AZ EN RU

Geriyə dön, istiqamət start nöqtəsi – İrəvan

Təxminən 15-20 gündür ki, Cənubi Qafqazın “yazığı” yenə də hoqqabazlıqla məşğuldur və yersiz şüvənlik salmaqla dünyanın diqqətini Ermənistan-Azərbaycan şərti sərhədinə yönləndirmək istəyir. Yəqin ki, ölkəmizin ictimai-siyasi həyatını yaxından izləyən oxucularımız artıq mövzunun fərqinə vardılar. Bəli, söhbət ermənilərin sərhəddə yaratdığı “tır şousu”ndan gedir. Məncə bu, həm də komediyadır. Baş rolu oyuncaq dövlət Ermənistan oynasa da, ssenarinin daha böyük güclər tərəfindən yazıldığı yəqindir.

Əvvəl gərək, məramın xoş olsun

Deməli, məsələ belədir: ötən ayın sonlarında İrəvanın mərkəzinə toplaşan “Spayka” şirkətinə məxsus tırlar Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan erməni əsilli vətəndaşlarımıza “humanitar yardım” çatdırmaq adı ilə sərhədimizə doğru yol aldılar. Hələ yük yola çıxmamış mərasimdə erməni rəsmilər boşboğazlıq edərək bildirdilər ki, guya Qarabağ erməniləri Azərbaycan tərəfindən “blokada”ya salınıb və onlar acından bir-birlərinin ətini yeyirlər. “Aclığın”, “səfalətin”, “etnik təmizləmə”nin qarşısını almaq üçün erməni əsilli rus iş adamı David Qazaryanın rəhbərlik etdiyi şirkətin tırları (“Spayka” tırları baş nazir Nikol Paşinyana və erməni ictimaiyyətinə yad deyil. Bu barədə birazdan.) nəyin bahasına olursa olsun, sərhədi keçməli və Azərbaycanın Xankəndi şəhərinə çatmalıdır.

Beləcə, bütün bu nağıl və çərənləmənin sonunda böyük bir manipulyasiyanın və təxribatın parçası olan, niyyəti heç də təmiz olmayan nəqliyyat vasitələri, Azərbaycanın bu ilin aprel ayında Laçının Həkəri çayı üzərində təsis etdiyi sərhəd buraxılış məntəqisinin bir addımlığına qədər gəlib çıxdılar. Bu addımı ona görə təxribat adlandırırıq ki, sülh danışıqlarının sonuncu Brüssel raundunda moderator – Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin də iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Ermənistan liderləri razılaşmışdılar ki, Qarabağ ermənilər üçün zəruri olan məhsullar ölkəmizin müəyyən etdiyi Ağdam-Xankəndi marşrutundan keçməklə sözügedən bölgəyə çatdırılmalıdır.

Sən saydığını say, gör erməni nə sayır...

Qeyd edim ki, sözü və imzası bir olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Ağdam-Xankəndi marşrutu ən yüksək səviyyədə qurularaq nəqliyyat vasitələrinin hərəkəti üçün hazır vəziyyətə gətirilib. Yəni Brüsselddə necə razılıq əldə olunmuşdusa, Azərbaycan ona bir daha sadiqlik göstərdi. Bizdə yaxşı bir deyim var: söz danışıqdan keçər... Bəs gəlin görək “başbilən” baş nazir nə etdi? Cavab çox sadə: tipik erməni xisləti. Təyyarəsi İrəvana enər-enməz belə bir bəyanatla çıxış etdi ki, Qarabağda guya acından inim-inim inləyən (halbuki sosial şəbəkələrin erməni seqmentində paylaşılan real görüntülərdən aydın olur ki, erməni əsilli vətəndaşlarımızın hər günü çal-çağırla, toy-bayramla keçir) ermənilərə çatası olan “humanitar yük” məhz Laçın sərhəd-buraxılış məntəqəsindən keçməklə Azərbaycana daxil olmalıdır. Bir daha gördük ki, erməni baş nazir nə özünə, nə də imzasına hörmət edir. Əgər belə olsaydı, Vətən müharibəsindən sonra əldə olunmuş üçtərəfli razılaşmaya əsasən qısa müddətdə Nikolun qanunsuz silahlı birləşmələri Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan Azərbaycan ərazilərindən çıxarılmalı, Zəngəzur dəhlizi açılmalı və Naxçıvanın blokadasına son qoyulmalı idi. Başqa bir fakt: Hayastanın rəhbəri sözdə Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisini tanıdığını bəyan etsə də, bunu imzası ilə rəsmiləşdirib sülh müqaviləsi bağlamaqdan boyun qaçırır. İndi biz bu adamın səmimiyyətinə necə inanaq? Əlbəttə bu, ritorik sualdır.

