AZ EN RU

Gərgin əməyin daha yüksək hədəflərə səsləyən şirin bəhrəsi

    Ölkə başçısı cənab İlham Əliyev 2023-2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən 2023-2024-cü tədris ilində qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticə göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə qəbul olan tələbələrə Prezident təqaüdü verilib. Onlar sırasında Naxçıvandan olan 6 tələbə də var. Biz də həmin tələbələrlə görüşüb həmsöhbət olduq.

    Naxçıvan şəhərindəki İslam Səfərli adına 1 nömrəli tam orta məktəbin məzunu Rəna Rəhimli: – 680,2 balla Bakı Ali Neft Məktəbinin Maliyyə ixtisasına (ingilis dilində) qəbul olmuşam. Ölkə Prezidentinin Sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşəm. Hər bir gənc kimi bu mənim üçün də böyük bir qürur hissidir. Ölkə başçımıza təhsilə göstərdiyi yüksək qayğıya görə həm yoldaşlarım, həm də öz adımdan dərin minnətdarlığımı bildirirəm. 

    Şahbuz rayonunun Kükü kənd tam orta məktəbinin məzunu Əli Məmmədli : – Ən böyük arzularımdan biri yüksək nəticə ilə ali məktəbə qəbul olmaq idi. Nəhayət, arzuma çatdım və buraxılış imtahanından 285,6, blok imtahanından 382,2 və ümumilikdə, 667,8 bal toplayaraq IV qrup üzrə muxtar respublika birincisi oldum. Azərbaycan Tibb Universitetinin Tibb ixtisasını (tədris ingilis dilində) seçdim. Məktəbdə oxuduğum illərdə olimpiada və bir çox intellektual oyunlarda iştirak etmişəm, Amerika Riyaziyyat olimpiadasında qızıl medalla təltif olunmuşam. Hər bir uğur, nailiyyət böyük əmək, səy tələb edir. Bu uğurlarımı müəllimlərim və valideynlərimin köməyi ilə qazanmışam. Bizə, təhsilimizə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdaram. Gələcək hədəfim işğaldan azad olunan torpaqlarda əhalinin sağlamlığı üçün çalışmaqdır. 

    Naxçıvan şəhərindəki Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbin məzunu Hafiz Bəylərli təhsil aldığı müddətdə dərslərinə hər zaman məsuliyyətlə yanaşıb, məktəbi “Qızıl” nişanla bitirib. Qəbul imtahanları üzrə, ümumilikdə, 657 bal toplayıb. Hazırda təhsilini ADA Universitetinin Hüquqşünaslıq fakültəsində davam etdirir: – Mən hələ orta məktəbdə təhsil alarkən “Prezident təqaüdçüsü” olmaq arzusu ilə qəbul imtahanlarına hazırlaşırdım. Və bu xəyalım cənab İlham Əliyevin 2023-cü ilin 18 oktyabr tarixli Sərəncamı ilə gerçəkləşdi. Prezidentimizin təhsilə göstərdiyi xüsusi qayğıya görə minnətdarlığımı bildirirəm. Bu uğuru qazanmağımda ailəm və müəllimlərimin böyük rolu olub. Arzu edirəm ki, peşəmin sirlərini dərindən öyrənib ölkəmin vətəndaşlarının hüquqlarını müdafiə edəm. 

    Naxçıvan Qızlar Liseyinin 2022-2023-cü tədris ilinin məzunu, Prezident təqaüdçüsü İnci Fərəcova bildirdi ki, Dövlət İmtahan Mərkəzinin 2023-cü ildə keçirdiyi buraxılış imtahanında 281, blok imtahanında isə 4-cü blok üzrə 376, ümumilikdə isə 657 bal toplayıb. Buraxılış imtahanında əldə etdiyi yüksək nəticəyə görə “Qızıl” nişanla təltif olunub. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Tibb ( tədris ingilis dilində) ixtisasına qəbul olub və hazırda 1-ci kursda təhsil alır.
    İnci deyir ki, universitetdə bu ixtisasa ilk dəfə qəbul aparılıb. Dərslər ingilis dilində tədris olunur. İncinin orta məktəbdə oxuduğu müddət ərzində ən böyük dəstəkçiləri ailəsi, liseydəki müəllimləri və “İstedad” kursunun kollektivi olub. Bu gün dövlətimizin təhsilə göstərdiyi qayğı onun kimi digər tələbələrin uğur qazanmasında başlıca amillərdən biridir. Müsahibimiz onu da vurğuladı ki, məhz “Heydər Əliyev İli”ndə Prezident təqaüdünə layiq görüldüyü üçün qürur hissi keçirir. Söhbətin sonunda İnci yaradılan şəraitə, elmə və təhsilə göstərilən qayğıya görə Prezident cənab İlham Əliyevə öz adından və tələbə yoldaşları adından dərin minnətdarlığını bildirdi.

  Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda 651,1 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə (ingiliscə) ixtisasına qəbul olmuş Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin məzunu Əli Niftəliyev: – Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşəm. Dövlət başçısının tələbələrə göstərdiyi diqqət hamımızı sevindirir. Bu da bizim üzərimizə böyük vəzifə qoyur. Başda dövlətimiz olmaqla bu yolda biz gənclərə dəstək göstərən hər kəsə minnətdarlığımı bildirirəm. 

    Culfa rayonunun Əlincə kənd tam orta məktəbinin məzunu Təhminə Məmmədlinin dediklərindən: – Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında 646,5 bal toplayaraq Bakı Mühəndislik Universitetinin Kompüter mühəndisliyi ixtisasına qəbul olmuşam. Hazırda təhsilimi bu universitetdə davam etdirirəm. Əldə etdiyim uğurlu nəticə 11 ilin bəhrəsidir. Düşünürəm ki, əgər yenidən abituriyent olsaydım, daha çox çalışardım, ingilis dilini tələb olunandan daha yaxşı öyrənər, yaradıcılıq və dərin düşünmə tələb edən bacarıqları daha yaxşı mənimsəyərdim. Abituriyentlərə onu tövsiyə edirəm ki, öz gələcəklərinin qayğısına qalmağa başlasınlar. Sıfırdan başlamalı olsalar belə yollarını dəyişməkdən, inamla addımlamaqdan qorxmasınlar. 
    Yüksək nəticələrimizin dövlətimiz tərəfindən qiymətləndirilməsi bizi çox sevindirdi. Prezident təqaüdünə layiq görüldüyüm üçün şadam. Bu yolda hamıya uğurlar arzulayıram.
    Biz də gəncləri təbrik edir, onlara gələcək tələbəlik və həyat yollarında uğurlar arzu edirik. 

Bülbül Quliyeva
Aysel YUSİFZADƏ

Nəşr edilib : 19.10.2023 17:14