AZ EN RU

Görkəmli akademikin adını daşıyan səhiyyə ocağında onun xatirəsi fəxarətlə yaşadılır - FOTOLAR

    Naxçıvan şəhərində yerləşən, görkəmli akademikin adını daşıyan Naxçıvan Şəhər Poliklinikasında hər dəfə olanda binanın birinci mərtəbəsində yerləşən muzeyi mütləq ziyarət edir, bu gözəl insanın, əziz, müqəddəs ananın büstü qarşısında dayanır, azad, bütöv Azərbaycanın övladı olaraq Onun ruhunu ehtiramla yad edirəm. Bəli, O, qarşısında baş əyməyə borclu olduğumuz Dahi Rəhbərimizə dayaq olan həyat yoldaşı, dünyaya siyasi iradə və əzmlarlığı ilə dərs keçən, azərbaycanlıların ayağına zorla yazılan məğlub xalq sözünü silməyə gücü yetən bir sərkərdə böyüdən anadır. 

    Bu muzeydə Tanrının işıqlı bəndəsi, gözlərə nur bəxş edən bu nurlu insanın xatirəsini yaşadan çox şey var. Muzeydə hər bir eksponat görkəmli alimin keçdiyi həyat yolu haqqında xoş sözlər deyir. Muzey 1999-cu ildə yaradılıb. Həmin ilin oktyabr ayında Ümummilli Lider Heydər Əliyev Naxçıvanda səfərdə olarkən poliklinikaya gəlib. Muzeyin də ilk ziyarətçilərindən biri məhz Ulu Öndər olub, rəy kitabına aşağıdakı sözləri yazıb: “Mənim ömür-gün yoldaşım, mərhum Zərifə xanımın adını daşıyan poliklinika ilə tanış olmaq, onun xatirəsinə həsr edilmiş guşəni seyr etmək məni dərin hissiyyatlara gətirdi. Xatirimdən heç vaxt çıxmayan, mənim üçün çox əziz olan insanın həyat və yaradıcılığını əks etdirən bu guşə məni coşdurdu. Onlar hamısı onun insani keyfiyyətlərinə, böyüklüyünə, böyük elmi və həkimlik xidmətinə layiqli abidədir. Bu xeyirxah işdə zəhmət çəkənlərin hamısına təşəkkür edirəm”. 
    2012-ci il mayın 30-da Akademik Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası şəhərin mərkəzində yeni inşa olunmuş binaya köçürülüb. Prezident cənab İlham Əliyev tibb müəssisəsinin açılışında iştirak edib. Köhnə binada olan muzey eksponantları buraya gətirilib. Səhiyyə ocağının birinci mərtəbəsinin foyesində Zərifə xanım Əliyevanın büstü qoyulub. Burada görkəmli akademikin həyat və fəaliyyətini əks etdirən maraqlı fotolar, həmçinin tanınmış insanların gözəl oftalmoloq-alim haqqında söylədikləri dəyərli fikirlər yer alır. Görkəmli akademik haqqında kitablar da böyük maraq doğurur. Burada onun gənclik, tələbəlik illərini və mehriban ailənin müxtəlif məqamlarını özündə əks etdirən rəsm əsərləri diqqəti çəkir. Tanınmış heykəltəraş Ömər Eldarovun nəfis şəkildə çap olunmuş “Elegiya” adlı illüstrasiyalı kitabı çox maraqlıdır. Bu nəşrdə tanınmış memarın Zərifə xanımın xatirəsinə ucaltdığı məzarüstü abidə barədə də geniş məlumat verilir. Rəy kitabını vərəqləyirik. Burada neçə-neçə tanınmış səhiyyə işçisinin görkəmli oftalmoloq haqqında yazdıqları ürək sözləri vardır. Fotoşəkillərdə isə Əliyevlər ailəsinin müxtəlif anlarının təkrarsız, bənzərsiz görüntüləri əks olunur.
