AZ EN RU

Göllərin gözəli, başıdı Göy-göl...

Şəhərdən, necə deyərlər, səhərin gözü açılmamış yola düşməyi planlaşdırmışdıq. Saat 7 radələrində artıq Naxçıvan-Ordubad magistral yolunda idik. Təxminən, müəyyənləşdirdiyimiz vaxtda həmin magistralın Aza kəndi ərazisindən keçən hissəsinə çatırıq. Qeyd edim ki, gedəcəyimiz ünvan Ordubad rayonunda dörd turizm marşrutundan ən böyüyünün üstündə, lap sonunda yerləşən dillər əzbəri Göy-göldür. O Göy-göl ki:

    Zərif qönçə ikən solanı görən,
    Gerçəyi öldürən, yalanı görən,
    Neçə-neçə haqsız talanı görən –
    Dağların gözünün yaşıdı Göy-göl. 

(Əbülfəz Muxtaroğlu)

    Naxçıvanı “Açıq səma altında təbii abidələr muzeyi” adlandıranların sözlərində olan həqiqəti bu qədim yurd yerini yaxından tanıyanlar da təsdiq edərlər. Və burada heç bir mübaliğə, şişirtmə yoxdur... Adı müqəddəs kitabımız “Qurani-Kərim”də çəkilən Əshabi-kəhf, mərcangözlü Batabatda “Üzən ada”, indi getdiyimiz Göy-göl, saymaqla qurtarmayan neçə belə ünvan isə yadıma rus təyyarəçi-kosmonavtı, rəssam Leonovun həmişə xatırladığım, qədim diyarımıza verilən qiymətin ən gözəl və doğrusu olan sözlərini salır: “Kosmosdan Yer kürəsi son dərəcə gözəl, çəhrayı bir rəngdə görünür. Yerə qayıdandan sonra hara yolum düşürdüsə, onun rəngini axtarırdım. Nəhayət, Naxçıvanda tapdım. Kosmosdan baxanda bütün Yer kürəsi Naxçıvan torpağının rəngində görünür”.
    ...Söhbətimin əvvəlində qeyd etdiyim kimi, bu turizm marşrutu böyük bir ərazini əhatə edir. Sabirkənd, Baş Dizə, bir qədər irəlidə və solda Gilançay yaşayış məntəqələri. Həmin yolun  sağında Biləv, Behrud, Parağa kəndləri qərarlaşıb. Bir qədər irəliləyib Ələhi kəndinə çatırıq. Sağda isə Nəsirvazdır. Xurs, Nürgüt kəndləri də yol üstündədir. 
    Həmin yaşayış məntəqələrinin hər birində müxtəlif illərdə kompleks quruculuq tədbirləri çərçivəsində məktəb, tibb məntəqələri, kənd və xidmət mərkəzləri üçün yeni binaların inşa olunması, kənddaxili yolların bərpa edilməsi, körpülərin salınması və digər inşaat işlərinin həyata keçirilməsi Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi quruculuq siyasətinin ölkə başçısı cənab İlham Əliyevin  rəhbərliyi ilə muxtar respublikada uğurla davam etdirilməsi və qədim yurd yerimizə qayğısının ifadəsidir. Təbii ki, bu, insanlar tərəfindən yüksək dəyərləndirilib, onların məskunlaşmasında, məşğulluqlarının təmin olunmasında mühüm rol oynayıb, kənd sakinlərinin yaşayış tərzinin, gün-güzəranlarının yaxşılaşmasına, həyat səviyyəsinin yüksəlməsinə öz təsirini göstərib. Elə yolboyunca rastlaşdığımız şəxsi avtomobillər, yeni salınmış fərdi yaşayış evləri də bunu sübut edir. Necə deyərlər, görünən dağa nə bələdçi? 
    Dağlıq zona olduğu üçün həmin yaşayış məntəqələrində spesifik sayılan bəzi təsərrüfat sahələrinin – heyvandarlığın, maldarlığın, bağçılığın, arıçılığın inkişaf etdirildiyi kəndlərdə qazanılan uğurlar getdikcə artır, bol məhsul istehsalına nail olunur. Bununla da ailələrin iqtisadiyyatı güclənir. Yeri gəlmişkən, bu yaşayış məntəqələrində də ailə təsərrüfatlarının fəaliyyəti diqqət mərkəzində saxlanılıb. Hər il muxtar respublikanın paytaxtında müxtəlif sahələr üzrə təşkil edilən yarmarkalarda həmin yaşayış məntəqələrindən gətirilən məhsullara tələbat getdikcə artır. Çünki alıcılar da yaxşı bilirlər ki, həmin ünvanlardakı təmiz hava şəraitində yetişən məhsullar tam orqanikdir. Belə məhsulların isə insan orqanizmi üçün nə qədər çox faydalı olduğu isə hamımıza bəllidir... 
