AZ EN RU

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il fevralın 28-də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət Proqramının əhəmiyyətinin nəzərə alıb qəzetin oxucularına təqdim edirik.

1. Qısa xülasə

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanmışdır.

Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir.

Dövlət Proqramı bu sahədə mövcud olan beynəlxalq təcrübə və meyillər nəzərə alınaraq hazırlanmışdır.

Dövlət Proqramında bu sahədə müşahidə edilən qlobal trendlər və onların ölkə potensialına təsirləri qiymətləndirilmiş, mövcud vəziyyət təhlil edilmiş, uzunmüddətli dövr üçün strateji baxış formalaşdırılmış, hədəf göstəriciləri və prioritet istiqamətlər, o cümlədən icra müddətləri göstərilməklə müvafiq tədbirlər, əsas və digər icraçılar, gözlənilən təsirlər, icra mexanizmləri təsbit edilmişdir.

Dövlət Proqramının əsas istiqamətləri aşağıdakılardır:

- prioritet istiqamətlər üzrə ixtisas sahələrinin müəyyən edilməsi;

- prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının müəyyən edilməsi;

- Dövlət Proqramında iştirakın seçim meyarlarının və prosedurlarının müəyyən edilməsi;

- xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı qaydaların müəyyən edilməsi;

- Dövlət Proqramı məzunlarının məşğulluğunun təmin edilməsi imkanlarının yaradılması.

Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcəkdir. Ali təhsilin bakalavriat səviyyəsində təhsil almaq üçün seçimdə beynəlxalq fənn olimpiadaları qaliblərinə üstünlük verilməsi Dövlət Proqramı çərçivəsində istedadlı gənclərin dünyanın qabaqcıl ali təhsil müəssisələrindən məzun olaraq ölkəmizin gələcək inkişafına əlavə dəyər yaratmalarını təşviq edəcəkdir. Ali təhsilin magistratura səviyyəsində intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə və yüksək texnologiyalara əsaslanan ixtisaslara üstünlük verilməsi isə əmək bazarında müasir bacarıqlara malik ixtisaslı kadrların sayını artıracaqdır.

Dövlət Proqramının icrası ölkədə daha keyfiyyətli insan kapitalının formalaşmasına və Azərbaycan Respublikasının beynəlxalq reytinqlərdə mövqelərinin əhəmiyyətli şəkildə yaxşılaşmasına şərait yaradacaq, əmək bazarında tələb olunan ixtisas sahələri üzrə peşəkar kadrlar hazırlanacaq, ölkəyə qayıdan məzunların ən müasir təcrübə və biliklərdən istifadə edərək göstərəcəkləri fəaliyyət ölkənin tərəqqisinə töhfə verəcəkdir.

Bundan başqa, Dövlət Proqramı məzunlarının məşğulluğunun təmin edilməsi və karyera inkişafının stimullaşdırılması mexanizmlərinin yaradılması nəzərdə tutulur.

Neft gəlirlərinin insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq, Dövlət Proqramı Dövlət Neft Fondunun vəsaiti, eləcə də beynəlxalq təşkilatların texniki və maliyyə yardımları, kredit və qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi şəxslərin, habelə fiziki şəxslərin ianələri hesabına maliyyələşdiriləcəkdir.

 

2. Qlobal trendlər

 

Hər bir ölkənin sosial-iqtisadi inkişafı həmin ölkədə insan kapitalının inkişaf səviyyəsindən asılıdır. Son dövrdə dünya iqtisadiyyatında müşahidə olunan texnoloji dəyişikliklər şəraitində rəqəmsal bacarıqlara malik, yeni texnologiyaları aktiv tətbiq edə bilən, gələcək illərdə dünyada artan rəqabətə hazır olan yüksəkixtisaslı insan kapitalının formalaşdırılması xüsusi aktuallıq kəsb edir.

