AZ EN RU

Gömrük orqanları ilə karqo şirkətləri arasında görüş

    Gömrük orqanları ilə karqo şirkətləri arasında əməkdaşlığın artırılması istiqamətində görülən işlərin müzakirəsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən iclası komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli açıb. O, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 6 mart tarixli Qərarına əsasən muxtar respublikada sürətli poçt xidmətlərinin təşkili, müvafiq qaydada lisenziya almış şirkətlər tərəfindən fəaliyyətin müasir dövrün tələbləri səviyyəsində təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, muxtar respublikada sürətli poçt xidmətlərinin göstərilməsi üçün yaradılan əlverişli şəraitin nəticəsidir ki, daşımaların həcmi xeyli artıb. Karqo şirkətləri yaradılan şəraitdən səmərəli istifadə etməli, xarici ölkələrdə şəxslər tərəfindən alınan malların karqolar vasitəsilə gətirilməsi təşviq olunmalıdır. Diqqətə çatdırılıb ki, sürətli poçt göndərişləri və onların çatdırılmasına, həmçinin qanunvericiliklə qadağan edilən malların daşınmamasına dair tələblər daim diqqətdə və nəzarətdə saxlanılmalı, gömrük məqsədləri üçün mal-müşayiət sənədləri düzgün təqdim olunmalı, malların gömrük sərhədindən sürətli formada keçirilməsi üçün əvvəlcədən düzgün bəyan­etməyə diqqət artırılmalıdır. 
    Komitənin Əməliyyat və təhqiqat şöbəsinin rəisi Mahir Orucov, Mobil gömrük şöbəsinin rəisi İbrahim Mahmudov, Sədərək gömrük postunun rəis əvəzi Turqut Abbasov karqo yüklərinin gömrük rəsmiləşməsi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları barədə məlumat veriblər. Tədbirdə karqo şirkətlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı müzakirələr aparılıb, yeni təkliflər dəyərləndirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət 
Gömrük Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 14.06.2022 20:57