AZ EN RU

Görkəmli fırça ustası İbrahim Səfiyə həsr olunmuş kitab və filmin təqdimatı keçirilib

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində  filologiya üzrə fəlsəfə doktoru, “Milli Mədəniyyətin Təbliği İctimai Birliyi”nin rəhbəri Jalə Cəfərovanın müəllifi olduğu “Rəngləri danışdıran adam” kitabının və eyniadlı filmin təqdimatı keçirilib. Dünya şöhrətli rəssam İbrahim Səfinin 125 illik yubileyinə həsr olunmuş təqdimat mərasimində mədəniyyət, ictimaiyyət, media  nümayəndələri, şəhid ailələri və rəssamın qohumları iştirak edib.

          Mərasimdə əvvəlcə vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən müəllif Jalə Çəfərova kitab və filmin ərsəyə gətirilməsində məqsədinin   sənət fədaisi İbrahim Səfinin irsinin  dünyaya tanıtmaq, təbliğ etmək olduğunu bildirib. Vurğulayıb ki, kitabda ömrünün sonuna qədər vətənə qovuşmaq həsrəti ilə yaşayan rəssam Rəhman Səfiyev-İbrahim Səfi haqqında onu yaxından tanıyan insanların, dostlarının xatirələri, rəssamın müxtəlif məzmunda çəkdiyi rəsm əsərləri, arxiv sənədlər, məktublar, ailə şəkilləri yer alır. Türk sənət dünyasında müstəsna yeri və dəyəri olan İbrahim Səfi 10 mindən artıq rəsm əsəri çəkib, Türkiyədə və dünyanın bir sıra ölkələrində 100 sərgisi təşkil edilib,əsərləri şəxsi kolleksiyaları bəzəyib. İbrahim Səfinin Mustafa Kamal Atatürkün rəsmini çəkən ilk rəssamlardan biri olmaqla da tarixə yazıldığını bildirən  müəllif, eyni zamanda rəssam haqqında təqiqatların davam etdirildiyini də diqqətə çatdırıb.

Təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin müdiri İman Alırzayev İbrahim Səfinin həyat və yaradıcılığından danışıb. Vurğulayıb ki, “Rəngləri danışdıran adam” kitabı uğurla, təəssübkeşliklə aparılan bir tədqiqatın yekunudur. Kitab İbrahim Səfinin gənc nəsillərə daha yaxşı tanıtmaq və yaşadılması məramına xidmət edir.

Sonra çıxış edənlər hər iki yaradıcılıq məhsulu ilə bağlı fikirlərini bölüşüblər. Rəssamın qohumu Məhəbbət Səfiyeva ailəsi adından  müəllifə minnətdarlıq edib.

Təqdimat mərasiminin sonunda Jalə Cəfərova kitabın və filmin ərsəyə gəlməsində əməyi olanlara “Təşəkkürnamələr” təqdim edib.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifasında yaddaqalan mahnılar səsləndirilib, aktyorlar tərəfindən rəssamla bağlı səhnəcik nümayiş etdirilib.

Tədbirin sonunda qonaqlara  kitab təqdim edilib və xatirə şəkilləri çəkilib.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 18.08.2023 10:10