AZ EN RU

Gənclərimizin gənclik uğurları

Bu gün Azərbaycanın tərəqqisində, iqtisadi, siyasi və mədəni həyatında, demokratik cəmiyyətin qurulmasında gənclərimiz rolu böyükdür, danılmazdır. Azərbaycan gənclər ölkəsidir və ölkədə aparılan dövlət gənclər siyasəti beynəlxalq müstəvidə bir modeldir. İndi müasir gənclərimizin dünyagörüşü daha fərqlidir, dünyada gedən proseslərə daha ciddi yanaşılır və analiz edilir. Ölkədə dövlət gənclər siyasəti gənclərə həmişə böyük diqqət yanaşan, onların problemlərinin həlli istiqamətinə xüsusi önəm verən və ən əsası bu siyasəti müstəqil Azərbaycanın ən mühüm istiqamətlərindən biri kimi qiymətləndirən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət proqramlarının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi öncədən atılmış addımın, müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir. Görülən işlər nəticəsidir ki, bu gün gənclərimiz nəinki ölkə daxilində, eyni zamanda beynəlxalq müstəvidə keçirilən tədbirlərdə Azərbaycanı uğurla təmsil edirlər.

2023-cü ili Naxçıvan gəncləri üçün də uğurlu il hesab etmək olar. Belə ki, gənclərimiz keçirilən bir çox beynəlxalq konfrans və seminarlarda, bilik yarışmalarında iştirak etməklə böyük nailiyyətlər əldə ediblər. 2 fevral – Gənclər Günündə onların bəzilərinin fikirlərini öyrəndik.

İstedadlı olması ilə yanaşı, həm də savadlı gənc mütəxəssislərin hazırlanmasında universitetlərin rolu böyükdür. Daha dəqiq desək, məhz uğurlu kadr seçimi bu mərhələdən başlayır. Ölkədə bu məsələyə xüsusi önəm verilir. 2023-cü ildə muxtar respublikada uğur qazanan gənclərimizdən biri elə Naxçıvan Dövlət Universitetinin tələbəsi Ləman Bağırlıdır. İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat (tədrisi ingilis dilində) ixtisası üzrə 2-ci kurs tələbəsi olan Ləman üçün 2022-2023-cü tədris ili uğurlu olub: “2022-2023-cü tədris ilində keçirilən həm payız, həm də yaz sessiyası imtahanlarında yüksək nəticə göstərdiyimə görə əlaçı təqaüdünə layiq görüldüm. Ən yaddaqalanı isə  “Heydər Əliyev adına təqaüd”ə layiq görülməyimdir. “Heydər Əliyev adına təqaüdü” ümumi Azərbaycanda təhsil müəssisələrində təhsil alan 100 tələbəyə şamil olunurdu. Naxçıvan Dövlət Universitetindən isə, sadəcə 3 tələbə bu təqaüdə layiq görül. Mən də universitetdə fəaliyyətimə və yüksək təhsil göstəricilərimə görə bu təqaüdə layiq görülən tələbər sırasına daxil oldum və 16 dekabr 2023-cü ildə Bakıda keçirilən “Azərbaycan Müəllimlərinin XVI qurultayı”nda iştirak etdim. Bu mənim üçün qürurvericidir. Çünki Azərbaycandakı minlərlə tələbə arasından seçilən 100 tələbədən biri olmaq mənim üçün çox böyük uğurdur. Mən də bir Azərbaycan gənci olaraq bu etimadı doğrultmağa və Vətənimə layiqli bir gənc olmağa çalışacağam”.

Naxçıvan Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alan Xəyalə Məmmədova da 2023-cü ildə uğur qazanan gənclərimizdəndir. Belə ki, geridə qoyduğumuz il Naxçıvan Dövlət Universitetində Avropa Hüquqşünas Tələbələr Assosiasiyası Azərbaycan” tərəfindən ilk dəfə Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində “Milli Məhkəmə Müsabiqəsi Naxçıvan” səhnələşdirilmiş məhkəmə müsabiqəsi keçirildi. Həmin məhkəmə müsabiqəsində iştirak edən Xəyalə Məmmədova həmin ilin may ayından etibarən “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası Azərbaycan” nümayəndəliyinin Naxçıvan filialınınELSA (Evropian Law Students Association) Naxçıvanın prezidenti vəzifəsinə təyin olunub: “Təşkilatın yaradılmasında və hazırkı fəaliyyətində əsas məqsəd Avropanın müxtəlif ölkələrindən olan gəncləri eyni təşkilatda birləşdirməklə, onlar arasında mənəvi-əxlaqi inteqrasiyaya, elmi biliklərin paylaşılmasına nail olmaqdan, beynəlxalq konfranslar, təlimlər, simulyasiya məhkəməsinin keçirilməsi yolu ilə Naxçıvan Dövlət Universitetində təhsil alan hüquqşünas tələbələrin nəzəri biliklərinin praktiki tətbiqinə şərait yaratmaqdan ibarətdir. 43 ölkədə mövcud olan, 60 mindən çox üzvü olan, dünyanın ən böyük hüquq tələbələri təşkilatı Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycanda ilk lokal qrupu olduğumuz üçün xoşbəxt olmaqla bərabər, bu məsuliyyətli vəzifəmizi ən yaxşı şəkildə icra etməyə hazır olduğumuzu  düşünürəm”.

