AZ EN RU

Gənclərin “Qış məktəbi”ndə ilk mərhələ başa çatıb

    Ağbulaq İstirahət Mərkəzində “Heydər Əliyev İli” ilə əlaqədar gənclərin “Qış məktəbi” layihəsinə start verilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazir­liyi, Gənclər Fondu, Həmkarlar İtti­faqları Şurası və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi tərəfindən birgə təşkil olunan ilin ilk düşərgəsində ali təhsil müəssisələrinin tələbələri və könüllü gənc­lərin iştirakı təmin edilib. Məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili və şəxsi inkişafını sürətləndirməklə yanaşı, onlara hər bir azərbaycanlıya örnək olan Heydər Əliyev irsinin aşılanmasından ibarətdir. Üç günlük müddət ərzində bu istiqamətdə müxtəlif tədbirlər reallaşdırılıb. 
    Belə ki, düşərgə müddətində gənclər və idman naziri Ramil Hacının gənclərlə görüşü keçirilib. Həmçinin Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayevin təqdimatında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda seminar, Ümummilli Liderimizin həyatı və siyasi fəaliyyəti ilə bağlı film və intellektual oyun, “Azərbaycan tarixinin və Milli qəhrəmanların yeni və yaradıcı üsulla təbliği” adlı müsabiqə, sosial şəbəkələrdən istifadə ilə bağlı panel müzakirələri, yaradıcılıq gecəsi, “Vətəni tanı!” intellektual oyunu təşkil olunub. Vətən müharibəsi iştirakçıları ilə görüş, eləcə də Əlahiddə Ümumqoşun Ordu hərbçilərinin əlbəyaxa döyüş təlimi də iştirakçılar tərəfindən maraqla qarşılanıb. 
   Qeyd edək ki, düşərgədə, ümumilikdə, 50 nəfər iştirak edib və fərqlənən gənclər fəxri fərmanla təltif olunublar. Dörd mərhələdən ibarət layihə çərçivəsində növbəti düşərgə 7-9 fevral tarixlərinə nəzərdə tutulub. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
 mətbuat xidməti

Nəşr edilib : 03.02.2023 22:12