AZ EN RU

Gəncliyin missiyası: vətənpərvərlik, dövlətə sədaqət

    Tarixi keçmişimizə nəzər salsaq, görərik ki, vətənpərvərlik anlayışı tarixin bütün dönəmlərində xalqımız üçün böyük önəm kəsb etmiş, bu gün də aktual olaraq qalır. Olduqca geniş mənaya malik olan vətənpərvərlik anlayışı özündə Vətənə, millətə sevgi hissini, müxtəlif səviyyə və istiqamətlərdə Vətənə, millətə xidmət etməyi birləşdirir. Tarixin bütün dövrlərində Vətənimizin igid oğulları, qeyrətli qızları vətənpərvərliyi ilə seçilmiş, vətənimizin bütövlüyü uğrunda yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparmış, Vətən naminə canlarını qurban verməkdən çəkinməmiş, əsl vətənpərvərlik nümunəsi göstərərək şərəfli bir iz qoyub getmişlər.

    Hər bir xalqın milli dəyərlərinin əsasında vətənpərvərlik dayanır. Görkəmli dövlət xadimi Heydər Əliyev deyirdi: “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlərboyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”. Bəli, vətənpərvərlik – Vətənə olan ülvi məhəbbətdir, sədaqətdir. Vətənpərvərlik hissi tariximizə, doğma torpaqlarımıza bağlılıqdan, onu düşmən təhdidlərindən qorumaqdan başlayır. Hər bir halda milli vətənpərvərlik hissi insanların bir vətəndaş kimi yerini, mövqeyini, ləyaqət və dəyanətini müəyyən edir, onu bu yolda misilsiz qəhrəmanlıqlar və fədakarlıqlar göstərməyə ruhlandırır. Əgər fəhlə öz vətənpərvərliyini yaxşı işləməkdə, alim maraqlı elmi kəşflərində, şair yazı masasında, müəllim yazı taxtasında, əsgər səngərində görürsə, rəssam gözəl bir tablo yaradırsa, elə əsl vətənpərvərlik budur. Gənc nəsil doğma torpağımızı və dövlətimizi fədakarlıqla müdafiə etməyi, yaxşı təhsil almağı qarşısına məqsəd qoyursa, deməli, əsl vətənpərvərlik nümunəsi göstərir. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır.
    Ulu öndərin milli ideologiyasının əsasında dayanan dövlət gənclər siyasəti əsrlərboyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ümummilli liderin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edib. Əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü, vətənpərvər yeni nəsil yetişib.
    Dahi lider Heydər Əliyev gənc­lərin vətənpərvər ruhda yetişməsini daim diqqətdə saxlayırdı. Ulu öndər gəncləri hərbi xidmətə hazırlamağa, orduda qulluq edən gənclərə qayğı göstərməyə, onların fiziki və mənəvi, hərbi-texniki hazırlığını yüksəltməyə xüsusi əhəmiyyət verirdi. Böyük xilaskar gənclər qarşısında çıxışlarının birində qeyd edirdi: “Azərbaycanın suverenliyi hər bir azərbaycan vətəndaşı üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir. Belə olan halda biz öz taleyimizin sahibi kimi, öz vətənimizi, öz torpaqlarımızı öz gücümüzlə qorumalıyıq. Bunu xalq, bizim gənclər, ordu sıralarındakı Vətən oğulları etməlidir. Ona görə də orta məktəblərdə bir tərəfdən hərbi tədrisə, gənclərin fiziki hazırlığına, idmana ciddi fikir verilməlidir, digər tərəfdən isə gənclərdə vətənpərvərlik hissini yüksəltmək, onları Vətəni qorumağa hazır olmaq ruhunda tərbiyə etmək lazımdır”.
    Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçımızın rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gənc­liyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. Bu siyasət nəticəsində gənclərimiz dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşıblar.
    Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi də bu tarixi kökdən gələn milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan miras qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənc­lər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanırlar.    
    Vətənpərvərlik ruhu ilə böyüyən gənc nəsil 44 günlük Vətən müharibəsindəki zəfər yolumuzda başlıca rol oynadı. Tarixi ədalətin bərpası zamanı gənclərimizin göstərdiyi yüksək vətənpərvərlik nümunələri xalqımızı olduqca qürurlandırdı, gənclər siyasətinin nə qədər düzgün qurulduğunu və həyata keçirildiyini aydın şəkildə göstərdi. Naxçıvanlı gənclərin misilsiz qəhrəmanlıq və şücaəti ilə fərqləndiyi bu müharibə əsl vətənpərvərlik meydanına çevrildi. Ölkəmizin sosial-iqtisadi cəhətdən davamlı və dinamik inkişafı, regionda aparıcı dövlətə çevrilməsi, dövlət başçısı, Ali Baş Komandan Prezident cənab İlham Əliyevin Vətənimizin tərəqqisi, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun durmadan yüksəldilməsi, 30 ilə yaxın müddətdə işğal altında qalan doğma Qarabağın işğaldan azad olunması istiqamətində möhtəşəm fəaliyyəti hər bir vətəndaşımız, yetişməkdə olan hər bir gəncimiz üçün böyük vətənpərvərlik nümunəsi, vətənpərvərlik məktəbidir. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri, möhtəşəm Xudafərin körpüsü üzərində, Qarabağ şəhərlərində müqəddəs üçrəngli Azərbaycan bayrağını qaldırması, hər bir azərbaycanlının iftixar etdiyi əsl vətəndaşlıq, gənclər üçün əsl vətənpərvərlik örnəyidir. Bu tarixi Zəfər, eyni zamanda Azərbaycan xalqının, xüsusən Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, millətimizin Vətən, dövlət, dövlətçilik, bayraq sevgisini, dövlət başçısı və xalq birliyini parlaq şəkildə nümayiş etdirdi.
