AZ EN RU

“Gəncliyin missiyası: Dövlətçiliyə sədaqət” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

    Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi Ərazi Partiya Təşkilatı və ali təhsil ocağının Tələbə-Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Gəncliyin missiyası: dövlətçiliyə sədaqət” layihəsi çərçivəsində  “Gənclər və Azərbaycan xarici siyasəti” mövzusunda növbəti tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, Türkdilli Dövlətlərin Parlament Assambleyasının sabiq baş katibi Ramil Həsən tələbə-gənclərlə görüşüb. 
    Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi partiya təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev açaraq müasir gəncliyin müstəqil dövlətçiliyin inkişafındakı aparıcı rolundan danışıb.
    Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi, Türkdilli Dövlətlərin Parlament Assambleyasının sabiq baş katibi Ramil Həsən çıxış edərək bildirib ki, bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Onlar öz həyatını qurarkən, ilk növbədə, müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, əməli fəaliyyətində yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirirlər. 
    Qeyd olunub ki, müstəqil Azərbaycanın dövlət gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində ulu öndər sağlamdüşüncəli gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xüsusi əhəmiyyət verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi.  Bu gün artıq yeni bir gələcəyin addım səsləri eşidilir, Azərbaycan gəncliyi öz uğurlu missiyasını davam etdirir. Azad edilmiş torpaqlarımızı qarlı-şaxtalı səngərlərdə göz bəbəyi kimi qoruyur. Əminik ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağın çiçəklənməsində, tarixi torpaqlarımızın dirçəldilməsində də  gənclərimiz  yaxından iştirak edəcək. Heç şübhəsiz ki, Naxçıvan Dövlət Universitetinin fəal tələbə-gəncləri də bu sahədə öz sözünü deyəcək, nələrə qadir olduqlarını ən gözəl şəkildə nümayiş etdirəcək. 
    Ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, bu gün cəmiyyətimizdə savadlı, müasir dünyagörüşlü, vətənpərvər gənc kadrların formalaşdırılması mühüm dövlət siyasətinin tərkib hissəsi kimi qəbul olunmaqdadır.  
    Sonda tələbə-gəncləri maraqlandıran suallar cavablandırılıb. 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 04.05.2022 22:30