AZ EN RU

Gənclərimiz türk soydaşlarımıza əsl könül həmdəmi oldular

Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən zərərçəkmiş insanlara yardım məqsədilə qardaş ölkəyə yollanan Azərbaycanın könüllü gənclərinin bir qrupu missiyalarını uğurla tamamlayaraq geri dönüb. Təbii fəlakətdən zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatyada zərərçəkənlərə kömək edən könüllülərimizdən 26 nəfəri Naxçıvana qayıdıb. Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə qardaş ölkəyə yollanan könüllülərimiz göstərdikləri xidmətlərin sahəsini genişləndirib, xüsusilə də təbii fəlakətdən zərərçəkən uşaqlara dəstək üçün müxtəlif xidmətlər həyata keçirirlər. Azərbaycan könüllüləri artıq 2 həftəyə yaxındır ki, təbii fəlakət zamanı uşaqların keçirdiyi sarsıntıları, yaşadıqları iztirabları minimuma endirmək üçün hər gün yüzlərlə uşağa qayğı və psixoloji dəstək göstərir, eləcə də uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif oyunlar və digər əyləncəli-maarifləndirici fəaliyyətlər təşkil edirlər. Həmçinin gənclərimiz tərəfindən uşaq və ana mərkəzi kimi fəaliyyət göstərən çadırlar qurulur və bu mərkəzdə uşaqlara kino və cizgi filmlərinin göstərilməsi üçün də şərait yaradılır. Muxtar respublikadan olan könüllülərlə görüşüb onlarla həmsöhbət olduq.

Məhəmməd Huseynli bildirdi ki, onlar Türkiyənin zəlzələdən zərər görən ən böyük şəhərlərindən biri olan Kahramanmaraşda olublar: “Şəhərə daxil olan zaman zəlzələnin yaratdığı fəlakətləri gördük.  Zəlzələ zamanı xəsarət almış şəxsləri qida, tibbi ləvazimat, isti geyim, çadırlarla təmin edib, onların bir çox ehtiyaclarının ödənilməsinə köməklik göstərdik. Balaca uşaqların psixoloji vəziyyətinin yaxşılaşdırılması üçün oyun çadırları qurub onlarla birgə oyunlar oynayırdıq. Həmin vaxt mənim xatirimdə iz buraxan hadisələrdən birini heç unuda bilmirəm. Könüllü yoldaşımızla birlikdə idik. Balaca uşaq mənə yaxınlaşaraq əlini uzatdı. Öncə elə düşündüm ki, o bizimlə salamlaşmaq istəyir. Sən demə, əlinin içərisindəki şirniyyatı mənimlə bölüşmək istəyirmiş... Onu qəbul etdim, amma gözlərim doldu. Çünki bir neçə gün əvvəl dağıntılardan xilas olmuş bir uşağın bunu etməsi çox təsiredici idi. Bölgənin bir neçə yerində uşaqlar üçün hədiyyələr payladıq. Bundan sonra da türkiyəli qardaşlarımızın daim yanında olacağıq, onlara hər zaman yardım etməyə hazırıq”.

Elmar İsgəndərov deyir ki, qardaş ölkədə baş verən zəlzələni səhər saat 7-də radio vasitəsilə eşidib: “İlk işim türk tələbə yoldaşlarımla əlaqə saxlayıb məlumat almaq və kömək üçün onların qruplarında iştirak etmək oldu. Sonra zəlzələ zonasına könüllü gənclərin gedəcəyini öyrəndim və düşünmədən Naxçıvan Muxtar Respublikası Gənclər Fondu ilə əlaqə yaradıb, məni də həmin könüllü gənclər sırasına yazmalarını xahiş etdim. Fevral ayının 11-i səhər saat 5-də yola düşdük və bir gün sonra Türkiyənin Maraş şəhərində idik. Zəlzələnin törətdiyi faciələri isə yolboyu bütün dəhşətləri ilə görə bilirdik. Malatyanın Gölcük məntəqəsində bircə dənə də olsun, salamat bina qalmamışdı. Hətta ən şiddətli müharibələr belə bu qədər qorxunc mənzərələr yarada bilməzdi. Könüllü fəaliyyətimiz humanitar yardımlar olmaqla çadırların qurulması, qida, ərzaq və geyimlərin paylanması, o cümlədən digər köməkləri əhatə edirdi. Həmçinin bir neçə gün əhali üçün isti yeməklərin hazırlandığı mətbəxdə də fəaliyyət göstərdim. Bundan əlavə, Kahramanmaraşın Erkenezli (İstasyon) kəndində də olaraq həmin yaşayış məntəqəsinin sakinləri üçün aparılan yardımların hazırlanması və paylanmasında iştirak etdim. Kahramanmaraşda olduğumuz günlər ərzində, demək olar ki, hər gün irili-xırdalı yeraltı titrəyişlər olurdu”.

