AZ EN RU

Gender məsələləri üzrə məsul şəxslər üçün təlim keçirilib

     Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun həyata keçirilməsində genderə məsul şəxslərin rolu” mövzusunda təlim təşkil edilib.
    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova təlimi giriş sözü ilə açaraq  bildirib ki, ölkəmizdə gender bərabərliyi, eləcə də qadın və uşaq hüquqlarının təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Gender bərabərliyi siyasətini səmərəli şəkildə həyata keçirmək üçün nazirlik, komitə, agentlik, xidmət və digər dövlət müəssisə və təşkilatlarında gender məsələləri üzrə məsul şəxslər təyin edilib. 
     Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra gender bərabərliyinin təmin edilməsi ilə bağlı vacib işlər görülüb, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarəolunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün tədbirlər həyata keçirilir.
    Təlim çərçivəsində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Hacıyeva, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiya şöbəsinin müdiri, professor Rəna Mirzəzadə, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Məişət zorakılığı sektorunun müdiri Vəfa Ələkbərova gender bərabərliyinin təmin edilməsi, qadın hüquqlarının müdafiəsi, cinsi ayrı-seçkiliklə mübarizə üsulları və digər məsələlərlə bağlı çıxış ediblər.  
    Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 22.12.2023 17:25