncam, 2014-cü il dekabrın 5-də Ordubad şəhərində keçirilən Məhəmməd Tağı Sidqinin 160 illik yubiley tədbiri və Ali Məclis Sədrinin yubileydəki tarixi çıxışının mətnini əks etdirən qəzet nümunəsi, 150 və 160 illik yubiley tədbirlərinin CD-ləri nümayiş olunur. Həmçinin burada görkəmli maarifçinin əlyazmaları, nəşr olunan məqalə və kitabları, görkəmli pedaqoqun zəngin irsinin öyrənilməsi ilə bağlı keçirilən konfransların materialları, qəbul olunan proqramlar, Məhəmməd Tağı Sidqi haqqında yazılmış kitab, jurnal, qəzet materialları və fotoşəkillər, ötən il noyabr ayının 10-da Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən muzeyə təqdim olunan görkəmli pedaqoqa aid əlyazma nüsxələri də qorunub saxlanılır. 
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na Məhəmməd Tağı Sidqinin “Məktəb hekayələri” kitabı da salınıb. Bu, görkəmli maarifçinin yaradıcılığına göstərilən diqqətin, eləcə də məktəbin, elmin əhəmiyyətindən bəhs edən kitabın gələcək nəsillər üçün nə qədər əhəmiyyətli olduğunun göstəricisidir.
    Muzeyə Rusiya, İran, Türkiyə və digər xarici ölkələrdən də yüzlərlə turist ziyarətə gəlir. Burada qarşılaşdığımız Ordubad rayon sakini Türkan Qüdrətli muzeyin təsəvvür etdiyindən də zəngin olduğunu bildirdi: “Məhəmməd Tağı Sidqinin həyat və yaradıcılığı, fəaliyyəti barədə ətraflı məlumat əldə etdim. Düşünürəm ki, dahi yaradıcılarımız haqqında belə muzeylərin sayı çoxalsa, daha geniş məlumat əldə edər, biliklərimizi genişləndirərik”. Digər bir ziyarətçi Səkinə Alquluyeva Bakı şəhərindən Ordubada istirahət etməyə gəlib. Şəhərin gəzməli-görməli yerləri ilə tanışlıq onda xoş təəssürat yaradıb. Muzeylə tanışlıqdan isə görkəmli maarifçi haqqında daha ətraflı məlumat əldə edib. Maarifçi pedaqoqun ideyalarının qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasını əhəmiyyətli iş hesab edən Səkinə xanım burada gördüklərini dost və tanışları ilə də bölüşəcəyini dedi. 

    Bu gün Məhəmməd Tağı Sidqinin irsi, onun maarifçilik ideyaları, elmin və təhsilin inkişafı sahəsində əsasını qoyduğu ənənələr muxtar respublikamızda yaşadılır. Görkəmli maarifçinin həyat və yaradıcılığı ilə bağlı araşdırmalar davam etdirilir, muzey arxiv materialları əsasında zənginləşdirilir. Görkəmli maarifçinin irsi gənc nəslə təbliğ olunur, onun pedaqoji fikir tariximizdə əsasını qoyduğu ənənələr tədris prosesində tətbiq edilir, muzeydə ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə açıq dərslər keçilir. Bu, bir tərəfdən görkəmli şəxsiyyətin bir zamanlar Naxçıvanda təhsilin və milli inkişafın güclənməsi üçün göstərdiyi əvəzsiz xidmətlərə verilən ən layiqli qiymət, digər tərəfdən isə onun xalqımızın savadlı maarifpərvər, ziyalı kimi formalaşması yolunda göstərdiyi səyləri gələcək nəsillərə ötürmək, təbliğ etmək işində mühüm rol oynayır.

Güntac ŞAHMƏMMƏDLİ ​​​​​​​

Nəşr edilib : 24.08.2022 19:49