AZ EN RU

Gənclik duyğularının Qərbi Azərbaycan sədaları

Şahbuz rayonunun Batabat yaylağında keçirilən "Qərbi Azərbaycana qayıdış"  festival-konqresi yaşlısından gəncinə hər bir kəsin diqqətini Batabat yaylaqlarına çəkməyi bacardı. Qərbi Azərbaycanın  mədəniyyətini əks etdirən çadırlar, müxtəlif cins atlar, bişirilmiş dadlı təamlar insanı sanki kitablarda oxuduğu, dədə-babalarımızdan danışılaraq bizə çatan Qərbi Azətbaycana səyahətə aparırdı. Elə məhz bu hisslərimi bölüşmək və öz həmyaşıdlarımın da hiss etdikləri duyğuları öyrənmək üçün Batabat yaylağını gəzə-gəzə onlarla həmsöhbət oldum. Gənclər  "Şərq qapısı" qəzeti üçün öz təəssüratlarını bu cür bölüşdülər:


Mirməhəmməd Seyidov: - Naxçıvan Dövlət Universitetinin tələbəsi olmaqla yanaşı, həm də bu festivalda könüllü tələbə kimi iştirak etmək məni həqiqətən çox sevindirir. Festivala hazırlıq proseslərini yaxından izləyərək Qərbi Azərbaycanın milli dəyərlərini bir az da olsa öyrənmək bizlər üçün vətənpərvərlik duyğularını daha da artırdı. Batabat yaylaqlarından görünən dağların və təpələrin arxasında olan Qərbi Azərbaycan bu gün bəlkə də eşitdiyi bu xalq mahnıları, yallı havalarının sədaları altında bizim ona addımladığımız sürətdə bizə doğru bir addım daha da yaxınlaşdı. Doğrudur, bəlkə də Batabat yaylaqlarında dayanarkən dağların əzəmətindən biz Qərb bölgəsini görə bilmirik. Amma mən, sən və ümummilikdə bu xalq inanır ki, sülh içərisində öz nənələrimizin bizə şirin-şirin danışdığı o diyarlara qayıdacağıq və bu konfransdan birini də "Qərbi Azərbaycana qayıtdıq" başlığı altında keçirəcəyik.


Duyqu İbrahimli: - Bu gün bu qədər insanın burada toplaşması təsadüfi deyil. Mən özüm ilk dəqiqələrdən buraya gələndə buranı çox balaca təsəvvür edirdim, amma görürəm ki, artıq festivalın yarısını belə gəzmədən yorulmuşam. Yorulmağıma baxmayaraq hər dəfə burada qarşıma çıxan İrəvan, Vedibasar, Dərələyəz və başqa  Qərbi Azərbaycan bölgələrinin mədəniyyətini əks etdirən çadırlar, dolma və digər ət yeməklərinin müxtəlif növləri insanı burada gəzməkdən yorulmağa qoymur. Hər dəfə yeni mədəniyyətlər və dadlar öyrənmək çox maraqlı hisslərdir. Elə bil tarixdə nə vaxtsa oxuduğum İrəvan xanlığı bu gün Naxçıvan torpaqları üzərində Batabat yaylaqlarında canlanıb. Naxçıvan və Qərbi Azərbaycan bir birinə çox yaxındır. Həm ərazi olaraq, həm də milli-mədəni dəyərlər baxımından. İnsan o qədər doğmalıq hiss edir ki,  sanki Qərbi Azərbaycan elə Naxçıvandan ayrı düşən onun öz torpağıdır. Biz hələ bu gün bir Naxçıvanlı olaraq bu Batabat yaylaqlarında bu hissi keçiriksə, oraya qayıdan Qərbi Azərbaycanlılar həmin gün hansı hisslər keçirəcək həqiqətən maraqlıdır. O günü mən də bütün soydaşlarım kimi səbirsizliklə gözləyirəm.


Aysu Salmanova:- Qərbi Azərbaycan torpaqları olduqca maraqlı bir mövqedə yerləşir. Qərbi Azərbaycan sanki Azərbaycan adlı bir qartalın neçə illərdir qırılmış  bir qanadıdır. Qarabağa qayıtmaq bizim vətənpərvərlik hisslərimiz və qürurumuz üçün nə dərəcə vacib idisə, Qərbi Azərbaycana da qayıtmaq bizim üçün eynidir. İrəvan xanlığı dövründə at belində Mehdiqulu xanın vaxtıykən at çapdığı o yerlərdə indi yadların gəzişməsi biz azərbaycanlıları kədərləndirir. Lakin bu gün burada keçirilən bu festival həmin kədər hisslərini yavaş-yavaş sevinclə əvəzləyir. İndi həmin Mehdiqulu xanın atının kişnərtisi və onun nəslindən gələn bütün Qərbi azərbaycalıların səslərinin sədası burada - Batabat yaylaqlarındadır. Bir gün Qərbi Azərbaycandan Ağrı dağını seyr etməyi arzu edirəm və inanıram ki, bu arzum nə vaxtsa gərçəkləşəcək. 


Pərvin Səfərzadə:- Burada olmaq mənim üçün ikinci bir inam hissinin doğması deməkdir. İlk inam hissi bir vaxtlar televizyalarda görüntülərini gördüyümüz, şeirlərdə və mətnlərdən oxuduğumuz,  eşitdiyimiz Qarabağın qayıtmasıyla gərçəkləşmişdi. İndi həmin diyarlara getmək, Şuşanı, Kəlbəcəri və başqa torpaqları görmək çox asan və təhlükəsizdir. Mən inanıram ki, nə vaxtsa həmin inam və təhlükəsizlik Qərbi Azərbaycana gedərkən də bizi qarşılayacaq. Qərbi Azərbaycana qayıdış oranın sakinləriylə yanaşı biz naxçıvanlılara da bir o qədər əzizdir. Demək olar ki, mənə görə cənubda Naxçıvanda yerləşən Sədərək, Şahbuz, Ordubad kimi məkanlar Şimal qərbdə Dərələyəz, Şörəyel, Vedibasar kimi bölgələrlə eynidir. 
Gənclərin düşüncələri və söhbətləri bir-birindən olduqca maraqlı idi. Elə sözlərimizi də Batabat dağlarını seyr edərkən Göyçə mahalının dəyərli şairi və ozanı - Aşıq Ələsgərin "Dağlar" qoşmasının sözləriylə bitirmək yerinə düşər:

Gahdan çiskin çökər, gah duman eylər,
Gah gəlib-gedəni peşiman eylər,
Gahdan qeyzə gələr, nahaq qan eylər,
Dinşəməz haramı, halalı dağlar.

Köçər ellər, düşər səndən aralı,
Firqətindən gül-nərgizin saralı,
Ələsgər Məcnun tək yardan yaralı,
Gəzər səndə dərdli, nalalı, dağlar!

Nəşr edilib : 22.06.2024 13:15