    Muzeyi ziyarət etdikdən sonra səhiyyə ocağı ilə tanışlıq qərarına gəldik. 50 ilə yaxındır ki, insanların sağlamlığı keşiyində dayanan həkim-terapevt Xuraman Hacızadə ilə həmsöhbət olduq. Ondan poliklinikanın tarixi haqqında məlumat aldıq. Bildirdi ki, bu səhiyyə ocağı 1921-ci ildə Naxçıvan şəhər xəstəxanasının nəzdində yaradılmış və ambulatoriya kimi fəaliyyətə başlamış, 1930-cu ildə isə mərkəzi poliklinikaya çevrilmişdir. 1972-ci ildə isə şəhər xəstəxanasından ayrılaraq Naxçıvan şəhər poliklinikası kimi fəaliyyət göstərmişdir. Poliklinika 1990-cı ildən kollektivin tələbi nəzərə alınmaqla görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır. 2012-ci ildə bu səhiyyə ocağı tamamilə yenidən qurulmuşdur. Poliklinikanın altımərtəbəli binasında yüksəkkeyfiyyətli tibbi xidmətin göstərilməsi üçün hər cür şərait yaradılmışdır. 
    Həkim onu da qeyd etdi ki, bina zirzəmi qatı ilə birlikdə beş mərtəbədən ibarətdir. Poliklinikada iki terapiya, cərrahiyyə, rentgen, laboratoriya, ümumilikdə, beş şöbə fəaliyyət göstərir. Burada oftalmoloji, nevroloji, ginekoloji, fizioterapiya, stomatoloji, kardioloji, ultrasəslə müayinə, lor, travmatoloji, yoluxucu xəstəliklər, profilaktik müayinə və herontoloji kabinələr vardır. 
    Digər müsahibim xəstəxananın həkim-oftalmoloqu Kamilə Orucəliyeva ilə söhbətimizdə o bildirdi ki, göz həkimləri gözəl insan, dünya tibb elminə əvəzsiz töhfələr vermiş akademik Zərifə Əziz qızı Əliyevadan dünən də öyrənib, bu gün də öyrənir. Onun dəyərli tədqiqat işləri gələcəkdə də hər bir oftalmoloq üçün nəzəri bilik və təcrübə rolu oynayacaqdır. Böyük akademikimizin Azərbaycan tibb elminə verdiyi töhfələr bu gün bir çox insanın həyatını xilas edir, gözlərinə nur verir. Bu gün hansı həkimi, tibb işçisini danışdırsaq, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyeva haqqında həvəslə, qəlb açıqlığı ilə söhbət açır. Azərbaycan həkimləri Zərifə xanımın keçdiyi mənalı ömür yolunu özünə örnək bilir, onun tibb elminə gətirdiyi yenilikləri, qiymətli araşdırmalar nəticəsində yaratdığı yeni-yeni müalicə üsullarını öyrənirlər, məhz bu yolla xəstələri müalicə etməyə çalışırlar. 
    Tibb ocağından ayrılıram, binanın birinci mərtəbəsindəki muzeydə yer alan bu gözəl Azərbaycan anasının büstü önündə bir anlıq dayanır, öz-özümə deyirəm: “Ey qəhrəman Azərbaycan qadını, müqəddəs ana, sədaqətli ömür-gün yoldaşı! Bu gün hər bir həkim Sizin dəyərli tədqiqatlarınızdan istifadə edib neçə-neçə insanın gözlərinə nur bəxş edib. Sizin bu dövlət, bu Vətən qarşısındakı ən böyük xidmətiniz isə Vətənimizi yox olmaq təhlükəsindən xilas edib, yenidən ayağa qaldıran Ulu Öndərimizə layiqli həyat yoldaşı olub, azərbaycanlıları bütün dünyaya qəhrəman xalq kimi tanıdan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev kimi bir oğul böyütməkdir. Bu xalq Sizin əziz xatirənizi daim minnətdarlıqla anacaqdır.

 Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 14.04.2023 19:54