AZ EN RU

Gənclər və idman nazirliyinin yeni saytl fəaliyyətə başlayıb

    Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yenilənmiş internet saytının təqdimatı olub. Bu münasibətlə keçirilən tədbirdə gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov çıxış edərək bildirib ki, Gənclər və İdman Nazirliyi informasiya yayımını həyata keçirərkən ənənəvi və onlayn media ilə əməkdaşlığı qoruyur, bununla bərabər müasir metodlarla ictimaiyyətin məlumatlanmasını təmin etməyə çalışır. Sosial şəbəkə hesablarından fərqli olaraq veb-saytın sistematik informasiya tutumuna malik olması və bir çox üstünlükləri onun mövcudluğunu daha çox zəruri edir. Yeni sayt həm nazirliyin əsas rəsmi məlumat resursu, həm də gənclər və idman sahəsindəki yenilikləri əks etdirən portal rolunu oynayacaq.
    Daha sonra nazirliyin əməkdaşı Emil Səmədov yenilənmiş “nmys.gov.az” internet saytını təqdim edib. Nazirlik əməkdaşı bildirib ki, sayt həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb, elektron xidmətlərin həcmi genişləndirilib. Müxtəlif proqramlarla təkmilləşdirilən saytın yeni versiyasında “Əsas səhifə”, “Nazirlik”, “Qanunvericilik”, “Mətbuat xidməti”, “Gənclik”, “İdman”, “Federasiyalar”, “Qalereya” və “Əlaqə” bölmələri yaradılıb. Yeni yaradılan saytın bölmələrində nazirlik haqqında, eyni zamanda muxtar respublikada fəaliyyət göstərən federasiyalar, idman bölmələri, həmçinin idmançılar haqqında zəruri məlumatlar, nazirliyin aylıq hesabatları yerləşdirilib.
    “Faydalı linklər” bölməsində bir sıra internet saytlarına keçidlər qeyd edilib, saytın “Naxçıvan Muxtar Respublikasının idman infrastrukturu” adlı bölməsində isə muxtar respublikamızda olan idman obyektlərini əks etdirən fotoşəkillər və məlumatlar yerləşdirilib.
    Saytda, həmçinin “Naxçıvanda keçirilən ölkə və beynəlxalq miqyaslı tədbirlər”, “Aktual videolar” və “Gəncliyimizlə fəxr edirik” kimi bölmələr də yaradılıb.
    Diqqətə çatdıraq ki, saytın AzStateNet şəbəkəsində yaradılması kibertəhlükəsizlik baxımından zəmanət verir. Qeyd edək ki, nazirliyin rəsmi internet saytı Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları tərəfindən müasir proqramlaşdırma dillərindən istifadə edilərək hazırlanıb. Yenilənmiş internet səhifəsinin SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması, optimizasiyası (SEO-Search Engine Optimization) axtarış sistemlərinə uyğunlaşdırılması, “Google” axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün nazirliyin mühəndisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib. Həmçinin saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə “GOV.AZ” domeninə bağlı e-poçt adresi ilə təmin ediləcəkdir. Dizayn, quruluş və məzmun baxımından zəruri tələblərə cavab verən yeni internet səhifəsi dövlət orqanının fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin, bu sahədə olan yeniliklərin, həyata keçirilən tədbirlərin daha dolğun və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcəkdir.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 28.07.2023 16:25