    ...İllərdir ki, muxtar respublikada elektrik enerjisinə olan tələbatın tam ödənilməsi dövlət başçısının muxtar respublikaya qayğısının ifadəsidir. Bununla belə qədim diyarımızda mövcud olan təbii resurslardan və digər potensialdan istifadə edilərək yeni enerji mənbələrinin yaradılması üçün ölkə başçısının tapşırıqlarına əsasən genişmiqyaslı tədbirlər həyata keçirilir. Hazırda Ordubad rayonunda artıq neçə illərdir ki, fəaliyyət göstərən Biləv Su Elektrik Stansiyasından sonra daha iki ünvanda tikinti işləri aparılır ki, bunlardan biri də Tivi kəndi ərazisində inşa edilən yeni su elektrik stansiyasıdır. Tikilib başa çatdırıldıqdan sonra həmin stansiya muxtar respublikanın enerji şəbəkəsinə öz töhfəsini verəcək, burada yeni iş yerləri yaradılacaq, əhalinin məşğulluq imkanları artacaq. Yeni tikintinin yanından keçib Bist kəndinə çatırıq. Bu yaşayış məntəqəsindəki kənd meydanında dayanaraq, necə deyərlər, nəfəsimizi dəririk. İllərdir ki, dostluq etdiyimiz Hüseyn Hüseynovla da burada görüşüb hal-əhval tuturuq. Məlumat üçün bildirim ki, bu el ağsaqqalı uzun illər kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsində çalışıb; öz xeyirxahlığı ilə təkcə bu yaşayış məntəqəsinin deyil, ətraf kəndlərin də ağsaqqalına çevrilib. Bu gün də ağsaqqallıq missiyasını şərəflə doğruldur.
    Hüseyn müəllim deyir ki, illər öncə bu kəndlərə gəlib çıxmaq üçün saatlarla vaxt itirməliydin. İtirilən təkcə vaxt olsaydı nə vardı ki... Elə bu səbəbdən də o vaxtlar çoxları, xüsusilə gənclər belə yaşayış tərzindən bezib öz doğma od-ocaqlarından köçərək muxtar respublikanın aran zonalarına üz tutdular. Ancaq müstəqillik illərində bu proses öz həllini tapdı. Belə ki, dövlətimizin  ucqar yaşayış məntəqələrinə qayğı göstərməsi bu köçün qarşısını aldı, hətta köçüb gedənlərin çoxu öz dədə-baba torpağına qayıtdı, bağlı qapılar açıldı, insan hənirini yadından çıxarmış evlərə yeni nəfəs gəldi, kənd adamları gün-güzəranlarını yenidən qurmağa başladılar. Tam səmimiyyətlə deyim ki, bu gün heç bir dağ yaşayış məntəqəsinin sakini belə ucqar ünvanlarda ömür sürməkdən narazılıq etmir. Niyə də etsin? Daim işığı, suyu, qazı var. Yaxşı yaşamaq üçün insanlara bunlar lazım deyilmi? Hər bir kənd adamının süfrəsində özünün çörəyi, yağı, balı, digər heyvandarlıq məhsulları, hələ yaz-yay fəsillərindən başlayaraq hazırladıqları qış tədarükü var. Hər biri mal-heyvan, toyuq-cücə saxlayır, bağ becərir, əkinçiliyin bəzi sahələri ilə məşğul olur. İstehsal etdiyi məhsulların böyük bir qismini dükan-bazara çıxarır. Onu da deyim ki, bu kəndlərdə emal və istehsal olunan məhsulların, hətta Bakıda da müştəriləri var.
    Hüseyn müəllim onu da diqqətimizə çatdırır ki, ölkə başçısının muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı Sərəncamla qəbul edilmiş Dövlət Proqramı bu yaşayış məntəqələrinin sakinləri tərəfindən də böyük razılıqla qarşılanıb. Çünki həmin dövlət sənədində ucqar dağ yaşayış məntəqələrində də bir sıra tədbirlərin keçiriləcəyi nəzərdə tutulub. Bu isə o deməkdir ki, sabah bu kəndlərin gözəlliyinə yeni çalarlar qatılacaq, öz istirahətini bu ünvanlarda keçirmək istəyənlərin sayı daha da artacaq (Onu da qeyd edim ki, bu turizm marşrutunu əhatə edən kəndlərin bir çoxunda sakinlər öz evlərini buraya gələnlərə verir, onlar üçün hər cür məişət şəraiti yaradırlar. Bunu isə həmin sakinlərin muxtar respublikada kənd turizminin inkişafına töhfəsi hesab etmək olar).Bütün bunlar isə kənd sakinlərinin sosial rifah halının daha da yüksəlməsinə səbəb olacaq.
    Hüseyn Hüseynovdan, kənd meydanına yığışmış digər sakinlərdən ayrılaraq “Yolçu yolda gərək”, – deyib yolumuza davam edirik. 
    Nürgüt kəndinin çıxacağında bizi buradakı hərbi hissədə müqəddəs əsgəri borcunu yerinə yetirən Ayxan Cəfərli qarşılayır, məqsədimizi öyrənir, lazımi yerlə əlaqə saxlayaraq bizə uğurlu yol arzulayır. 
    Bizi Göy-gölə öz şəxsi “Niva”sında aparan Nürgüt kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Məhərrəm Həbibov bu yerlərin hər daşına, hər qayasına yaxşı bələddir; həm də maraqlı və söhbətcil yolyoldaşıdır: 
    – Elə həftə olmaz ki, gölə bir, ya iki dəfə getməyəm. Gölün ərazisinə müqəddəs yer kimi baxıram. Burada sanki insanın ruhu təzələnir. Bir azdan siz də görəcəksiniz. Kiçik bir ünvanda ilin dörd fəslini müşahidə etmək dünyanın heç bir yerində olmayıb. Bu, Ulu Tanrının qədim yurd yerimizə müqəddəs bəxşişidir: 