O da heç vaxt unutmayacağı hadisə ilə üzləşib: “Növbədə olduğum günlərdə 50 yaşlarında bir xanımın çadırlarımızın arxasındakı bina dağıntılarını hər gün ziyarət etməsi diqqətimi çəkmişdi. Bir gün həmin xanıma yaxınlaşıb salam verdim. Bir şey deməyimi gözləmədən, mənə iki oğlunun olduğunu və hər ikisinin də həmin dağıntı altında qaldığını dedi. Bunu deyərkən gözləri doldu. Deyəcək söz tapmadım. Bu hadisə orada ilk deyildi. Kahramanmaraşlı olan insanların bir çoxu ilə söhbət etmişdik və əksəriyyəti zəlzələdə hansısa yaxınını itirmişdi. Fevral ayının 25-i isə komandamızın bir qrup üzvü ilə birlikdə işlərimizi yekunlaşdırıb Vətənə qayıtdıq. Bir tərəfdən göstərdiyimiz köməyə görə nə qədər qürurlu olsaq da, digər tərəfdən zəlzələ zonasında çəkilən üzüntüləri unutmaq mümkün deyil”.

Ölkə Prezidentinin xalqa müraciətindən sonra qardaş ölkəyə yollandıqlarını deyən İslam Əlisoy da Kahramanmaraş şəhərində olub: “Zəlzələ zonasında Azərbaycan könüllülərinin nəyə qadir olduğunu fəalliyyətimizlə sübut etdik. Ora çatdığımız ilk gün apardığımız çadırları qurduq. Fəaliyyətimiz ondan ibarət idi ki, qardaş ölkə üçün göndərilən yardımların boşaldılması, çeşidlənməsi və zərərçəkmiş əhaliyə paylanılmasına köməklik edirdik. Əlavə olaraq TÜGVA (Türkiyə Gənclik Vəqfi) könüllüləri ilə birlikdə ucqar kəndlərdə yaşayan əhaliyə qida məhsullarının çatdırılmasında iştirak edirdik. Kahramanmaraşdan əlavə digər şəhərlərə gedərək çadır qurulmasında köməklik göstərirdik. Bundan əlavə, hər gün axşam saatlarında özümüzlə birlikdə müxtəlif oyuncaqlar, meyvə suları və sair götürərək məsciddə qalan uşaqları görməyə gedirdik. O uşaqların Azərbaycan könüllülərini görəndə üzlərindəki o təbəssüm bizə yorğunluğumuzu unutdururdu. Orada Azərbaycanın hər bölgəsindən gəlmiş gənc könüllüləri görmək bizi daha da ruhlandırırdı. Buradakı fəaliyyət könüllü kimi mənim üçün çox qürurverici oldu”.

Əli Babayev də Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələdən zərərçəkən türk qardaşlarımıza yardım etmək üçün səfərbər olan könüllü gənclərdəndir. 21 yaşlı bu gənc 15 gün ərzində Kahramanmaraş şəhərində səyyar yardımlar göstərərkən şahid olduğu hadisələrdən, yardım fəaliyyətindən bəhs edir: “Qardaş ölkəmizdə baş verən bu təbii fəlakət hər birimizin kədərinə səbəb oldu. Cənab Prezidentimizin çağırışından dərhal sonra Naxçıvan Muxtar Respublikası Gənclər Fonduna müraciət etməyi qərara aldım. Mən və yoldaşlarımın bir qismi Kahramanmaraş şəhərində fəaliyyət göstərirdik. Burada zərərçəkən əhaliyə geyimlərin, qidaların paylanması, çadırların qurulması kimi işlərdə səylə çalışdıq. İnsanların evləri dağılsa da, soyuqda qalsalar da, baş verən belə fəlakət qarşısında necə mərdanə durduqlarını gördüm”.