İnnovasiyalar. Qlobal dəyər zəncirinin formalaşmasında innovasiyaların rolu dayanmadan artmaqdadır. İnkişaf etmiş ölkələrdə ÜDM-in artımının 80-95 faizini məhz yeni texnologiyaların yaratdığı məhsullar, işlər və xidmətlər təşkil edir. Hazırda iqtisadi artımı səciyyələndirən amillər ciddi dəyişikliklərə məruz qalmaqdadır. Bu dəyişikliklərin təməl hərəkətvericilərindən biri də rəqəmsallaşmadır. İqtisadiyyatın rəqəmsallaşdırılması dünyada iqtisadi proseslərin və resursların idarə olunmasını, optimallaşdırılmasını, paylaşılmasını və yerləşdirilməsini əsaslı şəkildə dəyişdirir. Bu proses məhsuldarlığı artırır, sahibkarlıq subyektlərini innovativ ideyalara, texnologiyalara, müasir idarəetmə və biznes modellərinə keçməyə təhrik edir və bazarlara yeni çıxış kanalları yaradır.

2030-cu ilə qədər bulud texnologiyaları, avtonom nəqliyyat vasitələri və dronlar, “Big Data” və məlumatların təhlili, “ağıllı” cihazlar və əşyaların interneti, blokçeyn, 3D çapetmə, süni intellekt və maşın öyrənməsi, nanotexnologiyalar, robototexnika, virtual reallıq kimi texnologiyaların iqtisadiyyata daha çox təsir göstərəcəyi gözlənilir. Bu proseslər yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı kadrlara tələbatı artırır.

Əmək bazarı. Dünya iqtisadiyyatında baş verən dəyişikliklər əmək bazarının strukturuna ciddi təsir etmiş və onun çevikliyini artırmışdır. Dünya İqtisadi Forumunun hesablamalarına görə, bu gün ibtidai təhsilə başlayan uşaqların 65 faizi gələcəkdə hazırda mövcud olan peşələrdə çalışmayacaq. Əmək bazarının çevikliyi və informasiya-kommunikasiya texnologiyalarının əmək bazarına təsiri, Dördüncü Sənaye İnqilabının tələbləri yeni peşələrin yaranmasını və onlara uyğun əmək şəraitini şərtləndirmişdir. Bu amillər mövcud və yeni yaranan peşə və ixtisaslar üzrə təhsilin məzmununda və texnologiyasında biliklərlə yanaşı, səriştələrin öyrənilməsinin əhəmiyyətini artırmışdır. Qeyd olunan amillər nəzərə alınaraq, nüfuzlu ali təhsil müəssisələrində yeni ixtisasların tədrisinə böyük həcmdə sərmayələr yatırılır və təhsil infrastrukturu daim təkmilləşdirilir.

Ali təhsilin beynəlmiləlləşməsi. Müasir dünyada bilik iqtisadiyyatı və innovasiya cəmiyyəti, davamlı və hərtərəfli inkişafın təmin edilməsi bütün dövlətlərin qarşısında duran vacib vəzifələrdəndir. Qloballaşma ölkələr arasındakı əlaqələri genişləndirir və bunun nəticəsi olaraq, təhsil sistemlərinin fəaliyyətinin və effektivliyinin müqayisəsinə maraq artır. Hazırda bir çox dövlətlər tərəfindən xaricdə peşəkar kadr hazırlığının xüsusi dövlət proqramları ilə həyata keçirilməsi siyasəti dəstəklənir. Belə proqramların həyata keçirilməsi qloballaşan dünyada prioritet hesab edilən sahələr üzrə ölkənin əmək bazarının gələcək ehtiyaclarını müəyyənləşdirmək baxımından da xüsusi əhəmiyyət kəsb edir.

