AZ EN RU

Gimnastlarımızdan növbəti uğur

Lənkəran Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 7-ci bölgələrarası kubok təşkil olunub. Yarışda  “Ocaq Sport”  Klubunun Zaqatala, Şamaxı, Ağdaş bölmələri, Abşeron, Naxçıvan, Masallı, Sumqayıt, Lənkəran, İsmayıllı, Qusar, Göyçay Olimpiya İdman Kompleksləri, Mingəçevir - “Kür” Olimpiya Tədris-İdman Mərkəzindən 36 gimnast çempion adı uğrunda mübarizəyə qoşulub.

Muxtar respublikamızdan yarışa Naxçıvan Atletika Federasiyasının məşqçisi Humay Qafarovanın rəhbərliyi ilə 4 idmançı qatılıb. İlham Əliyev adına Olimpiya İdman Kompleksini təmsil edən gimnastlarımız uğurlu nəticələrə nail olublar. 2015-ci il təvəllüdlü balacalar arasında Nilufər Kərimli ikinci yerə layiq görülüb.  2014-cü il təvəllüdlü balacaların yarışında isə İlay Sangur fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Beləliklə, Naxçıvan gimnastları 7-ci bölgələrarası kuboku 1 gümüş və 1 bürünc medalla tamamlayıblar. 

Qeyd edək ki, mükafatçılar 3 yaş kateqoriyasında müəyyənləşib. Balacalar - alətsiz, gürzlər, lent, yeniyetmələr - alətsiz, top, gürzlər, gənclər isə - halqa, top, gürzlər və lentlərlə çıxışlarını nümayiş etdiriblər. Yekun nəticə çoxnövçülük proqramındakı qiymərləndirmənin cəminə əsasən hesablanıb.

Naxçıvan Muxtar Respublikası

Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 08.05.2023 16:11