          Könüllü gəncimiz deyir ki, orada gördükləri yaddaşına həmişəlik həkk olunub, uzun müddət unutmayacaq: “İnsanların vaxtilə yaşadığı binanın altında öz əzizlərini çarəsiz halda gözləməsini görmək çox dəhşətli idi. 15 gün ərzində çox hadisəyə şahid oldum. Heç birini unuda bilmərəm, əlbəttə, ancaq dağıntıların altından sağ çıxmış bir qadınla həmsöhbət oldum. Zəlzələnin şiddətini bizə təsvir etməyə çalışarkən deyirdi ki, sanki bir qüvvə insanı sağa-sola çırpırdı. Zəlzələ zamanı övladını götürüb evin balkonundan çölə atmağı bacarmışdı. Dağıntı altından çıxarılmış yaşlı bir dayıya yaxınlaşanda məni qucaqlayıb hönkürərək ağlamağa başladı. Bu hadisələri heç vaxt unutmayacağam. Orada gördüklərimiz çox ağır olsa da, qürurluyuq ki, qardaşlarımıza az da olsa, kömək göstərə bildik”.

          Rezident həkim Sona Əlizadə zəlzələ sonrası yardım üçün ora gedən könüllü gənclərdən biridir: “Zərərçəkən türk vətəndaşlarının sağlamlığının qeydinə qalmaq məqsədilə biz həkimlər də qardaş ölkəyə getmişdik. 15 gün ərzində Kahramanmaraş şəhərində çalışdıq. Bütün tibb işçiləri lazımi tibbi avadanlıqlarla təchiz olunmuşduq. Xəstələrə səyyar formada xidmət göstərirdik. İnsanlar o qədər ağır vəziyyətdə olmalarına baxmayaraq, bizə – azərbaycanlı könüllülərə və həkimlərə böyük rəğbət bəsləyirdilər. Orada qaldığımız günlər ərzində insan övladının çəkdiyi böyük əziyyətlərin şahidi olduq. Bu, əsrin fəlakəti idi. Fikrimcə, həm də hər birimizə böyük bir dərs idi. Bu, sevdiklərimizin, həyatımızın və sahib olduqlarımızın dəyərini dərk etməli olduğumuzu xatırlatdı. Kahramanmaraşda çox insanla ünsiyyətdə olduq, söhbətlər etdik. Hamısının ayrı-ayrılıqda ürək dağlayan hadisədən danışırdı. Orada yaşanan bir hadisəni isə ömürboyu unuda bilmərəm. Bir dəfə dedilər ki, çadırlardan birində bir xanım var, bir neçə gün öncə dağıntılar altından çıxarılıb. Ancaq övladını xilas edə bilməyiblər və dünyasını dəyişib. Üstündə qat-qat yorğanlar, ətrafında soba olsa da, qızdırma içərisindədir, temperaturu düşmür. Xanımın temperaturunu ölçəndə gördüm ki, temperatur normaldır, hər şey qaydasındadır. Buna baxmayaraq, o, dəhşətli dərəcədə titrəyirdi. Ağlayaraq sayıqlayırdı ki, övladım qarın altındadır, donur. Mən ilk dəfə idi, qəlbinə övlad dağı çəkilən bir ana ilə rastlaşırdım. Övladının soyuq qış gecəsində, dağıntılar altında həlak olması onun psixologiyasını dərindən sarsıtmışdı. Ananın ürək yanğısına, hıçqırtılarına dözmək mümkün deyildi. Ona xidmət göstərərkən biz də göz yaşlarımızı saxlaya bilmirdik. Güman ki, ömrümüzün sonunacan o günləri də unutmayacağıq. Arzumuz odur ki, Allah bir daha heç kimə bu cür acılar, fəlakətlər yaşatmasın”.

          Gənc müsahiblərimizin söhbətlərindən də məlum oldu ki, əsrlərdir, xalqımızın geninə hopmuş, milli-mənəvi dəyərlərində öz əksini tapmış humanist ideyalar qardaş ölkənin düşdüyü bu ağır və çətin vəziyyətdə də özünü göstərdi, necə deyərlər, Vətənimizin qədir-qiymət bilən insanları əllərindən gələni əsirgəmədən hər bir köməyi edərək Türkiyə-Azərbaycan dostluğunu bir daha dünyaya nümayiş etdirdi. Arzu edirik ki, min illərin sınağından çıxmış bu həmrəylik hər bir çətinliyə qalib gəlsin, bir-birindən güc alan hər iki qardaş ölkənin ay-ulduzlu bayraqları daim azad Vətən səmalarında dalğalansın. 

 Bülbül QULİYEVA

Aysel YUSİFZADƏ

Nəşr edilib : 02.03.2023 19:00