AZ EN RU

 Gimnastlarımız Bakıda keçirilən beynəlxalq tədbirdə uğurla çıxış edib

    Dənizkənarı bulvarda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş gimnastika hamı üçün növü üzrə 1-ci Bakı Beynəlxalq “Challenge”i reallaşıb.
    Azərbaycanla yanaşı, Gürcüstan və Litvanın təmsil olunduğu (46 komandadan 446 iştirakçı) beynəlxalq idman tədbirində muxtar respublika gimnastları da çıxış ediblər. Tədbir çərçivəsində iştirakçıların yürüşü, ustad dərsləri, əyləncə dolu proqramlar təşkil olunub. Komandaların təqdimatında maraqlı kompozisiyalardan ibarət çıxışlar izlənilib.
    Naxçıvan Atletika Federasiyasının Naxçıvan şəhər və Şərur rayon gimnastika bölmələrindən məşqçilər Humay Qafarova və Xanım Əhmədovanın rəhbərliyi ilə, ümumilikdə, 23 idmançı “Challenge”də çıxış etmək imkanı qazanıb. Şəhər bölməsinin üzvlərinin çıxışı birinci yerlə qiymətləndirilib. Bundan əlavə, onlar “Ən gözəl kostyum” nominasiyasının qalibi adına layiq görülüblər. İlk dəfə beynəlxalq turnir həyəcanı yaşayan şərurlu gimnastlar isə ikinci yerə sahib çıxıblar.
    Sonda bütün iştirakçılar mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası
 Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.06.2023 18:55