AZ EN RU

Gənclər və idman siyasəti yaddaqalan uğurlara imza atmaqla bəhrəsini verməkdədir

    İyul ayı ərzində bədən tərbiyəsi və idmanın inkişafı, könüllülərlə işin təşkili, gənc nəslin sağlam və vətənpərvər ruhda formalaşdırılması, onların cəmiyyətdəki aktivliyini artırmaq məqsədilə bir sıra tədbirlər həyata keçirilib, istedadlı gənclərin əməyi yüksək qiymətləndirilib.
    Bəhs olunan dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müvafiq Sərəncamına əsasən Röya Abdullayevanın (kikboksinq idmanı üzrə) və Kamal Qafarovun (STEAM təhsili üzrə) adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılaraq onlar Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər. Nazirliyin əməkdaşı Valeh Mahmudov “Türkiyə-Azərbaycan mütəxəssis mübadiləsi proqramı” çərçivəsində Azərbaycan nümayəndə heyətinin tərkibində qardaş ölkənin İstanbul, Konya və Ankara şəhərlərində olub, gənclər sahəsi ilə bağlı yeni bilik və təcrübələrə yiyələnib. Ənənəvi “Yay məktəbləri” davam etdirilməklə gənclər üçün Ağbulaq İstirahət Mərkəzində ikimərhələli düşərgə, Kəngərli rayonunun gəncləri üçün “Gələcək üçün maliyyə” mövzusunda təlim və sağlamlıq imkanları məhdud uşaqlar arasında “Vətəni tanı” intellektual oyunu təşkil olunub. Naxçıvan şəhərində yaşayan bir qrup gənc ­Heydər Əliyev Muzeyinə,  Kəngərli, Babək və Sədərək gəncləri isə “Naxçıvanı tanıyaq!” devizi ilə Şahbuz rayonunda yerləşən muzey və turizm obyektlərinə ekskursiya ediblər. Şəhər və rayonlarda şəhid ailələrinin ziyarət olunması ənənəsi davam etdirilib, may ayında start götürmüş “Əsgərin kitab rəfi” aksiyası çərçivəsində elmi, bədii, publisistik və digər janrlarda olan 500-ə yaxın kitab Əlahiddə Ümumqoşun Orduya təhvil verilib. 
    Hesabat ayı muxtar respublikanın idman həyatı üçün qazanılan fərdi nəticələr, ölkədaxili əməkdaşlıq əlaqələrinin inkişafı və kadr ehtiyatının zənginləşdirilməsi istiqamətində görülən işlərlə yadda qalıb. Bəhs olunan dövrdə fiziki tərbiyə müəllimlərinin qatıldığı beynəlxalq səviyyəli “Level 1” məşqçilik kursları yekunlaşıb, iştirakçılar sertifikatla təmin olunublar. Naxçıvan Güləş Federasiyasının cüdo bölmələrində əməkdar məşqçi Azər Bağırov, cüdo üzrə dünya və Avropa çempionu Elçin Mayılov və usta cüdoçuların dünya və Avropa çempionu Azər Fətullayevin iştirakı ilə seminarlar keçirilib, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev İlham Əliyev adına Olimpiya İdman Kompleksində cüdoçularımızla görüşüb və onların məşq prosesini izləyib. Boks üzrə milli komandamızın böyük məşqçisi Nəriman Abdullayevin rəhbərliyi ilə ölkəmizin titullu dəri əlcək sahibləri Ruslan Rüstəmov, Məhəmməd Abdullayev, Türkeş Mustafayev, Tayfur Əliyevin iştirakı ilə boksçulara, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Hakimlər Komitəsinin nümayəndəsi, FİFA referisi Anar Salmanov və milli dərəcəli hakim Ceyhun Haşimov tərəfindən futbol hakimlərinə, Azərbaycan Gimnastika Federasiyasının məşqçisi Züleyxa İsmayılova və xoreoqraf Sənan Mahmudlu tərəfindən “Xatun” Bədii Gimnastika İdman Klubu və bölmələrdə fəaliyyət göstərən idmançılara, cüdo üzrə idman ustası Vüqar Əliyev tərəfindən isə Şərur Rayon Uşaq-Gənclər İdman Məktəbində cüdo bölməsinin idmançılarına seminar keçirilib. Şahmat üzrə beynəlxalq usta norma turniri,  FIDE hakimi Hüseyn Tağıyevin xatirəsinə həsr olunmuş 12 yaşadək uşaqlar arasında şahmat, Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş 2011-ci il təvəllüdlülər arasında futzal üzrə muxtar respublika çempionatları, Şərur rayonunda tir atıcılığı və ağırlıqqaldırma üzrə muxtar respublika açıq turnirləri, eləcə də Vətən müharibəsi şəhidi Toğrul Məmmədovun xatirəsinə həsr olunmuş cüdo üzrə Naxçıvan şəhər birinciliyi reallaşıb. Şahmat, cüdo və voleybol üzrə yoldaşlıq görüşləri keçirilib.
    Ötən ay idmançılarımız ölkə və beynəlxalq arenalarda uğurla çıxış edərək, ümumilikdə, 19 medal əldə ediblər. Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi üzrə Avropa çempionatında ölkəmizi təmsil edən Naxçıvan Güləş Federasiyasının yetirmələri 1 qızıl,  1 gümüş, Türkiyənin Malatya və Van şəhərlərində keçirilən beynəlxalq şahmat turnirlərdə Naxçıvan təmsilçiləri müxtəlif kateqoriylar üzrə 7 birincilik, 4 ikincilik və 2 üçüncülük əldə ediblər. İsveçrənin Nyuşatl şəhərində keçirilən “Gimnastika hamı üçün” növü üzrə  13-cü “EVROGYM” və 3-cü “Evropean gym for life challange”də Naxçıvan bədii gimnastika bölməsinin baş məşqçisi Humay Qafarova Azərbaycanı təmsil edən “Moonlight” yığma komandasının tərkibində II yerə layiq görülüb. Sabirabad Olimpiya İdman Kompleksində keçirilən şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə klublararası açıq turnirdə bir idmançımız (qızıl), Göygöl Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə “Yaponiya Səfirinin Kuboku” açıq birinciliyində isə iki yeniyetmə idmançımız bir gümüş, bir bürünc medal omaqla mükafatçılar sırasına düşüb. 

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti
 

Nəşr edilib : 09.08.2022 18:43