 

3. Mövcud vəziyyətin təhlili

 

Ötən dövrdə ölkənin dayanıqlı inkişafını təmin etmək məqsədilə insan kapitalının formalaşdırılması və ondan səmərəli istifadə əsas prioritet istiqamətlərdən biri hesab edilmiş və bu istiqamətdə təşəbbüslər dövlət tərəfindən dəstəklənmişdir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil ənənələri Azərbaycan müstəqillik qazandıqdan sonra da uğurla davam etdirilmiş, bu dövr ərzində insan kapitalının inkişafı ilə bağlı dövlət strategiyaları və dövlət proqramları reallaşdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3558 təqaüd verilmişdir. Bu Dövlət Proqramının uğurlu icrası nəticəsində gənclərin xaricdə təhsilə cəlbi ölkənin sosial-iqtisadi həyatına, eləcə də insan kapitalının milli sərvətdə payının böyüməsinə, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşmasına, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin akademik potensialının güclənməsinə əhəmiyyətli töhfə vermişdir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, Azərbaycan Respublikasında yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Proqram çərçivəsində 4 ikili diplom proqramının icrasına başlanılmışdır. Hazırda ABŞ-ın Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və “ADA” Universiteti, Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İnha Universiteti, Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin ikili diplom proqramları həyata keçirilir. Bu proqramlar çərçivəsində yerli ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədilə 127 nəfər Azərbaycan vətəndaşının xaricdə ən nüfuzlu universitetlərdə və elm mərkəzlərində doktorantura səviyyəsində təhsili maliyyələşdirilir.

Bununla yanaşı, Azərbaycan gənclərinin xaricdə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsilinin təşkili istiqamətində hökumətlərarası təqaüd proqramları da həyata keçirilir. Hazırda həmin proqramlar çərçivəsində 700 nəfərə yaxın Azərbaycan Respublikası vətəndaşı Çin Xalq Respublikası, Latviya, Macarıstan, Qazaxıstan, Rumıniya və digər ölkələrdə təhsil alır.

2016-cı ildən fəaliyyətə başlamış Azərbaycan-Fransız Universitetində geofizika mühəndisliyi, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi və kompüter elmləri olmaqla bakalavriat və magistratura səviyyəsində ikili diplom proqramları həyata keçirilir. Eyni zamanda, “ADA” Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və digər universitetlərdə də ikili diplom proqramları reallaşdırılır.

Qeyd olunanlara baxmayaraq, mövcud təqaüd proqramları çərçivəsində müvafiq ölkələrin nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində Azərbaycan vətəndaşları üçün ayrılan təqaüd imkanları ölkə iqtisadiyyatının artan tələbləri ilə uzlaşmır. Eləcə də, qlobal çağırışlara uyğun olaraq və əmək bazarının gələcək tələbləri nəzərə alınmaqla, bir sıra ixtisas sahələri üzrə Azərbaycan Respublikasında kadr hazırlığının həyata keçirilməsi imkanları məhduddur. Mövcud ali təhsil müəssisələrinin akademik potensialı, laboratoriya imkanları gələcəyin peşələri üzrə kadr hazırlığı baxımından gücləndirilməlidir.

Eyni zamanda hər il nüfuzlu beynəlxalq fənn olimpiadalarında yüksək nailiyyətlər qazanaraq qızıl, gümüş və ya bürünc nişanlar almış istedadlı Azərbaycan gənclərinin dünyanın nüfuzlu xarici ali təhsil müəssisələrində bakalavriat səviyyəsində dövlət hesabına təhsili üçün imkan yaradılması zəruridir.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafının müasir və güclü təhsilə arxalanmasına, məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payının davamlı şəkildə artırılmasına dair müddəaları ölkədə insan kapitalının inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Yaxın perspektivdə əmək bazarında yeni bacarıqlara, yeni ixtisaslara ehtiyac yaranacağı ilə əlaqədar bir sıra ixtisaslar, o cümlədən informasiya texnologiyaları, mühəndislik, fundamental və tətbiqi elmlər, ətraf mühit, nəqliyyat, energetika, təhsil, ictimai səhiyyə və s. sahələr üzrə kadr hazırlığına olan tələbatı qarşılamaq üçün xaricdə təhsil proqramlarının reallaşdırılması vacibdir.

