AZ EN RU

Gənclərin qış düşərgəsinə start verilib

    Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və könüllü gənclərin iştirakı ilə “Gənclərin Qış Məktəbi” adlı düşərgə təşkil olunub. 3 gün davam edəcək düşərgə gənclərin şəxsi inkişafına töhfə vermək, onlara komanda ruhu aşılamaq və asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. 
    Düşərgənin ilk günündə gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov iştirakçılarla görüşüb, müvafiq sahədə görülən işlər və dövlət siyasətinin əsas istiqamətləri barədə danışıb. Gənclərin ideya və fikirlərinin dövlətimiz tərəfindən daim diqqətə alındığını deyən Məcid Seyidov onları yenilikçi olmağa, aktiv fəaliyyətə səsləyib, düşərgənin əyləncəli tərəfləri ilə yanaşı, dostluq və inkişaf kontekstində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Diskussiya formatında davam edən görüşdə gənclərin təklif və fikirləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. 
    Layihə çərçivəsində şəxsi inkişaf təlimləri, idman və intellekt yarışları, panel müzakirələr, film nümayişləri və əyləncəli oyunların keçirilməsi nəzərdə tutulub. Ümumilikdə, 50 nəfərin iştirak etdiyi düşərgədə fərqlənən gənclər mükafatlandırılacaqdır.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

 

Nəşr edilib : 20.12.2023 14:48