AZ EN RU

Gənclərin iştirakı ilə "Hədəf-2024" təlimi reallaşıb

"Naxçıvan" Təlim Mərkəzində gənclərin ənənəvi "Hədəf" atış təlimi keçirilib. Əlahiddə Ümumqoşun Ordu, Gənclər və İdman Nazirliyi və "Gənc Vətənpərlər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə 45 gənc iştirak edib.

Nazirliyin əməkdaşı Valeh Mahmudov "Hədəf" atış təliminin önəmindən bəhs edərək deyib ki, uzun müddətdir keçirilən ənənəvi atış təlimlərində, düşərgə və hərbi oyunlarda iştirak edən minlərlə gəncin hərb peşəsinə marağı yüksəlib, qəhrəman hərbçilərimizin timsalında milli dəyərlərə sahiblik, vətənpərvərlik və cəsurluq örnəyinin şahidi olublar.

Əlahiddə Ümumqoşun Ordunun zabitləri təlimin təhlükəsizlik qaydaları və icra olunacaq tapşırıqlar barədə məlumat verdikdən sonra gənclər təlim nöqtələrinə dəvət olunublar. Bu mərhələdə avtomatın natamam sökülüb-yığılması, hissələri və işləmə mexanizmi haqqında məlumat verilib, atəş tapşırığı simulyasiya edilib. Bir neçə qrupa bölünərək bütün təlim nöqtələri üzrə tapşırıqları yerinə yetirən gənclər əsas mərhələdə müxtəlif çaplı silahlardan atışlar icra ediblər. Təlimdə fərqlənən iştirakçılar diplomla təltif olunublar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 09.04.2024 20:46