AZ EN RU

Görkəmli fırça ustası Bəhruz Kəngərlinin anadan olmasının 132-ci ildönümü ilə bağlı tədbir keçirilib

Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Qədim diyarın yetirmələri: Bəhruz bəy Kəngərli – 132”  mövzusunda tədbir keçirilib.

Tədbir Bəhruz Kəngərli adına Rəssamlar Parkında görkəmli rəssamın abidəsinin ziyarət edilməsi ilə başlayıb.

Bəhruz Kəngərli Muzeyində davam etdirilən tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Seyidov çıxış edərək bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü il 30 dekabr tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin ölkədə, eləcə də muxtar respublikamızda geniş şəkildə qeyd edilməsi nəzərdə tutulmuşdur. Bu gün Bəhruz Kəngərli Muzeyində qədim Naxçıvan torpağının yetirməsi, Azərbaycan realist rəssamlığının banisi Bəhruz bəy Kəngərlinin anadan olmasının 132-ci ildönümünə həsr olunmuş tədbir də həmin tədbirlər sırasına daxildir.

Vurğulanıb ki, Bəhruz Kəngərli Azərbaycan təsviri sənətində realist dəzgah boyakarlığının təşəkkülündə, portret və mənzərə janrlarının formalaşmasında müstəsna xidmətlər göstərmişdir.

Diqqətə çatdırılıb ki, “Mədəniyyəti inkişaf etdirmək milli ruhu yaşatmaq deməkdir”, – deyən Ulu Öndərin mədəniyyət siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bəhruz Kəngərlinin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci il 13 aprel tarixdə “Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında” Sərəncam imzalamış, Sərəncama əsasən görkəmli rəssamın yubileyi ölkə miqyasında geniş qeyd olunmuşdur.

Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəlinin “Əbədiyyət qazanan rəssam”  və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyevanın “Azərbaycan təsviri sənətində Bəhruz Kəngərli” mövzularında çıxışları dinlənilib.

Tədbirin sonunda rəssam Şahin Rəsulzadə tərəfindən “Bəhruz Kəngərlinin portreti” rəsm əsəri muzeyə hədiyyə edilib, muzeyinin ekspozisiyasına baxış olub.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 22.01.2024 17:39