AZ EN RU

Gənclərlə görüş

    Muxtar respublikada gənclərin problemlərinin həlli, ideyalarının dəstəklənməsi, eləcə də onların müxtəlif sahələrdə təşəbbüskarlıqlarının artırılması məqsədilə keçirilən ənənəvi görüşlər davam etdirilir. 
    Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı Babək rayon gəncləri ilə görüş zamanı deyib ki, vətənpərvər, savadlı, istedadlı, milli dəyərlərə bağlı olan sağlam gənclik modeli formalaşdırılması və müasir idman mühitinin yaradılması nazirliyin fəaliyyətinin əsasını təşkil edir. Gənclərin şəxsi inkişafı və dünyagörüşünün formalaşması, yaradıcılıq potensialının yüksəlməsi, müxtəlif sahələr üzrə təcrübə qazanması və yeni biliklərə yiyələnməsi üçün davamlı olaraq tədbirlər, layihələr icra olunur. Dövlətimiz tərəfindən gənclər və idman sahəsinə bütün sferalarda göstərilən dəstək, yenilənən infrastruktur, bir sözlə, atılan məqsədyönlü addımlar nəticəsində ölkə gəncliyi durmadan inkişaf edir. Qeyd olunub ki, muxtar respublika rəhbərliyi tərəfindən istedadlı gənclərin qiymətləndirilməsi və onlara cəmiyyətin aparıcı sahələrində yüksək etimad göstərilməsi ənənəsi Ali Məclis Sədrinin gəncliyə olan qayğısını və yüksək gözləntilərini əks etdirir. Bununla yanaşı, gənc nəsil nümayəndələri də öz üzərində çalışmalı, yaradılan şəraitdən səmərəli istifadə etməlidir. 
    “Siz gənclərin fəaliyyətində təşəbbüskarlıq cəhdlərinin artırılmasına, yeni fikir, ideya və təkliflərlə, o cümlədən layihələrlə gündəmə gəlməyinizə nail olmağa çalışırıq. Görüşümüzün məqsədi də məhz problem və təkliflərinizi dinləməklə sizə kömək etmək, müxtəlif məsələlərin həlli və yeni metodların tədbiqi ilə bağlı müzakirələr aparmaqdan ibarətdir”, – deyərək çıxışını yekunlaşdıran nazir ardınca gəncləri maraqlandıran sualları cavablandırıb.
    Qeyd edək ki, səmimi söhbət zamanı iştirakçıların rayonda idman infrastrukturunun genişləndirilməsi, yeni məşq bölmələrinin fəaliyyətə başlaması, gənc sahibkarlara dəstək, ekskursiyalarda Babək rayonundan olan gənclərin davamlı iştirakı istiqamətlərində fikirlər səsləndirilib, bu və digər məsələlər ətrafında müzakirələr aparılıb. 

Naxçıvan Muxtar Respublikası Gənclər və 
İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 12.04.2022 18:15