AZ EN RU

Gənclərə hərbi-vətənpərvərlik tərbiyəsinin aşılanması hər zaman aktualdır

    Bəşəriyyət tarixində hər bir xalq özünəməxsus şəkildə ölkəsinin sosial-iqtisadi və siyasi inkişaf şəraitindən asılı olaraq yetişməkdə olan gənc nəslin hərbi biliklərə yiyələnməsinə xüsusi əhəmiyyət vermişdir. Hər şeydən əvvəl, bu cür tərbiyə üsulunun tarixi çox qədim olmaqla yanaşı, həm də xarici işğalçılara qarşı milli azadlıq müharibələrində təşəkkül tapmışdır.

    Hərbi-vətənpərvərlik tərbiyəsi Vətənə məhəbbət, öz xalqına hörmət, Vətənin düşmənlərinə nifrət, doğma yurdun çiçəklənməsi uğrunda fəal mübarizə bütün ictimai formasiyalarda dövrün zəka sahiblərinin həmişə diqqət mərkəzində olmuşdur. Hərbi-vətənpərvərlik tərbiyəsi hər bir ölkə vətəndaşının Vətəninin müdafiəsinə şəxsi hazırlığı ilə müəyyən edilir. Bunun üçün həmişə hərbi işə, düşmənə qarşı silahlı mübarizəyə yiyələnmək əsas vəzifə hesab olunur.

    Hərbi-vətənpərvərlik hissi min illər möhkəmləndirilmiş ülvi hissdir. Bu ülvi hiss insanın öz doğma Vətəninə hədsiz məhəbbət bəsləməsində, onun müvəffəqiyyətlərini gördükdə ürəkdən sevinməsində, düşmənlərinə dərin nifrət bəsləməsində, hər qarış torpağın göz bəbəyi kimi qorunmasında, döyüş bacarığına və vərdişlərinə yiyələnməsində ifadə olunur. Hərbi-vətənpərvərlik hissi doğma yerlərə və adamlara bağlılıqdan, onları xarici və daxili düşmənlərdən qorumaqdan başlayaraq bütün qüvvə və qabiliyyətini Vətənin, xalqın mənafeyi uğrunda mübarizəyə həsr etməyə qədər inkişaf edib yüksəlir.
    Ümummilli Liderimiz Heydər Əliyevin söylədiyi kimi “...bizim, sizin, hamımızın vəzifəsi müstəqil Azərbaycanın sağlam gəncliyini tərbiyə etmək, bilikli etmək, müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaq, Azərbaycanda müstəqil, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb etməkdir…” Yaşadığımız dövr gənc nəsli kiçik yaşlarından hərbi ruhda böyütməyi tələb edir. Gənc nəsli psixoloji və mənəvi baxımdan hərbi həyata hazırlamaq vacibdir. Gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığının səmərəliliyi nəzarətdə olmağı tələb edir.

    Gənclik hər bir millətin inkişafının təməl daşıdır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onların cəmiyyətdə təsdiq olunmaları üçün şərait yaradır.
    Vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətən naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi, tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir və inkişaf edir. 
    Məktəbli uşaq və yeniyetmələrin bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin, ümumilikdə, mühitin rolu böyükdür. Hərbi-vətənpərvərlik tərbiyəsini şagirdlərə, sadəcə, quru sözlərlə, nəsihətlərlə məhdudlaşdırmaq olmaz. Çünki Vətən sevgisi gənc vətəndaşlarımızın məqsədyönlü davranışının və fəaliyyətinin motivi və ideyasıdır. Bu baxımdan orta məktəblərdə tədris olunan gənclərin çağırışaqədərki hazırlığı fənninin böyük əhəmiyyəti vardır. Bu fənnin tədrisinin əsas məqsədi, birinci növbədə, gəncləri ölkənin müdafiəsinə psixoloji cəhətdən hazırlamaqdır. Bu isə gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rol oynayır. Orduya çağırılan gənclərin ali məktəbdə oxuduğu dövrdə müəyyən hərbi biliklərə yiyələnməsi sonrakı dövrdə onların peşəkar hərbçi kimi yetişməsində də vacib rol oynayır.
    Danılmaz bir faktdır ki, insanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Azərbaycan şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir. Azərbaycan xalqı qəhrəman xalqdır, bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Yuxarıda qeyd etdiyimiz kimi, gənclərin çağırışaqədərki hazırlıq dərslərinin ehtiyatda olan zabitlər tərəfindən keçilməsi bu işdə əhəmiyyətli rol oynayır. Belə mütəxəssislər şagirdlərə hərbi-vətənpərvərlik hisslərini daha keyfiyyətli şəkildə aşılaya bilirlər.
    Şagirdlərin hərbi-vətənpərvərlik hisslərinin artırılmasında hərbçilərlə canlı ünsiyyət də mühüm rol oynayır. Hərbi dərslər zamanı şagirdlərin hərbi hissələrə aparılması da yeniyetmələrin formalaşmasında, onların Vətənə bağlılığının artırılmasında və Vətənin, torpağın müdafiəsində durmaq kimi hisslərinin inkişaf etdirilməsində böyük əhəmiyyətə malikdir. Ali Baş Komandanın xüsusi diqqət və qayğısı ilə əhatə olunan məktəblərin qarşısında gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində məsul və təxirəsalınmaz vəzifələr qoyması təsadüfi deyil. 
    Bu vəzifələrin yerinə yetirilməsi ilə son dövrlərdə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi xeyli yüksəlib. Hərbi-vətənpərvərlik tərbiyəsinin faktlar və zəngin əyani vasitələr əsasında aparılması tərbiyə işinin bu mühüm sahəsi üzrə maraqlı forma və üsulları da meydana çıxarıb, məktəblərlə hərbi hissələr arasında əlaqələrin yaradılması daha da gücləndirilib. Bu sahədə məktəblərdə toplanılmış qabaqcıl təcrübə hərbi-vətənpərvəlik tərbiyəsini daha məzmunlu və məqsədəuyğun şəkildə aparmağa imkan verir.
    Bu gün gənclərin çağrışaqədərki hazırlığı dərslərinə cəlb edilən hər bir şagird yaxşı bilir ki, ordumuz varlığımız deməkdir, bu sarsılmaz qüvvə, sözün əsl mənasında, xalqın gücüdür, gənclərin yüzlərlə igid və mərd nümayəndələrini öz sıralarında birləşdirən dəmir yumruqdur. Ona görə də xalqımız öz ordusu ilə fəxr edir, onu yüksək məhəbbət hissi ilə sevir. Vətən müharibəsində ordumuzun qazandığı Böyük Qələbədə başlıca səbəblərdən biri məhz onun sıralarında belə qəhrəman və vətənpərvər övladların olması idi. Bu gün qürur hissi duyuruq ki, azadlıq mücadiləsində naxçıvanlı gənclər də böyük qəhrəmanlıq göstərib. Onların yüzdən çoxu şəhidlik zirvəsinə ucaldı, bir qismi isə qazi ömrü yaşayır. Belə igidlərimizin keçdiyi şərəfli ömür və döyüş yolları bugünkü tələbələr üçün bir örnək, onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsində bir nümunədir.

Cavanşir ZEYNALLI
Nazim HƏSƏNOV 
Naxçıvan Dövlət Universitetinin müəllimləri   

Nəşr edilib : 02.11.2023 19:51