44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı ən müasir texnologiyalar tətbiq edilməklə yaradılacaq infrastrukturun idarə edilməsi üçün yüksək bacarıqlara malik insan kapitalının formalaşdırılması zərurəti də xaricdə təhsil imkanlarından istifadəni aktuallaşdırır.

Bununla yanaşı, postpandemiya və yeni strateji dövrün çağırışları, həmçinin inkişaf məqsədləri nəzərə alınmaqla, ölkənin rəqabət və inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yaradıcı və innovativ düşüncəli gənclərin iqtisadi fəallığı və idarəçilikdə rolu möhkəmlənməlidir. Bu məqsədlə Azərbaycan gənclərinin ölkənin gələcək inkişaf prioritetləri çərçivəsində tələb olunan ixtisas istiqamətləri üzrə qabaqcıl xarici ali təhsil müəssisələrində magistratura və bakalavriat səviyyəsində təhsili üçün əlavə imkanların yaradılması davamlı olmalıdır.

 

4. Hədəf göstəricisi

 

Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcəkdir.

 

5. Dövlət Proqramının məqsədləri

 

Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.

Dövlət Proqramının əsas məqsədləri aşağıdakılardır:

- qlobal trendləri və Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf potensialını nəzərə alaraq, cəmiyyətin prioritet istiqamətlər üzrə bilik, bacarıq və səriştələrə malik peşəkar kadrlara olan tələbatının təmin edilməsi;

- istedadlı gənclərin Azərbaycan Respublikasının dayanıqlı inkişafı üçün zəruri olan müasir səriştələrə yiyələnməsi üçün nüfuzlu xarici ali təhsil müəssisələrindəki təhsil proqramlarına yönəldilməsi;

- gənclərin xarici ölkələrdə təhsil almalarına dövlət dəstəyinin davam etdirilməsi və bununla bağlı səmərəli maliyyələşmə mexanizminin yaradılması;

- istedadlı gənclərin, o cümlədən beynəlxalq fənn olimpiadaları qaliblərinin, habelə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənc mütəxəssislərin nüfuzlu xarici ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə təhsilinin stimullaşdırılması;

- Dövlət Proqramı çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində təhsilini uğurla bitirmiş gənclərin Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək prioritet sahələrdə məşğulluğu üçün imkanlar yaradılması.

 

6. Dövlət Proqramının prioritet istiqamətləri

 

6.1. Sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə ixtisas sahələrinin siyahısının hazırlanması

Gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil alacaqları ixtisas sahələrinin ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğunluğunun təmin edilməsi zəruridir. Azərbaycan Respublikasının uzunmüddətli davamlı və sürətli inkişafı üçün yüksəkrəqabətli insan kapitalı formalaşdırılmalıdır. Yüksəkrəqabətli insan kapitalına zərurət iqtisadiyyatın, demək olar ki, bütün sahələrini əhatə edir. Dövlət Proqramının icrası zamanı aşağıdakı prioritet ixtisas sahələrinə üstünlük veriləcəkdir:

- informasiya texnologiyaları;

- mühəndislik;

- statistika və verilənlərin təhlili;

- fundamental və tətbiqi elmlər;

- ictimai səhiyyə;

- təhsil;

- ətraf mühit;

- aviasiya və kosmos;

- dövlət idarəetməsi;

- nəqliyyat və logistika;

- energetika;

- iqtisadiyyat;

- maliyyə;

- arxitektura və dizayn;

- kənd təsərrüfatı.

Qeyd edilən prioritet sahələr üzrə ixtisasların müəyyən edilməsi dünyada artan rəqabətə davam gətirə bilən iqtisadiyyatın formalaşdırılmasına töhfə verəcək yüksəkixtisaslı kadrların nüfuzlu xarici ali təhsil müəssisələrində hazırlanmasına imkan verəcəkdir.