Mən deyirəm qapıdan keç gəl,

sən pəncərədən “dürtülməkdə” maraqlısan....

Ermənilər 44 günlük savaşdan sonra elə hayadan kəm hərəkətlər nümayiş etdirirlər ki, vallah adam çaş-baş qalır. Hərdən mənə elə gəlir ki, sanki Vətən müharibəsində məğlub olan bizik, qalib gələn isə onlardır. Və bu məntiqlə də şərtləri onlar müəyyən edəcək, biz də oturub bunlara tamaşa edəcəyik. İndiki vəziyyətdə bəlkə “böyükləriniz” başınıza ağıl qoya ki, özünüzə gəlin, siz Qarabağı həmişəlik uduzmusunuz, reallıqla barışın! Yəni bu saatdan sonra durub deyəcəksiniz ki, “humanitar yük” sizin müəyyən etdiyiniz yolla ölkəmizə daxil olacaq və bunu həyata keçirərkən Azərbaycanın iradəsini nəzərə almayacaqsınız, bu, çox gülməli səslənir. Bəlkə sizə yüksək gərginlikli elektrik xətti lazımdır ki, özünüzü toka verib silkələnəsiniz və dərk edəsiniz ki, söhbət Azərbaycanın suverən ərazisindən gedir və 86,6 min kvadratkilometrlik coğrafiyada güclü liderin, qətiyyətli, prinsipial, ölkəsinin milli maraqlarını ən yüksək tribunalarda müdafiə etməyi bacaran, XXI əsrin SƏRKƏRDƏSİ cənab İlham Əliyevin sözü keçərlidir. Yumşaq desək, ritorikanıza fikir verin! Azərbaycan deyir ki, daha rahat, iqtisadi imkanları ilə bizə daha faydalı olan marşrutdan istifadə edin, ermənilər isə öz ampulasındadır. Yəni biz deyirik ki, buyurun, evimizə qapıdan gəlin, ermənilər isə pəncərədən dürtülməkdə maraqlıdırlar.

Hayastan rəhbərliyi və bu planı cızan kənar başı pozuqlar belə hesab edirdilər ki, yəqin ki, Azərbaycan “Spayka” tırlarına atəş açar və biz də bunu əlimizdə bayraq edib ən yuxarı kürsülərdən bağırarıq ki, amandı qoyma gəldi, “humanitar niyyət” güllə-baran edildi. Yükün humanitar olub-olmadığı, bu tırlarda separatçılara nələrin daşınmasının qeyri müəyyənliyi isə başqa bir mövzudur...

Bir də həmin əraziyə yaxından bələd olanlar yaxşı bilir, elə çəkilən kadrlardan da aydın görünür ki, bir aya yaxındır sərhədimizdə gecələyən tırların dayandığı nöqtə çox çətin relyefə malikdir, yəni həmin nəqliyyat vasitlərinin manevr edib geriyə dönməsi mümkünsüzə yaxındır. Erməni “baş bilənlər” də düşünüblər ki, Azərbaycan bu çətinliyi nəzərə alacaq və gec-tez inadından əl çəkərək “Spayka”lara “xoş gəlmisən”, - deyəcək. Amma bütün bu planlar alt-üst oldu. İndiki vəziyyətdə bu tırlar bizim üçün zirehli texnikalardan, tanklardan, toplardan belə çox-çox təhlükəlidir. Azərbaycan Prezidentinin müəyyən etdiyi vizyonda ölkəmizə qarşı saymazlıq, yekəxananalıq, təhdid dili ilə danışmaq yoxdur. İstəyir, o 19 tırdakı yükün hamısı xarab olsun, istifadə müddəti keçsin, yenə də bu bizim üçün maraqlı deyil.