    Bura fəsillərin birlik ocağı,
    Neçə şəlalənin dayanacağı,
    Bura bir möcüzə, cənnət bucağı –
    Göllərin gözəli, başıdı Göy-göl.

    Təbii ki, o möcüzəyə, cənnət bucağına, göllərin gözəlinə tez çatmağa tələsirik. O cənnəti görmək, zövq almaq üçün, bir daha belə bir məmləkətdə yaşamağımızla qürur duymaq üçün... Hələ ki, yol gedirik. Məhərrəm müəllimsə öz şirin söhbətindədir. Xan bulağından, Yeddi çeşmədən (əslində, niyə belə adlandırırlar, öyrənə bilmədim, maraqlıdır ki, həmin ərazidə 20-yə yaxın dumduru və dişgöynədən bumbuz suyu olan çeşmə çağlayır), İsgəndərli , Çınqıllı, Ərəzin çeşmələrindən, Soğanlıqdan danışır. Təbiət möcüzələri olan bu çeşmələr ilboyu bura gələnləri qarşılayıb yola salır. Yeri gəlmişkən, onu da vurğulayaq ki, həmin çeşmələrin bəzilərinin suyu Əyriçaya, bəzilərinin suyu isə Saqqarsu çayına qovuşur. Bu iki çay isə vaxtilə mövcud olmuş “Çillək” adlı kənddə birləşir. Bu gün Gilançay kimi tanıdığımız çayın mənbəyi həmin çaylardır... 
    Məhərrəm Həbibov bu gözəlliklər məskənində mövsümdə mal-heyvan bəsləyən insanlardan, onların məskunlaşdıqları obalar barədə söhbət açır – Aza yurdu, Ərəzin yurdu, Cuğa yurdu, Tillək meşəsi... Ucu-bucağı görünməyən bu ərazilər illərdir ki, öz səxavətini buraya üz tutanlardan əsirgəmir.
    ...Göz gördükcə uzanan yaşıllıqlar içərisində rəngbərəng güllərin ətri az qala insanı bihuş edir. Məhərrəm müəllim bu gül-çiçəyin arıçılığın inkişafındakı rolundan danışır, bu ərazilərdə yabanı halda bitmiş müalicəvi otlardan bəhs edir.
    Yanından keçdiyimiz bulağın suyundan içmək üçün avtomobildən düşürük. Məhərrəm Həbibovun qarşıdakı dağın zirvəsinə diqqətlə baxdığını görürəm. Sakitcə dillənir: – Baxın, bu dağların əbədi sakini qartal. Bu ərazilərdə qartal çoxdur. Sanki dağlarımızın keşiyində durublar. Bir də ki, qartalların məskəni həmişə uca dağların zirvələri olub. Bir neçə saniyə möhtəşəmlik zirvəsindən ətrafı məğrur-məğrur seyr edən qartala baxırıq. Məhərrəm müəllimdən qartalın nə üçün belə sakit dayandığını soruşmaq istəyirəm. Elə bu anda qartal ürəyimizdən keçənləri oxuyubmuş kimi qonduğu zirvədən daha yüksəkliyə – səmaya qalxır. 

    Bir yanda keygidar zirvəyə qonmuş,
    Çilçıraq şəlalə havada donmuş,
    Heykəltəraş gecə büllurdan yonmuş? –
    İllərdən-illərə daşıdı Göy-göl.

    Artıq Göy-gölə çatmağımıza az qalıb. Bunu gölü əhatələyən dağların zirvəsini bürümüş duman-çən, dağların duman-çən olmayan yerlərində gözə dəyən qar... və xalıya bənzər yaşıllıq göstərir. Təzada diqqət verirsinizmi? 

    Bir yanda qar yağır, çən-duman çöküb,
    Bir yanda bənövşə boynunu büküb,
    Bir yanda nərgizlər ləçəyin töküb –
    Fəsil tanımaqda naşıdı Göy-göl.

    Əziz oxucular, Göy-gölə qədər gördüklərimizi, yaşadığımız hissləri sizə də çatdırdıq. İstərdik ki, göldə gördüklərimizi fotolar vasitəsilə sizə təqdim  edək. Göy-göl sizi də gözləyir. 

    Dədə Qorqud kimi ozanlar görmüş,
    Teymur tək növraqlar pozanlar görmüş,
    Neçə Koroğlular, Qazanlar görmüş –
    Bu şiş qayaların yaşıdı Göy-göl.

Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının 
Əməkdar jurnalisti

Nəşr edilib : 14.07.2023 19:43