6.2. Prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısının hazırlanması

Dünyada ayrı-ayrı təhsil proqramları üzrə ali təhsil müəssisələrinin reytinqlərini müəyyən edən müxtəlif təşkilatlar mövcuddur. Azərbaycan Respublikasının təhsil sahəsində əməkdaşlıq etdiyi bir sıra ölkələrin ali təhsil müəssisələrində də prioritet ixtisaslar üzrə beynəlxalq standartlar səviyyəsində təhsil almaq mümkündür. Eyni zamanda, dünyada müəyyən ixtisaslar üzrə uzunmüddətli uğurlu təcrübəsi olan ixtisaslaşmış nüfuzlu xarici ali təhsil müəssisələri də fəaliyyət göstərir. Bütün bu və digər cəhətlər nəzərə alınmaqla, prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı hazırlanacaqdır.

Nəticədə, həmin ali təhsil müəssisələrinin məzunları ən müasir bilik və bacarıqlara yiyələnərək Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına öz töhfəsini verməklə yanaşı, beynəlxalq səviyyədə rəqabətqabiliyyətli kadrlar kimi formalaşacaq, eləcə də ali təhsilin akademik potensialını da gücləndirəcəklər.

6.3. Xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qaydanın hazırlanması

Dövlət Proqramı Azərbaycan Respublikası vətəndaşı olan istedadlı, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almalarını nəzərdə tutur. Bu baxımdan beynəlxalq fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə nüfuzlu xarici ali təhsil müəssisələrində ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil almaq istiqamətində, bakalavriat səviyyəsini yüksək nəticələrlə başa vurmuş, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə isə magistratura səviyyəsində üstünlük veriləcəkdir.

Hazırlanacaq Qaydada gənclərin seçilməsi meyarları və prosedurları şəffaflıq, ədalətlilik, obyektivlik prinsiplərinə əsaslanacaqdır.

6.4. Xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydasının hazırlanması

Xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydasında müəyyən ediləcək maliyyələşdirmə mexanizmləri qarşılıqlı məsuliyyət və etimad prinsipinə əsaslanacaq və tərəflərin öhdəlikləri dəqiq müəyyən ediləcəkdir. Qaydada akademik müvəffəqiyyətsizlik və ölkəyə qayıtmamaq riskləri düzgün qiymətləndiriləcək, bu risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı şərtlər müəyyən ediləcəkdir.

Hazırlanacaq Qayda gənclərin dövlət hesabına nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almalarına və məzun olduqdan sonra ölkəyə qayıdaraq yüksəkixtisaslı kadr kimi Azərbaycan Respublikasının dayanıqlı inkişafına töhfə vermələrinə imkan yaradacaqdır.

6.5. Dövlət Proqramı məzunlarının məşğulluğunun təmin edilməsi

Dövlət Proqramı çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində təhsilini uğurla bitirmiş gənclərin Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək prioritet sahələrdə məşğulluğunun təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu prioritet istiqamətin reallaşdırılması üçün ehtiyac duyulan sahələr üzrə iş təkliflərinin verilməsi və karyerada yüksəliş mexanizmi hazırlanacaqdır. Dövlət orqanlarında bu Dövlət Proqramı çərçivəsində məzun olmuş şəxslərin işlə təminatına üstünlük veriləcəkdir.

 

7. Dövlət Proqramının maliyyələşdirilməsi mənbələri

 

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcək:

- Azərbaycan Respublikasının Dövlət Neft Fondu;

- beynəlxalq təşkilatların (fondların) texniki və maliyyə yardımları;

- kreditlər və qrantlar;

- xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri.

 

8. Dövlət Proqramının monitorinqi və qiymətləndirilməsi

 

8.1. Dövlət Proqramının icrasına nəzarəti, yaranan problemlərin vaxtında həlli üçün tədbirlər görülməsini və icraçı qurumlar arasında əlaqələndirmənin düzgün təşkilini Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən yaradılmış Dövlət Proqramını idarəetmə qrupu vasitəsilə həyata keçirəcəkdir. [2]

8.2. Dövlət Proqramının tələb olunan alətlər, proseslər və digər vasitələrlə uğurlu icrası üçün onun beynəlxalq metodologiyalara əsasən tərtib edilmiş qaydalar üzrə monitorinqi və qiymətləndirilməsi aparılacaqdır. Monitorinq və qiymətləndirmə aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, müvafiq prioritetlə bağlı gözlənilən nəticələrə və indikatorlara diqqət yetiriləcək, icra müddətinə uyğunluq yoxlanılacaqdır.

