AZ EN RU

Gənclərin asudə vaxtı səmərəli təşkil edilir

    Ötən ay ərzində gənc nəslin vətənpərvər ruhda formalaşması, asudə vaxtının səmərəli təşkili və yeni biliklər əldə etməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. 
    Tarixi gerçəkliklərin öyrənilməsi, gənclərin vətənpərvərlik hisslərinin artırılması məqsədilə bir qrup könüllü gəncin iştirakı ilə Naxçıvan şəhərində yerləşən Xatirə Muzeyinə ekskursiya təşkil olunmuşdur. Muzey ekskursiyasında 30-dan çox könüllü iştirak etmişdir. Şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və gənclərin qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaq məqsədilə bir qrup könüllü gənc tərəfindən Babək rayonunda yaşayan şəhid ailələri ziyarət olunmuşdur. Gənc nəslin karyera imkanlarının yaradılması istiqamətində ardıcıl işlər görülür, məqsədyönlü addımlar atılır. “Maliyyə məktəbi” layihəsinə uyğun olaraq “Gələcək üçün maliyyə” təlimi bu dəfə Ordubad rayon gəncləri üçün təşkil edilmişdir. 
    Hesabat dövründə bədən tərbiyəsi və idmanın inkişafı, bu sahədə kütləviliyin artırılması, xarici əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, idmançıların təcrübə artımı və asudə vaxtının səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilmişdir. Naxçıvan şəhərindəki Gənclik Mərkəzində muxtar respublikanın ən güclü şahmatçılarının iştirakı ilə “Naxçıvan Premium Turniri – 2” uğurla başa çatmışdır. 14-25 yanvar tarixlərini əhatə edən turnirin bütün görüşləri chess.nax.az, chess24.com saytlarından canlı yayımlanmış, eyni zamanda bütün görüşlər qadınlardan ibarət milli komandanın baş məşqçisi Fikrət Sideifzadə tərəfindən şərh olunmuşdur. Yarışın yekununda iştirakçılar pul mükafatı və diplomla mükafatlandırılmışlar. 
    Ötən ay ümumtəhsil məktəblərinin stolüstü tennis klubları arasında muxtar respublika birinciliyinin final mərhələsi və voleybol üzrə yoldaşlıq görüşləri təşkil olunmuşdur. Naxçıvan Futbol Federasiyası öz rəsmi nümayəndəsi vasitəsilə Rizəsporun futbol akademiyası ilə əməkdaşlıq əlaqəsi qurmuş, işgüzar görüşdə klubun inkişaf planı, məşqçi hazırlığı və futbol təhsili ilə bağlı məlumatlar toplanılmış, naxçıvanlı məşqçilərin akademiyada təcrübə keçməsi və 14 yaşadək futbolçuların iştirak etdiyi “U14”, “U13”, “U12”, “U11” və “U10” liqalarına komandalarımızın qoşulması barədə razılıq əldə edilmişdir. Hesabat ayında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı nazirliyin, eləcə də idman federasiyalarının hesabat yığıncaqları təşkil olunmuşdur.
    Hesabat dövründə kişi boksçular arasında keçirilən Azərbaycan çempionatında Naxçıvan Boks Federasiyasının yetirmələri Tayfur Əliyev və Eldar Quliyev öz çəki dərəcələri üzrə çempion olmuşlar. Bundan başqa federasiyanın gənc boksçuları İranda keçirilən beynəlxalq turnirdə uğurla çıxış edərək 7 birincilik əldə etmişlər. Naxçıvan Kikboksinq Federasiyasının yetirməsi Etibar Qəribov Türkiyənin İstanbul şəhərində təşkil olunan beynəlxalq səviyyəli kikboks yarışında rəqibini məğlub etməklə kuboka sahib olmuşdur. Naxçıvan Karate-do Federasiyasının idmançıları VI Arpaçay Open beynəlxalq turnirində 2-si qızıl, 6-sı gümüş və 9-u bürünc olmaqla, ümumilikdə, 17 medal qazanmışlar. Naxçıvan Güləş Federasiyasının idmançıları isə Masallı Olimpiya İdman Kompleksində keçirilən güləş üzrə açıq rayon turnirini 1 gümüş və 3 bürünc medalla tamamlamışlar. 
    Muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları üçün mütəmadi təşkil olunan ekskursiyalar davam etdirilmiş, qrafikə uyğun olaraq Güləş, Boks və Karate-do federasiyalarının təmsilçiləri Dövlət Bayrağı Muzeyini, Ədəbiyyat Muzeyini və “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini ziyarət etmişlər.

Naxçıvan Muxtar Respublikası Gənclər və
 İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 02.02.2022 19:00