AZ EN RU

Gənclər Zəfər əzmi ilə yarışıblar

    İlham Əliyev adına Olimpiya İdman Kompleksində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş kadetlər və yeniyetmələr arasında kikboksinq üzrə muxtar respublika birinciliyi keçirilib. 2008-2009 və 2010-2012-ci il təvəllüdlüləri əhatə edən birincilikdə 15 çəki dərəcəsi üzrə 78 idmançı mübarizə aparıb.
    Yarışa start verilməzdən öncə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən nazir müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov, Milli Məclisin deputatı Cəbi Quliyev və Naxçıvan Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev yarışın məqsəd və əhəmiyyəti barədə danışıb, iştirakçılara uğurlar arzulayıblar. Rəsmilər Milli Məclisin sədr müavini, eyni zamanda Milli Məclisin Gənclər və idman komitəsinin sədri Adil Əliyev tərəfindən Naxçıvan kikboksçuları üçün göndərilmiş hədiyyələri təqdim ediblər.
    Sonra birincilikdə mübarizəyə start verilib. Nəticələrə əsasən 2008-2009-cu il təvəllüdlülər arasında Əbülfəz Zeynallı (75 kiloqram), Uğur Əliyev (67 kiloqram), Kazım Hacıyev (62 kiloqram), Polad İsmayılov (57 kiloqram), Oğuz Məmmədli (52 kiloqram), Tunar Nəsirli (48 kiloqram), Tayfur Əliyev (45 kiloqram), 2010-2012-ci il təvəllüdlülər arasında isə Elxan Oruczadə (62 kiloqram), Turqut Abdullayev (57 kiloqram), Amir Nəcəfov (52 kiloqram), Nurəli Əsgərov (47 kiloqram), Əli Nəsrullayev (42 kiloqram), Uğur Məmmədli (38 kiloqram) və Rəvan Əsgərov (34 kiloqram) yarışın qalibi olublar. İlk üç yerin sahibləri diplom və medallarla mükafatlandırılıb.   

***

    “Heydər Əliyev İli” çərçivəsində yeniyetmə oğlanlar və qızlar arasında Zəfər Gününə həsr olunmuş voleybol üzrə muxtar respublika birinciliklərində bu gün final görüşləri keçirilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan tədbirdə tamaşaçılar qızlarda “Sədərək”-“Ordubad” (2:0), oğlanlarda isə “Şərur”-“Culfa” (2:0) finalını izləyiblər. Sonra ilk üç yerin sahibləri və fərqlənən voleybolçular diplom, fəxri fərman, medal və hədiyyələrlə mükafatlandırılıblar. 
    Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov, Naxçıvan Voleybol Federasiyasının (NVF) prezidenti Vüqar Əliyev təqdim ediblər.
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və NVF-nın birgə təşkilatçılığı ilə oktyabrın 30-da start götürən yarışlara, ümumilikdə, 16 komanda qatılıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
 mətbuat xidməti

Nəşr edilib : 06.11.2023 18:09