AZ EN RU

Gömrük-sərhəd buraxılış məntəqələri arasında yeni marşrut salınıb

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Sədərək rayonunda vətəndaşlarla görüşlər və nəqliyyat sahəsində monitorinqlər keçirilib. Aparılmış təhlillər nəticəsində Türkiyə Respublikası ilə sərhədin Sədərək-Dilucu arasındakı hissəsində vətəndaşların nəqliyyat vasitəsi ilə daşınması zərurəti qeydə alınıb. Vətəndaşların rahatlığının təmin olunması məqsədilə yanvar ayının 30-dan etibarən sözügedən ərazidə yeni marşrut təşkil edilib. 
İstifadəyə verilmiş marşrut gün ərzində hər iki istiqamətdə qısa intervallarla sərnişinlərə xidmət edəcəkdir.
Xatırladaq ki, sərnişinlər Sədərək-Dilucu gömrük-sərhəd buraxılış məntəqələri arasında olan 2 km məsafəni piyada getmək məcburiyyətində qalırdılar. Bu istiqamətdə yeni marşrutun salınması sərnişinlərin rahatlığının təmin edilməsi ilə yanaşı, həmçinin ictimai nəqliyyatla sürətli gediş-gəlişə də şərait yaradacaqdır.

Nəşr edilib : 31.01.2024 12:33