AZ EN RU

“Gəncliyimiz və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans

    “Naxçıvan” Universitetində Azərbaycan Respublikasının Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə birgə “Gəncliyimiz və Azərbaycan dili” mövzusunda elmi-praktik konfransı keçirilib.
    Konfransda çıxış edən “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, ana dilimizin dövlət dili statusuna yüksəldilməsi, dilimizin qorunması, hərtərəfli inkişafı və beynəlxalq münasibətlər  sisteminə yol tapması ulu öndər Heydər Əliyevin düşünülmüş siyasətinin  bəhrəsidir. Hər bir millətin maddi və mənəvi irsinin qorunması və inkişafında dilin əvəzsiz rolundan danışan rektor Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncam və fərmanları xatırladaraq daim bu istiqamətdə çalışmalar həyata keçirməyin zəruriliyindən söz açıb.
    Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva bildirib ki, dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu yüksəliş millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilin zənginliyinin sübutudur.
       “Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, professor Sədaqət Həsənova Azərbaycan dilinin hərtərəfli inkişafının ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb. 
    Konfransda Monitorinq Mərkəzinin əməkdaşları Səma Vəliyeva, Türkanə İsrafilova, Nərgiz Əsədova və Günel Məmmədovanın çıxışları dinlənilib. Konfrans maraqlı diskussiya şəraitində davam edib.
    Yekunda qonaqlara “Naxçıvan” Universiteti adından hədiyyələr təqdim edilib.              
    Qeyd edək ki, “Naxçıvan” Universitetində xarici dillərin tədrisi istiqamətində də məqsədyönlü iş aparılır. Bu günlərdə universitetdə Alman Dili Tədrisi Mərkəzinin açılışı olub. Açılış mərasimində alman professoru Ziglinde Hartmann, naşir Hans-Jürgen Maurer, Bakı Slavyan Universitetinin professorları Sevinc Rzayeva, Əfqan Abdullayev, baş müəllimi Leyla Bəylərova və universitetin professor-müəllim heyəti iştirak edib. Almaniyanın Höte adına Dövlət Mədəniyyət İnstitutunun rəsmi tərəfdaşı olan Alman Dili Tədrisi Mərkəzinin  hədiyyə etdiyi kitablarla “Naxçıvan” Universitetinin Elmi Kitabxanasında “Almaniya kitab guşəsi” də yaradılıb.  

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 18.05.2022 19:37