 

 

 

9. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı

 

Sıra №-si

Tədbirin adı

Əsas icraçı orqan (qurum)

Digər icraçılar

İcra müddəti

Nəticə indikatorları

ilkin nəticələr

aralıq nəticələr

yekun nəticələr

9.1.

Prioritet ixtisas sahələrinə uyğun təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısının hazırlanması

Təhsil Nazirliy

İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Neft Fondu

2022

Nüfuzlu xarici ali təhsil müəssisələri üzrə prioritet ixtisas sahələrinə uyğun təhsil proqramlarının seçimi meyarlarının müəyyən edilməsi

Prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısının təsdiq edilməsi

Gənclərin təsdiq edilmiş siyahı üzrə təhsil proqramlarına uyğun təhsil almalarının təşkili

9.2.

Xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurlarının müəyyən edilməsi

Nazirlər Kabineti

Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu, Ədliyyə Nazirliyi

2022

Xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarlarına və prosedurlarına dair təkliflərin toplanması

Xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qaydanın təsdiq edilməsi

Nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil alacaq gənclərin seçilməsinin təsdiq edilmiş seçim meyarlarına və prosedurlarına uyğun olaraq təşkili

9.3.

Dövlət Proqramı iştirakçıları ilə bağlanılacaq müqavilə formasının müəyyən edilməsi

Təhsil Nazirliyi

Dövlət Neft Fondu

2022

Dövlət Proqramı iştirakçıları ilə müqavilə formasının layihəsinin hazırlanması

Dövlət Proqramı iştirakçıları ilə müqavilə formasının təsdiq edilməsi

Dövlət Proqramı iştirakçıları ilə müqavilə bağlanılması

9.4.

Xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qaydasının təsdiq edilməsi

Nazirlər Kabinet

Təhsil Nazirliyi, Dövlət Neft Fondu, Ədliyyə Nazirliyi

2022

Xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsinə dair təkliflərin öyrənilməsi

Xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydasının təsdiq edilməsi

Gənclərin xarici ali təhsil müəssisələrində təhsilinin təsdiq edilmiş Qaydaya uyğun maliyyələşdirilməsi

9.5.

Seçim meyarları və prosedurları nəzərə alınmaqla, xarici ali təhsil müəssisələrində təhsil alacaq gənclərin seçilməsi

Elm və Təhsil Nazirliyi [3]

Dövlət Neft Fondu

2022- 2026

Xarici ali təhsil müəssisələrində təhsil almaq istəyən gənclərin müraciətlərinin qəbulu

Xarici ali təhsil müəssisələrində təhsil almaq istəyən gənclərin seçilməsi üçün müsabiqələrin keçirilməsi

Dövlət Proqramında iştirak hüququ qazanmış gənclərin yekun siyahısının təsdiq edilməsi

9.6.

Dövlət Proqramı iştirakçılarının tədris dövründə müvəffəqiyyət göstəricilərinin izlənilməsi

Elm və Təhsil Nazirliyi

 

mütəmadi

Tədris dövründə Dövlət Proqramı iştirakçılarının təhsil göstəriciləri barədə məlumatların toplanılması

Tədris dövründə tələbələrin müvəffəqiyyət göstəricilərinin qiymətləndirilməsi

Təhsil göstəricilərinin qiymətləndirilmə nəticələrindən asılı olaraq, Dövlət Proqramı iştirakçılarının təhsilinin maliyyələşdirilməsinin davam etdirilməsi barədə qərar qəbul edilməsi

9.7.

