AZ EN RU

Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi hər zaman aktualdır

    Bəşəriyyət tarixində hər bir xalq özünəməxsus şəkildə ölkəsinin sosial-iqtisadi və siyasi inkişaf şəraitindən asılı olaraq yetişməkdə olan gənc nəslin hərbi biliklərə yiyələnməsinə xüsusi əhəmiyyət vermişdir. Gənc nəslin hərbi-fiziki tərbiyəsinin məzmun və formasının səciyyəvi xüsusiyyətləri var. Hər şeydən əvvəl bu cür tərbiyə üsulunun tarixi çox qədim olmaqla yanaşı, həm də xarici işğalçılara qarşı aparılan hərbi mübarizələrdə təşəkkül tapmışdır.

    Hərbi-vətənpərvərlik tərbiyəsi Vətənə məhəbbət, öz xalqına hörmət, Vətənin düşmənlərinə nifrət, doğma yurdun çiçəklənməsi uğrunda fəal mübarizə bütün ictimai formasiyalarda dövrün zəka sahiblərinin həmişə diqqət mərkəzində olmuşdur. Hərbi-vətənpərvərlik tərbiyəsi hər bir ölkə vətəndaşının vətəninin müdafiəsinə şəxsi hazırlığı ilə müəyyən edilir. Bunun üçün həmişə hərbi işə, düşmənə qarşı silahlı mübarizəyə yiyələnmək əsas vəzifə hesab olunur.

    Hərbi-vətənpərvərlik hissi min illər möhkəmləndirilmiş ülvi hissdir. Bu ülvi hiss insanın öz doğma Vətəninə hədsiz məhəbbət bəsləməsində, onun müvəffəqiyyətlərini gördükdə ürəkdən sevinməsində, düşmənlərinə dərin nifrət bəsləməsində, hər qarış torpağın göz bəbəyi kimi qorunmasında, döyüş bacarığına və vərdişlərinə yiyələnməsində ifadə olunur. Hərbi-vətənpərvərlik hissi doğma yerlərə və adamlara bağlılıqdan, onları xarici və daxili düşmənlərdən qorumaqdan başlayaraq, bütün qüvvə və qabiliyyətini Vətənin, xalqın mənafeyi uğrunda mübarizəyə həsr etməyə qədər inkişaf edib yüksəlir. Ümummilli Liderimiz Heydər Əliyevin söylədiyi kimi “...bizim, sizin, hamımızın vəzifəsi müstəqil Azərbaycanın sağlam gəncliyini tərbiyə etmək, bilikli etmək, müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaq, Azərbaycanda müstəqil, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb etməkdir…”
    Yaşadığımız dövr gənc nəsli kiçik yaşlarından hərbi ruhda böyütməyi tələb edir. Gənc nəsli psixoloji və mənəvi baxımdan hərbi həyata hazırlamaq vacibdir, Vətəni qorumaq üçün həmişə hərbə hazır olmaq lazımdır. Gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığının səmərəliliyi, nəzarətdə olmağı tələb edir. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir və inkişaf edir. Digər tərəfdən, yeniyetmə və gənclərin bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin, ümumilikdə, mühitin rolu böyükdür. Hərbi-vətənpərvərlik tərbiyəsini, sadəcə, quru sözlərlə, nəsihətlərlə məhdudlaşdırmaq olmaz. Çünki Vətən sevgisi gənc vətəndaşlarımızın məqsədyönlü davranış və fəaliyyətinin motiv və ideyasıdır. Bu baxımdan orta məktəblərdə tədris olunan gənclərin çağırışaqədərki hazırlığı fənninin böyük əhəmiyyəti vardır. Bu fənnin tədrisinin əsas məqsədi, birinci növbədə, gəncləri ölkənin müdafiəsinə psixoloji cəhətdən hazırlamaqdır. Bu isə gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rol oynayır. Orduya çağırılan gənclərin ali məktəbdə oxuduğu dövrdə müəyyən hərbi biliklərə yiyələnməsi sonrakı dövrdə onların peşəkar hərbçi kimi yetişməsində də vacib rol oynayır.
    Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, elinə və obasına hörmət, soy kökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, onda apardığı mübarizəyə inam hissini gücləndirir. Danılmaz bir faktdır ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Azərbaycan xalqı da qəhrəman xalqdır, bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Bu baxımdan gənclərin çağırışaqədərki hazırlıq dərslərinin ehtiyatda olan zabitlər tərəfindən keçirilməsi əhəmiyyətli rol oynayır. Belə mütəxəssislər tələbələrə hərbi-vətənpərvərlik hisslərini daha keyfiyyətli şəkildə aşılaya bilirlər. Tələbələrin hərbi-vətənpərvərlik hisslərinin artırılmasında hərbçilərlə canlı ünsiyyət də mühüm rol oynayır. Hərbi dərslər zamanı tələbələrin hərbi hissələrə aparılması onların Vətənə bağlılığının artırılmasında və Vətənin, torpağın müdafiəsində durmaq kimi hisslərinin inkişaf etdirilməsində böyük əhəmiyyətə malikdir. Bu baxımdan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təhsil müəssisələrinin qarşısında gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində məsul və təxirəsalınmaz vəzifələr qoyulması təsadüfi deyil. Bu vəzifələrin yerinə yetirilməsi son dövrlərdə tələbələrin hərbi vətənpərvərlik tərbiyəsinə öz böyük təsirini göstərib. Hərbi-vətənpərvərlik tərbiyəsinin faktlar və zəngin əyani vasitələr əsasında aşılanması tərbiyə işinin bu mühüm sahəsi üzrə maraqlı forma və üsulları da meydana çıxarıb, məktəblərlə hərbi hissələr arasında əlaqələrin yaradılması daha da gücləndirilib. Bu sahədə məktəblərdə toplanılmış qabaqcıl təcrübə hərbi-vətənpərvərlik tərbiyəsini daha məzmunlu və məqsədəuyğun şəkildə aparılmasına imkan verib. Bu gün gənclərin çağırışaqədərki hazırlığı dərslərinə cəlb edilən hər bir tələbə yaxşı bilir ki, ordumuz varlığımız deməkdir, bu sarsılmaz qüvvə, sözün əsl mənasında, xalqın gücüdür, gənclərin yüzlərlə igid və mərd nümayəndələrini öz sıralarında birləşdirən “Dəmir yumruq”dur. Ona görə də xalqımız öz ordusu ilə fəxr edir, onu yüksək məhəbbət hissi ilə sevir. 2020-ci il sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Qələbədə, 2023-cü ilin sentyabr ayında erməni separatçılarına qarşı Qarabağda həyata keçirilən lokal antiterror əməliyyatlarında qazanılan uğurların başlıca səbəblərindən biri də məhz ordumuzun sıralarında belə qəhrəman və vətənpərvər övladların olması idi. Bu gün qürur hissi duyuruq ki, torpaqlarımızın işğaldan azad edilməsində, suverenliyimizin tam bərpa olunmasında naxçıvanlı gənclərin də rolu az deyil. Onların yüzdən çoxu şəhidlik zirvəsinə ucaldı, bir qismi isə qazi ömrü yaşayır. Belə igidlərimizin keçdiyi şərəfli ömür və döyüş yolları bugünkü gənclərimiz üçün örnək, onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsində bir nümunədir.

 Nazim HƏSƏNOV
Naxçıvan Dövlət Universitetinin Baş müəllimi, müharibə
 iştirakçısı, istefada olan mayor 

Nəşr edilib : 26.09.2023 20:13