Gücümüz də var, qüvvəmiz də

Kənardan baxanda bu “tır şousu” çox gülünc görünür. Əslində reallıq budur ki, Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan erməni əsilli vətəndaşlarımıza Nikolun “odnorazvı” ərzaqları heç lazım da deyil. Çünki Azərbaycan dövləti öz vətəndaşına sahib çıxamağı da bacarır, ərzaqla təmin etməyi də. Amma gəl ki, orada məskunlaşanlar separatçıların çirkin planlarının qurbanına, əsirinə çevriliblər və hər səfərində reinteqrasiyadan açıq şəkildə boyun qaçırırlar. Azərbaycan liderinin bu qədər açıq çağırışlarına baxmayaraq, hələ də qanunsuz rejimə dəstək verməklə məşğuldurlar.

Ağıl və məntiq isə onu deyir ki, başqa çıxış yolu yoxdur. Şimal da, Cənub da, Şərq də, Qərb də Azərbaycandır. Çərçivə hər keçən gün daralır. İşıqlı gələcək, firavan həyat, tox qarın üçün “Spayka”lara yox, Azərbaycan vətəndaşlığına ümid bəsləyin!

O ki qaldı mənasız və cəfəng “blokada” şüarlarınıza... Bu, həyasızlığın pik nöqtəsidir. 90-cı illərdə 20 faiz torpağımızı işğal edən, bir milyondan artıq soydaşımızı dədə-baba torpağından didərgin salan, işğala görən əzəli Azərbaycan torpağı olan Naxçıvanı blokadaya salan ermənilər olsun, indi isə gəlib süni blokadadan dəm vursunlar. Siz blokadanı 30 ildir bu yükü çiyinlərində daşıyan cəfakeş naxçıvanlılardan soruşun! İşğalçılıq siyasətinizə görə illərlə işıqsız, qazsız qalan, anasından ayrı düşmüş yavru təsiri bağışlayan, paytaxtına varmaq üçün məcburi hava yolundan istifadə edən Naxçıvan və naxçıvanlılardan. Buna görə haqlı olaraq Naxçıvan QHT-ləri bugünlərdə beynəlxalq ictimaiyyətə müraciət etdilər. Ümid edirik ki, bu müraciət ikili standartların qurbanı olmayacaq. Çünki Azərbaycan kartları açıq “oynayır”. Haqlı və haqsızın kimliyi çoxdan bəllidir.

“Bu, həmin “Spayka”dır”

 Son olaraq bir neçə kəlmə də yuxarıda anonsunu verdiyimiz “Spayka” barədə. Əbəs yerə demirik ki, bu şirkətə məxsus tırlar erməni baş nazir Nikol Paşinyana yad deyil. Çünki Vətən müharibəsində Azərbaycanın qarşısında diz çökən, son hesablamalara görə 10 mindən çox canlı qüvvəsini itirən Ermənistan itkilərin sayını ictimaiyyətdən gizlətmək, alovlu xalqın qəzəbindən qorunmaq məqsədilə döyüş meydanından çıxarılan leşləri dondurucu funksiyaya malik “Spayka” tırlarında günlərlə saxlayaraq necə deyərlər, aram-aram basdırırdılar. Yəni “Spayka” bir növ Paşinyan üçün qalxan rolunu oynayırdı. Görünür, o yenə də bu nəqliyyat vasitələrinin “ayağının uğurlu olacağına” inanır. Amma Laçında - Həkəri çayı üzərində dayanan qəhrəman Azərbaycan sərhədçisinin siması, iradəsi isə həmin tırların sürücüsünə sanki bu komandanı verir: geriyə dön, istiqamət start nöqtəsi – İrəvan...

Muxtar RZAZADƏ

jurnalist

Nəşr edilib : 16.08.2023 11:46