AZ EN RU

Gənclərin şəxsi inkişafına və sosial aktivliyinə önəm verilir

    Azərbaycanın gələcək inkişafı üçün zəmin və ən vacib insani yatırım strategiyası olan dövlət gənclər siyasəti ölkəmizdə uğurla icra olunmaqdadır. Dövlət siyasətinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında gənc nəslin sağlam həyat tərzinə cəlbi, onların vətənpərvər ruhda formalaşdırılması, müxtəlif sahələrdə inkişafı və uğurlu fəaliyyətinə nail olunması istiqamətində məqsədyönlü addımlar atılır. Ötən ay ərzində muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı, gənc nəslin sağlam və vətənpərvər ruhda formalaşdırılması, dünyagörüşlərinin zənginləşdirilməsi, onların cəmiyyətdəki fəallığını artırmaq, şəxsi inkişafına töhfə vermək, o cümlədən karyera yolunu istiqamətləndirmək məqsədilə bir sıra tədbirlər həyata keçirilib.
    Gənclərin iştirakı ilə Dövlət Məşğulluq Agentliyi Mərkəzi Karyera filialının müdiri, karyera planlaşdırılması üzrə mütəxəssis Toğrul Ələkbərovun “Xaricdə təhsil və karyera inkişafı” mövzusunda təlimi, yaddaş və öyrənmə problemləri üzrə mütəxəssis Almaz Cabbarovanın “Beyinin inkişaf metodları və yaradıcı düşünmə” adlı seminarı təşkil olunub. Kitab müzakirələri çərçivəsində keçirilən növbəti toplantıda Paulo Koelyonun “Kimyagər” əsəri təhlil olunub. Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənclər üçün göstərici məşğələ keçirilib. Gənc nəsil nümayəndələrini gənclərlə iş və idman sahəsində həyata keçirilən işlərlə, onlar üçün yaradılan şəraitlə tanış etmək və bu sferada iştiraklılığını, fəallığını artırmaq məqsədilə məktəblilərlə görüş keçirilib. Qardaş Türkiyəyə yollanan Azərbaycanın könüllü gənclərdən ibarət 100 nəfərlik heyətində yer alan “Naxçıvan könüllüləri” qrupu fəlakətin baş verdiyi bölgələrdə zərərçəkmişlərə yardım missiyasını tamamlayaraq Vətənə geri dönüb. Bundan başqa, könüllülərimiz 19-26 mart tarixlərində Naxçıvan şəhərində reallaşan “Novruz şəhərciyi”ndə təşkilati və sosial yönümlü fəaliyyətlə məşğul olublar. “Heydər Əliyev İli” ilə əlaqədar olaraq dahi şəxsiyyətin həyatı, fəaliyyəti, zəngin dövlətçilik tariximizin gənclər tərəfindən öyrənilməsi, onların vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədilə Heydər Əliyev Muzeyinə ekskursiya təşkil olunub. “Heydər Əliyev kuboku” uğrunda yeniyetmələr arasında “Xəmsə” milli intellektual oyunu və “Sərhəd” hərbi-idman oyunu üzrə muxtar respublika birinciliyinin şəhər və rayonlar üzrə seçim mərhələləri reallaşıb. Daha bir hərbi hissədə gənc­lərin zabit və əsgərlərimizlə görüşü keçirilib. Şəhid ailələrinin ziyarət olunması ənənəsini davam etdirməklə gənclərlə birgə növbəti səfər Kəngərli rayonuna olub. O cümlədən Milli qəhrəmanların gənclər arasında tanıdılması məqsədilə “Qəhrəmanlar unudulmur” adlı yeni videomateriallar hazırlanıb və sosial şəbəkələrdə yayımlanıb.
    Hesabat ayı Naxçıvan idmanı üçün bir sıra hadisələrlə yadda qalıb. Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev Naxçıvan boksçuları və məşqçilərlə görüşüb. Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini Məcid Seyidovun da iştirak etdiyi görüş zamanı məşq prosesi izlənilib, boksun inkişafı yönündə müzakirələr aparılıb. Naxçıvan Şahmat Mərkəzində reallaşan beynəlxalq reytinqli şahmat turniri də daxil olmaqla “Heydər Əliyev İli” ilə əlaqədar olaraq şəhər və rayonlarda Ümummilli Liderin xatirəsinə həsr olunmuş müxtəlif idman tədbirləri keçirilib. 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar olaraq yeniyetmələrin sərbəst güləş üzrə muxtar respublika birinciliyi, şahmat turniri, idman federasiyalarının idmançıları arasında qol güləşi üzrə birincilik, idman işçiləri arasında stolüstü tennis yarışı və müxtəlif idman növləri üzrə rayon (şəhər) birincilikləri reallaşıb. 
    Uzunoba Təlim-Məşq İdman Kompleksində 2010-cu il təvəllüdlü yeniyetmələr arasında “Heydər Əliyev İli”nə həsr olunmuş futbol çempionatı keçirilib, U-10, U-11, U-12 komandalarının turnirinə və U-13, U-14, U-15 komandalarının muxtar respublika çempionatına start verilib, Region Liqasında ikinci dövrə davam etdirilib. Futbol üzrə Azərbaycan I Divizionunda mübarizə aparan “Araz – Naxçıvan” Peşəkar Futbol Klubu növbəti turlarda “Kəpəz-2” (4:0), “Sumqayıt-2” (1:3) və “Turan-Tovuz-2” (5:6) üzərində inamlı qələbələr əldə edərək turnir cədvəlindəki liderliyini daha da möhkəmləndirib. Bakıda Əməkdar məşqçi Minbudaq Hüseynovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə kadetlər arasında respublika turnirində Naxçıvan güləşçiləri 3 bürünc medal qazanıb. Bakı Gimnastika Arenasında keçirilən təlim-məşq toplanışında məşqçi Humay Qafarova da iştirak edib. Bundan başqa, məşqçinin rəhbərliyi ilə 5 azyaşlı gimnastımız “Gimnastika hamı üçün” idman növü üzrə Tbilisi Gimnastradasında qalib heyətlərdən biri kimi mükafatlandırılıb.   
    Qeyd edək ki, ötən ay ərzində bölgələrdə “Heydər Əliyev İli”, Beynəlxalq Qadınlar Günü və Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər, intellektual oyunlar, vətənpərvərlik mövzusunda film nümayişləri, müxtəlif idman növləri üzrə rayon (şəhər) birincilikləri və şəhidlərimizin xatirəsinə həsr olunmuş turnirlər təşkil olunub.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 13.04.2023 20:04