AZ EN RU

“Gimnastika hamı üçün” beynəlxalq yarışında qalib olan gimnastların məşqçi müəllimləri ilə görüş keçirilib

İyulun 8-də Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov paytaxt Bakı şəhərində keçirilən “Gimnastika hamı üçün” beynəlxalq yarışında qalib olan gimnastların məşqçi müəllimləri Humay Qafarova və Xanım Əhmədova ilə görüşüb. Görüşdə Elxan Nəcəfov diqqətə çatdırıb ki, gimnastlarımız ölkə və beynəlxalq səviyyəli yarışlarda, həmçinin mədəni-kütləvi tədbirlərdə uğurla çıxış edirlər. 

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 2023-2024-cü tədris ilində Azərbaycan və beynəlxalq səviyyəli müsabiqə və yarışlarda qalib olan şagirdlərlə görüşündə idmanın digər sahələri ilə yanaşı gimnastların yarışlarda uğurlu çıxışlarını da yüksək qiymətləndirib. Bildirlib ki, bu günkü görüşün məqsədi Səlahiyyətli Nümayəndə tərəfindən verilən tapşırığa uyğun olaraq beynəlxalq yarışda qalib olan gimnastların məşqçi müəllimləri ilə görüşüb onların qayğıları ilə maraqlanmaqdır. Görüşdə Elxan Nəcəfov məşqçi müəllimlərin çalışdıqları Naxçıvan şəhər və Şərur rayon Uşaq- Gənclər İdman məktəblərində gimnastika dərnəklərinin fəaliyyəti üçün lazım olan tədris şəraiti, avadanlıqlar, onların ölkə və beynəlxalq yarışlarda iştirakı məsələləri və qayğıları ilə maraqlanıb.

Məşqçi müəllimlər görüşə görə minnətdarlıq edib, onlara Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin hədiyyələri təqdim olunub.

Nəşr edilib : 08.07.2024 22:02