Xəyalə Məmmədova fəaliyyətə başladığı andan müxtəlif nailiyyətlər əldə edib. Ən əsası isə ELSA Naxçıvanın ilk layihəsini keçirib: “ELSA Naxçıvanın “İnsan Hüquqları sahəsində təlim proqramı” layihəsini həyata keçirdik. Layihə 2 təlim, panel müzakirə və oyun mərhələsindən ibarət  olaraq təşkil edilmişdi. Birinci təlimin mövzusu təlimçi Atilla Öztürk ilə “Beynəlxalq İnsan Hüquqlarının müdafiəsi mexanizmləri və problemləri”, ikinci təlimin mövzusu isə təlimçisi İsmayıl Qəribli ilə “İnsan Hüquqlarının məhkəmə qaydasında müdafiəsi” idi. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası və ELSA Naxçıvanla əməkdaşlıq memorandumu da imzalanıb. Düşünürəm ki, bu tədbirlər gənclərimizin gələcəkdə cəmiyyətə sağlam gənc kimi formalaşmasında mühüm rol oynayacaq. Həmçinin biz gənclər çalışırıq ki, Azərbaycanda formalaşan gənclər siyasətinə bir töhfəmiz olsun”.

Gənclər siyasətində önəmli məqam idmanın inkişaf etdirilməsi, onun kütləviliyinin artırılmasıdır. Aparılan ardıcıl işlər, gənclərin idmana yönləndirilməsi, idmanın ölkədə kütləviləşməsi Azərbaycanı dünyanın qabaqcıl idman ölkələrindən birinə çevirib. Ələlxüsus, zəka oyunlarında qazanılan uğurlar ölkə gənclərinin gücü ilə yanaşı, bilik səviyyəsinin də nə dərəcədə yüksək olmasının göstəricisidir. Elə naxçıvanlı FIDE ustası Nəsrin Babayeva kimi. 10 ildən artıqdır, şahmatla məşğul olan 19 yaşlı gənc zəka ustası üçün 2023-cü il yadda qalan il olub: “2023-cü il Azərbaycan gəncləri üçün uğurlu bir il oldu deyə bilərəm. Mən də geridə qoyduğumuz ildə müxtəlif yarışlarda iştirak edib, uğurlar qazandım. Azərbaycan Çempionatında, Türkiyə 2-ci Liqində, Elazığ Opendə və Naxçıvanda keçirilən tempo və reytinq yarışlarında iştirak edərək bəzi nailiyyətlər əldə etdim. Elazığda keçirilən turnirdə A kateqoriyasında qadınlar arasında üçüncü yerə layiq görüldüm. Naxçıvanda keçirilən bütün tempo yarışlarında isə həmişə ən yaxşı qadın şahmatçı ünvanını qazanmışam. Naxçıvanda keçirilən universitetlərarası yarışda isə birinci yerə layiq görüldüm. Dekabr ayında keçirilən Naxçıvan Çempionatında isə ümumi sıralamada əmsalla üçüncü yeri tutdum.

Nəsrin Babayeva şahmatla yanaşı, təhsil aldığı Naxçıvan Dövlət Universitetində  də bəzi uğurlar qazanıb: “Dərslərimdə 90-dan yuxarı ortalamam var və həmçinin universitetdaxili yarışlarda da aktiv olmuşam. Naxçıvan Gənclər Fondunun keçirdiyi NHN tipli intellektual oyunda komandamız üçüncü yeri tutub. Ölkəmizin gənclərə verdiyi bu dəyəri görmək hər birimiz üçün çox dəyərlidir. Mən düşünürəm ki, biz gənclər olaraq özümüzə yatırım etməklə yanaşı, ölkəmizin də gələcəyini düşünərək öz şəxsi inkişafımızda ciddi addımlar atmalıyıq.

Gənclik bir millətin yaşaması, bir ölkənin inkişafı üçün təməl daşıdır və hər bir cəmiyyətin perspektivli formalaşması üçün onun sağlam gəncliyinin olması vacibdir. Dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı yüksək potensiallı, savadlı kadrların yetişdirilməsindən və ən əsası onların ölkədə, cəmiyyətdə aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu gün Azərbaycanda gənclər sahəsində görülən iş ölkə gəncliyinin inkişafına hər zaman təkan verib, onların cəmiyyətə inteqrasiyasında mühüm rol oynayıb. İndi gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində prioritet məsələlərin önündə gəlir.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 02.02.2024 14:28