AZ EN RU

Gənclərin Heydər Əliyev Muzeyinə ekskursiyası

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və “Gənc Vətənpərvərlər” İctimai Birliyi tərəfindən təşkil olunan ekskursiyada nazirliyin əməkdaşı Valeh Mahmudov bildirib ki, ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar olaraq dahi şəxsiyyətin həyatı, fəaliyyəti, zəngin dövlətçilik tariximiz, bütövlükdə Heydər Əliyev irsinin gənclər tərəfindən öyrənilməsi, onların vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədi ilə müntəzəm olaraq tədbirlər təşkil olunur.

Muzeyin direktoru Ramil Orucəliyev ümummilli liderin zəngin dövlətçilik fəaliyyətindən bəhs edib, muzeylə bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıb. Qeyd olunub ki, dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ulu öndərimizin uşaqlıq və gənclik dövrləri, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir. Buradakı eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, şərəfli həyat yolunu özündə əks etdirir. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzaladığı protokol və müqavilələr, məktub və teleqramlar, istifadə etdiyi xatirə əşyaları, ulu öndərin şərəfinə toxunmuş xalçalar, portretləri, tarixi fotoları burada saxlanılır və haqqında lentə alınmış sənədli filmlər nümayiş etdirilir.

Çıxışların ardınca iştirakçılar muzey əməkdaşının bələdçiliyi ilə muzeyin ekspozisiyasına baxıblar.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 07.03.2023 19:39