    Ümummilli lider Heydər Əliyevin yaratdığı Azərbaycançılıq məfkurəsinin əsas prinsipləri dil, din və adət- ənənələrin qorunması, milli dəyərlərin yaşadılması, inkişaf etdirilməsi, təbliği, əsası isə ümummilli ideyaların əsas götürülməsi böyük tarixə və dərin köklərə malik olan muxtar respublikamızda da daim diqqət mərkəzində saxlanılır, gənclik bu ruhda tərbiyə olunur. Muxtar respublikada gənclərin sağlam, vətənpərvər ruhda böyümələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu gün Naxçıvan Muxtar Respublikasında gənclər milli dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı və dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır, idman, elm, mədəniyyət, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edirlər. Naxçıvan Muxtar Respublikası Ali            Məclisinin Sədri cənab Vasif           Talıbovun: “Bu gün bizim qarşımızda bir vəzifə durur: Mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək. Gənclərin bir yolu var. Bu yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək Vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır” fikirləri əsasında muxtar respublika gəncləri öz yolunu müəyyən edir, dövlətçilik ənənələrini daim uca tutur, ictimai-siyasi proseslərdə yaxından iştirak edir, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət ruhunda böyüyürlər.
    Muxtar respublikamızda cəmiyyətin bütün təbəqələri sırasında, gənclərin də üzərinə milli dəyərlərimizi, adət-ənənələrimizi dərindən öyrənmək və təbliğ etmək kimi böyük vəzifələr düşür. Bunun üçün, ilk növbədə, cəmiyyətin əsas aparıcı qüvvəsi kimi reallığı düzgün qiymətləndirərək, qloballaşma dövründə ümumbəşəri dəyərlərin müsbət tərəflərini elə mənimsəməliyik ki, tariximizi, mədəniyyətimizi və bizi birləşdirən milli dəyərləri qoruyub saxlamaqla, dövlətimizin inkişafına öz dəyərli töhfələrimizi verə bilək. Bu gün hər bir Azərbaycan gəncinin mənəvi borcu daxili, xarici təqiblərdən, təhdidlərdən, bizə qarşı yönələn təzyiqlərdən qorunma işində öz çiyinlərini bu yükün altına vermək və ölkəmizə sahib çıxmaqdır. Qürurvericidir ki, gənclik ulu öndər tərəfindən əsası qoyulan gənclər siyasətini uğurla həyata keçirən ölkə Prezidenti ətrafında sıx birləşib, milli təəssübkeşlik, vətənpərvərlik nümunəsi ortaya qoymalı, xalqımıza, milli dövlətçiliyimizə zərər verməyə çalışan xarici qüvvələrə və onların daxildəki havadarlarına layiqli cavab verməyi bacarmalıdır. Çünki müstəqil Azərbaycan dövlətini qorumaq, dövlətə sahib çıxmaq hər bir Azərbaycan vətəndaşının ilkin vəzifəsidir. Milli vəzifəmiz həmişə dövlətin yanında olmaqdır.    
    Gəncliyin başlıca missiyası Vətənini göz bəbəyi kimi qorumaqdır. Hər kəs öz sevgisi, məhəbbəti, varlığıyla Vətənini şəxsiyyətində, mənliyində yaşatmalıdır. Yaşatmalıdır ki, Vətən yaşasın. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “O dövlət, cəmiyyət güclüdür ki, onun gəncliyi, əhalisi dövlətə, mənsub olduğu xalqa sədaqətlidir, vətənpərvərdir, təhsillidir. Vətənpərvərliyi, milli ruhu, zəngin mədəniyyəti olmayan insan yüksək savada da malik ola bilməz. Odur ki, harada təhsil almağınızdan, fəaliyyət göstərməyinizdən asılı olmayaraq, unutmayın ki, Müstəqil Azərbaycan Respublikasını təmsil edirsiniz, doğma ana yurdumuz Azərbaycandır. Azərbaycanın adını, azərbaycanlı şərəfini daim uca tutmalı, hər biriniz bu ada layiq olmalısınız” müdrik tövsiyəsi muxtar respublikamızın bütün gəncləri tərəfindən böyük etimad kimi dəyərləndirilərək başlıca fəaliyyət pro­qramına çevrilib.

    Muxtar respublika gəncliyi bundan sonra da ölkə başçısının, muxtar respublika rəhbərinin ardıcıl şəkildə həyata keçirdiyi Azərbaycançılıq prinsiplərinə əsaslanan mükəmməl dövlət siyasətini dəstəkləyəcək, ulu öndər Heydər Əliyevin dövlətçilik təliminin həyata keçirilməsinin fəal iştirakçıları kimi vətənpərvər və dövlətə sədaqətli olmağı mühüm missiya kimi həyata keçirəcək.

Arzu ABDULLAYEV
Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti 
ərazi ilk partiya təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru

Nəşr edilib : 01.02.2022 22:53