Dövlət Proqramı iştirakçılarının təhsil aldıqları ölkələrdə Azərbaycanın təbliği məqsədilə təşkil edilən tədbirlərə dəstək göstərilməsi

Elm və Təhsil Nazirliyi

Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi

mütəmadi

Xarici ölkələrdə tələbələrin iştirakını nəzərdə tutan mədəni, ictimai, siyasi tədbirlərin təşkili

Dövlət Proqramı iştirakçılarının təşkil edilən tədbirlərdə iştirakına şərait yaradılması

Azərbaycan Respublikası ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

9.8.

Təhsil müddəti başa çatmış Dövlət Proqramı iştirakçılarının məzun hesabatının toplanılması

Elm və Təhsil Nazirliy

Xarici İşlər Nazirliyi, Dövlət Neft Fondu

mütəmadi

Məzun hesabatına əlavə olunacaq sənədlərin siyahısının təsdiq edilməsi

Təhsil müddəti başa çatmış Dövlət Proqramı iştirakçılarından məzun hesabatının və ona əlavə olunacaq sənədlərin qəbulu

Təqdim edilmiş məzun hesabatları vasitəsilə Dövlət Proqramı iştirakçılarının müvəffəqiyyət göstəriciləri nəzərə alınmaqla, onların adlarının Dövlət Proqramı məzunları siyahısına daxil edilməsi

9.9.

Dövlət Proqramı məzunlarının məşğulluğunun təmin edilməsi

Nazirlər Kabineti

Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi [4]

mütəmadi

Dövlət Proqramı məzunlarının məşğulluğunun təmin edilməsinə dair təkliflərin toplanılması

Dövlət Proqramı məzunlarının məşğulluğunun təmin edilməsi mexanizmlərinin müəyyənləşdirilməsi

Dövlət Proqramı məzunlarının bilik, səriştə və bacarıqlarından səmərəli istifadə edilməklə onların məşğulluq səviyyəsinin artırılması

9.10.

Dövlət Proqramı məzunlarının ictimaiyyətə tanıdılması

Elm və Təhsil Nazirliyi

 

mütəmadi

Dövlət Proqramı məzunlarının ictimaiyyətə tanıdılması üsul və vasitələrinə dair təkliflərin toplanılması

Toplanmış təkliflərin təhlili və illik əsasda fəaliyyət planının təsdiq edilməsi

llik fəaliyyət planı üzrə Dövlət Proqramı məzunlarının ictimaiyyətə tanıdılması

9.11.

Dövlət Proqramının maliyyələşdirilməsi üçün ayrılan maliyyə vəsaitindən təyinatı üzrə istifadənin monitorinqi

Dövlət Neft Fondu

Elm və Təhsil Nazirliyi

ildə iki dəfə

Maliyyə vəsaitindən təyinatı üzrə istifadənin monitorinqinə dair şərtlərin və prosedurların müəyyən edilməsi

Maliyyə vəsaitindən təyinatı üzrə istifadənin monitorinqinin aparılması

Maliyyə vəsaitindən təyinatı üzrə istifadənin monitorinqi nəticələrinin təhlili və yekun hesabatın aidiyyəti üzrə təqdim edilməsi

9.12.

Dövlət Proqramı ilə bağlı məlumatların mövcud elektron informasiya ehtiyatlarına inteqrasiyası və onlardan istifadə imkanlarının genişləndirilməsi

Elm və Təhsil Nazirliyi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

2022- 2024

Xaricdə təhsil alacaq gənclərin müraciətlərinin, məzun hesabatlarının elektron qaydada qəbuluna, elektron arayışların verilməsinə və s. elektron xidmətlərə dair təkliflərin toplanılması

Elektron ərizə sisteminin və təhsilalanların elektron kabinetlərinin formalaşdırılması, habelə digər xidmətlərlə bağlı mövcud elektron informasiya ehtiyatlarının təkmilləşdirilməsi

Dövlət Proqramı çərçivəsində xidmətlərin elektronlaşdırılması

Nəşr edilib : 15.04.2023 00:39