AZ EN RU

Gigiyena və epidemiologiya sahəsində Dövlət proqramı qəbul olunub

    Fevralın 18-də Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 15 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı”nın təqdimatı keçirilmişdir.
    Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov tədbiri giriş sözü ilə açaraq muxtar respublikada aparılan səhiyyə islahatlarından, o cümlədən gigiyena və epidemiologiya sahəsində görülən işlərdən danışmış, Dövlət proqramının mühüm əhəmiyyətə malik olduğunu bildirmişdir. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli çıxış edərək demişdir ki, muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarının tərkib hissəsi kimi gigiyena və epidemiologiya tədbirlərinə xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rayon şöbələrinin fəaliyyəti təmin edilmiş, yeni binalar istifadəyə verilmiş, avadanlıqlar alınmış, müasir laboratoriyalar qurulmuş, ştat strukturu təsdiq olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 15 fevral tarixli Sərəncamına əsasən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı” da bu sahədə fəaliyyətin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 
    Qeyd olunmuşdur ki, əhalinin sağlamlığının qorunması və sanitar-epidemioloji xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədilə qəbul olunmuş Dövlət proqramı sanitar-epidemioloji sabitliyin qorunub saxlanılması, gigiyena və epidemiologiya tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi, eləcə də yoluxucu və parazitar xəstəliklərin yayılmasının qarşısının alınmasına xidmət edəcək. Dövlət proqramında sanitariya nəzarətinin həyata keçirilməsi, sanitariya qaydalarına və gigiyena normativlərinə nəzarət olunması, koronavirus pandemiyası ilə mübarizə tədbirlərinin davam etdirilməsi, kadr hazırlığı ilə bağlı işlərin görülməsi, rayonların epidemioloji xəritəsinin  və muxtar respublikanın epidemioloji pasportunun hazırlanması, dezinfeksiya işlərinin genişləndirilməsi kimi, ümumilikdə, 19 bənd üzrə vəzifələr müəyyənləşdirilmiş, Səhiyyə Nazirliyi, Gigiyena və Epidemilogiya Mərkəzi, eləcə də aid qurumlar qarşısında mühüm tapşırıqlar qoyulmuşdur. Qarşıya qoyulan vəzifələrin icrası əhalinin sağlamlığının və epidemioloji vəziyyətin qorunması, sanitariya mədəniyyətinin formalaşması və epidemioloji xidmətin müasir tələblərə uyğun qurulması kimi mühüm nəticələrin əldə olunmasına imkan verəcəkdir. 
      Ülvi Hüseynli bildirmişdir ki, kollektiv Dövlət proqramını əsas fəaliyyət istiqaməti kimi götürməli, Ali Məclis Sədrinin gigiyena və epidemiologiya sahəsində müəyyənləşdirdiyi vəzifələr ardıcıl şəkildə icra olunmalıdır. 
    Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva bildirmişdir ki, muxtar respublikada aparılan ardıcıl əks-epidemik tədbirlər çərçivəsində səhiyyə sistemi və sanitar-epidemioloji xidmətin fəaliyyəti yenidən qurularaq günün tələbləri səviyyəsinə çatdırılmışdır. İdarəolunan yoluxucu xəstəliklərə qarşı peyvənd işinin təşkili, dezinfeksiya, dezinseksiya, derartizasiya, delarvasiya tədbirlərinin ardıcıl və keyfiyyətlə aparılması insanların sağlam ətraf mühitdə yaşamasını təmin etmişdir. Həyata keçirilən uğurlu sosial-ekoloji siyasət tədbirləri çərçivəsində geniş yaşıllıq zolaqlarının salınması, yeni su anbarlarının tikilməsi muxtar respublika ərazisində epidemioloji şəraitin yaxşılaşdırılmasına və əksər yoluxucu xəstəliklərin ləğvinə səbəb olmuşdur. “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı” da Naxçıvan Muxtar Respublikasında əhalinin sanitar-epidemioloji vəziyyətinin qorunması, sanitariya mədəniyyətinin formalaşmasına nail olmaq və epidemioloji xidməti müasir tələblərə uyğun qurmaq üçün əlverişli şərait yaradacaqdır. Zeynəb Mustafayeva Dövlət proqramının mərkəz və rayon şöbələri tərəfindən icraya götürüldüyünü bildirmiş, qarşıya qoyulan vəzifələrin aidiyyəti üzrə həyata keçiriləcəyini diqqətə çatdırmış, sanitar epidemioloji xidmət səviyyəsinin yüksəldilməsi sahəsində həyata keçirilən tədbirlər və yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq etmişdir.
    Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemioloji şöbəsinin müdiri İradə Rəhimova demişdir ki, ötən il mərkəzin şöbə və laboratoriyaları ən son tibbi avadanlıqlarla təchiz edilmişdir. Pandemiya ilə əlaqədar olaraq mərkəzin tərkibində Xüsusi Təhlükəli Xəstəliklər laboratoriyası yaradılmış, işin keyfiyyətlə aparılması üçün lazımi dərman preparatları ilə təmin olunmuşdur. Yaradılan şərait Dövlət proqramı üzrə vəzifələrin vaxtında icrasına imkan verəcəkdir. 
    Rayon gigiyena və epidemiologiya şöbələrinin müdirləri çıxış edərək Dövlət proqramının əhəmiyyətini vurğulamış, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyini bildirmişlər. 
    Sonda mərkəzdə arxiv işinin təşkili ilə bağlı görülən işlərə baxış olmuşdur.

“Şərq qapısı”

Nəşr edilib : 18.02.2022 19:38